9 Oktyabr 2015 12:57
698
12 Punto 14 Punto 16 Punto 18 Punto

““Human Rights Watch”un elə bir hüququ yoxdur ki, məhkəmə, prokuror və ya vəkil rolunu oynasın”. Bunu Trend-ə Yeni Azərbaycan Partiyası İcra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov “Human Rights Watch” təşkilatının Leyla və Arif Yunusun azad edilməsi barədə bəyanatına münasibət bildirərkən deyib.

S.Novruzov qeyd edib ki, bu təşkilat dəfələrlə bu fikri söyləyib və hər dəfə də cavab verilib ki, azadlığa buraxılması tələb edilən insanlar konkret olaraq törətdikləri cinayətlərə görə məsuliyyətə cəlb olunublar: “Uzun müddət onlarla bağlı məhkəmə prosesi aparılıb. Bu şəxslərə qarşı açılmış cinayət işi ilə əlaqədar kifayət qədər faktlar ortaya qoyulub. Onların yoldan çıxardıqları digər insanlar da məsuliyyətə cəlb olunublar. Leyla və Arif Yunusların maliyyə yeyintiləri, qeyri-qanuni sahibkarlıqla məşğul olmaları, vergidən yayınmaları ilə bağlı kifayət qədər faktlar aşkar olunub. Faktlar da göstərdi ki, işləmədikləri halda, Leyla və Arif Yunusların bir QHT vasitəsilə xarici dövlətlərdə mülkləri və banklarda kifayət qədər vəsaitləri var. Bu da ona dəlalət edir ki, “Human Rights Watch” və digər bu kimi təşkilatlar Leyla və Arif Yunuslarla əlbir olaraq, ayrı-ayrı qurumlardan qrantlar alıb və bunu mənimsəyiblər. Eyni zamanda, bunlar 3-cü ölkənin ərazisindən keçməklə, heç bir orqana məlumat vermədən Ermənistan xüsusi xidmət orqanları ilə görüşüb, onlara lazım olan məlumat və materialları ötürməklə də cinayət əməlləri törədiblər”.

S.Novruzov qeyd edib ki, bu təşkilatlar hər dəfə Azərbaycanda mühüm tədbirlər keçiriləndə bu cür məsələləri ortaya atır və bu tədbirin üzərinə kölgə salmaq istəyirlər: “Məgər bunlar bilmirlər ki, Leyla və Arif Yunusların əməllərində kifayət qədər cinayət faktları var? Buna görə də, bu təşkilatlar susmalıdırlar. Əgər bunlar doğrudan da, hüquq müdafiəçiləridirlərsə, dünyada baş verən hadisələrə münasibət bildirsinlər. Azərbaycanda Ermənistan tərəfindən bütün hüquqları pozulmuş bir milyondan artıq qaçqın və məcburi köçkün var. Suriyada, İraqda hər gün insanlar öldürülür. Avropada qaçqınlarla qeyri-insani davranırlar. Ancaq “Human Rights Watch”un heç səsi çıxmır. Məgər bu insanların hüquqları pozulmur? Bütün bunlara göz yumub düşüblər Leyla və Arif Yunusun dalınca”.

S.Novruzov onu da əlavə edib ki, bütün bu sadalananlar göstərir ki, “Human Rights Watch”un əslində məqsədi insan hüquqlarını qorumaq deyil: “Leyla və Arif Yunuslar və “Human Rights Watch” bir yerdə pul da bölüblər, korrupsiya ilə də məşğul olublar, kəşfiyyat işləri ilə də məşğul olublar, erməni lobbisinin pulunu bir yerdə xərcləyiblər. Görəndə ki, cinayət əməllərinin üstü açılır, belə bəyanatlar verirlər”.


Müəllif:

Oxşar xəbərlər