AMİP sədri Yusif Bağırzadənin istefası xəbəri partiyanı bir-birinə vurub. Hazırda AMİP rəhbərliyi vəziyyətdən çıxmaq üçün yollar arayır. Bunu Teleqraf.com-a AMİP-dəki mənbə bildirib.
Onun sözlərinə görə, istefa xəbərindən dərhal sonra telefon vasitəsilə ilkin müzakirələr keçirilib və bu gün saat 13.00-a Siyasi Şuranın fövqəladə iclası çağırılıb. Qərara alınıb ki, Siyasi Şuranın iclasında sədrin istefası məsələsi gündəliyə çıxarılaraq müzakirə olunsun və buna uyğun qərar verilsin. Həmçinin Siyasi Şuranı çağırmaqda məqsəd yaranan durumla bağlı mətbuata informasiyanın bir mərkəzdən və koordinasiyalı formada ötürülməsidir.
Mənbə qeyd edib ki, Bağırzadənin istefası AMİP rəhbərliyi üçün gözlənilməz olub. Məhz bu səbəbdən də, çalışacaqlar ki, Bağırzadənin istefasının səbəblərini dəqiqləşdirsinlər, lazım gəlsə, onunla görüşsünlər, evinə adam göndərsinlər.
Xatırladaq ki, Yusif Bağırzadə 2010-cu il parlament seçkilərindən bir müddət əvvəl AMİP sədrliyinə gətirilib. 2010-cu ildə keçirilən parlament seçkilərində namizədliyini irəli sürən Y. Bağırzadə deputat ola bilməyib. Daha sonra 5 il müddətinə AMİP-ə rəhbərlik edib.
Nemət