2 İyun 2014 12:08
1 101
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Müsavat Partiyası və “El” Hərəkatı arasında əməkdaşlıq haqqında sazişin hazırlanması hələ yekunlaşmayıb”.

Bu barədə Teleqraf.com-a açıqlamasında Müsavat Partiyası başqanının müavini Gülağa Aslanlı deyib. Onun sözlərinə görə, “El”-lə ilkin razılaşma var və hazırda sənəd üzərində iş gedir.

Müsavat funksioneri qeyd etdi ki, layihə tamamlanandan sonra tərəflər arasında saziş imzalanacaq.
Qeyd edək ki, sazişin aprel ayında imzalanması nəzərdə tutulsa da, hələ də layihə başa çatmayıb və qeyri-müəyyən vaxtadək təxirə salınıb.

Xatırladaq ki, Milli Şuranı tərk edən Müsavat Partiyası keçən il dekabrın 19-da “El” Hərəkatına əməkdaşlıq sazişi imzalamağı təklif edib. O dövrdə Milli Şurada təmsil olunan “El” Hərəkatı Müsavat Partiyasına cavab verməyi təxirə salıb. “El” Hərəkatının sədri Eldar Namazov Milli Şuranı tərk edəndən sonra iki qurum arasında əməkdaşlıq sazişinin imzalanması məsələsi yenidən müzakirə olunub.

Müsavat AXCP və KXCP-yə də əməkdaşlıq haqqında saziş təklifi etsə də hər iki partiya bundan imtina edərək əməkdaşlığın Milli Şura daxilində mümkünlüyünü bəyan ediblər.

AXCP ilə Müsavatın bir araya gəldiyi İctimai Palatanın fəaliyyətinə də xitam verildiyi üçün hazırda sözügedən partiyalar heç bir tavan altında birləşməyib.

Nərgiz


Müəllif: