Bir neçə gün öncə Rusiyaya aid hərbi döyüş təyyarəsinin Suriya ərazisindən keçərək Türkiyənin hava sərhədlərini pozması iki ölkə arasında diplomatik narazılığa səbəb olub. Məsələ ilə bağlı Rusiyanın Türkiyədəki səfiri Andrey Karlov Türkiyə XİN-ə çağrılaraq xəbərdarlıq edilib. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan isə bu hadisəni şərh edərkən deyib ki, Rusiya dostunu itirsə, çox şey itirəcək.
Türkiyənin baş naziri Əhməd Davudoğlu isə Rusiyadan ölkənin hava məkanını pozmağı qadağan edən prinsipə hörmət etməyi tələb edib. Onun sözlərinə görə, Rusiya və Türkiyə arasında əlaqələr Suriya böhranına görə zərər görməməlidir: “Ankara Rusiya ilə əlaqələri korlamaq istəmir. Lakin bununla yanaşı, Rusiya Türkiyənin Suriyada maraqlarını nəzərə almalıdır”.
Məsələyə münasibət bildirən politoloq Arzu Nağıyev deyib ki, Suriyada müharibə gedir və buna görə də xaos, özbaşınalıq, terror hadisələri hesabına dağıntılar baş verir. Onun sözlərinə görə, qaçqınlar ordusu artıq milyonlarla hesablanır: “Məsələnin rəsmi tərəfinə gəlincə, Əsəd rejimi Rusiyanın yaratdığı koalisiyayaya arxalanaraq müəyyən bəyanatlarla çıxış edir. Əgər Rusiyanın məqsədi Bəşər Əsəd rejimini qorumaqdırsa, NATO-nun məqsədi onu məhv etməkdir. Buna görə də NATO qüvvələri Azad Suriya Ordusu kimi tanınan ”Cəbhə Əl-Nusra"ya silah və sursatla kömək edir. İŞİD qüvvələrinin müxalifətlə birgə fəaliyyəti də nəzərə çarpırdı. Rusiya isə bundan istifadə edərək onların hər ikisinin mövqelərini bombalayır. Artıq 7 Qərb dövləti Rusiyanı bu missiyasından əl çəkməyə çağırıb. Rusiya buna getməyəcək və təbii ki, iqtisadi və siyasi sanksiyalara məruz qalsa da, Suriyada nəzarəti ələ keçirməyə çalışacaq. Rusiyanın daxil olduğu koalisiya İran, İraq, Suriya və Hizbullah qruplaşmasından ibarətdir. Təbii ki, bu da İsraili, Türkiyəni, Səudiyyə Ərəbistanını və digər dövlətləri narahat edir".
Politoloqun sözlərinə görə, Türkiyə və Rusiya rəsmilərinin izahatlarından başa düşmək olar ki, bir-birlərinə qarşı ciddi ittihamları yoxdur: “Rusiya tərəfi öz hərbi təyyarəsinin sərhədi pozmasını Suriyadan qayıdan vaxt dumanlı hava şəraitində marşrutdan çıxması ilə izah edir. Məlumdur ki, müasir naviqasiya sistemli təyyarələrdə bu bəhanə ola bilməz. Məhz buna görə də Türkiyə izahat istəyir və bunu ala bilmir. Düşünürəm ki, Rusiya aviasiyası bunu kəşfiyyat məqsədi ilə edir. Suriya ilə sərhəddən Bəşər Əsəd rejiminə qarşı necə istifadə edildiyini və NATO-nun üzvü olan Türkiyənin reaksiyasını öyrənir. Bundan başqa Rusiyanın daxil olduğu koalisiya və ümumiyyətlə, Suriyada apardığı hərbi əməliyyatlar Türkiyəni narahat edir. Baxmayaraq ki, reallıqda hər iki dövlətin nümayəndəsi dostluqdan danışır, amma gedişatdan hiss edilir ki, məram və məqsədlər müxtəlifdir”.
A.Nağıyev vurğulayıb ki, bu gün Türkiyəyə qarşı atılan hər bir addım və onun cavabsız qalması noyabr ayında keçiriləcək seçkilərə təsir edəcək amillərdəndir: “Bu baxımdan Türkiyə prezidentinin reaksiyası başadüşüləndir. Bundan başqa Türkiyə NATO- nun üzvüdür və onun hava hüdudları pozulur. Təbii ki, daxil olduğu blokda və beynəlxalq səviyyədə nüfuzunu itirməmək üçün Ərdoğan belə sərt bəyanat verməlidir”.
“Oğuz” Müstəqil Araşdırmaçılar qrupunun rəhbəri, analitik Vüqar Zifəroğlu deyib ki, Rusiyanın Suriya müdaxiləsi ilə orada baş verən münaqişənin miqyası daha da genişlənməkdədir: “Hazırda istər region, istərsə də bölgə dövlətləri çox aktiv şəkildə münaqişə vəziyyətinə cəlb olunmaqdadır. Bu da son dərəcə təhlükəli proseslərin gedəcəyindən xəbər verir”.
V.Zifəroğlu Türkiyənin hava sərhədlərinin Rusiya təyyarələri tərəfindən pozulması məsələsinə toxunaraq deyib ki, burada əsas məqam Rusiyanın Suriya siyasətində sərgilədiyi mövqedir: “İndiyədək diplomatik dəstəklə Əsəd rejiminin faktiki olaraq lobbisi ilə məşğul olan rəsmi Moskva, Vyana razılaşmasından sonra istər dünya gücləri, istərsə də bölgədə İranın öz mövqelərini gücləndirməsi ilə daha aktiv fəaliyyət fazasına keçərək eyni zamanda hərbi dəstəyini də ortaya qoymuş oldu. Bu isə qardaş Türkiyəni heç bir halda razı sala bilməz, çünki proseslərin lap əvvəlindən Ankaranın Suriya məsələsində mövqeyi konkret və bəllidir: Əsəd getməlidir!
İkinci, amil Rusiyanın endirdiyi zərbələrdir. Göründüyü kimi, bəhanə İŞİD olsa da, zərbələr Türkiyə və Qərb yönümlü Azad Suriya Ordusuna, eləcə də türkmən mücahidlərinə endirilir. Bu isə, əslində, Rusiyanın məqsədinin heç də İŞİD-ə qarşı anti-terror əməliyyatına dəstək vermək deyil, anti-Əsəd qüvvələri sıradan çıxartmaq və eyni zamanda İran və “Hizbullah” qrupaşmalarına dəstək verməkdir.
Ərdoğanın mövcud məsələ ilə bağlı çıxışı Türkiyənin Rusiyaya xəbərdarlığıdır. Hər halda Türkiyə hazırki dönəmdə maraqlarından güzəştə getməyəcək. Proseslərin belə getməsi, qardaş ölkənin də daha aktiv şəkildə proseslərə müdaxilə etməsinə səbəb ola bilər ki, bu da Rusiya üçün uğurlu perspektiv vəd etmir".
BƏXTİYAR