9 Oktyabr 2015 13:15
635
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın ATƏT-in Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə Minsk Qrupunun fəaliyyətinin aktivləşdirilməsi ilə bağlı istənilən təşəbbüsü Ermənistan tərəfinin dərhal müqavimətilə üzləşir.

Teleqraf.com-un Azərbaycanın Avstriyadakı səfirliyinə istinadən verdiyi məlumata görə, bu barədə Azərbaycanın ATƏT yanında Daimi Nümayəndəliyinin ötən gün təşkilatın Daimi Şurasının görüşündə verdiyi bəyanatında deyilir.

Bəyanatda Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğal edilməsi və nəticədə 1 milyondan çox azərbaycanlı qaçqının olması, şəxslərin daxili yerdəyişməsi, eləcə də Minsk prosesinin 20 ildən artıq səmərəsiz fəaliyyəti ilə bağlı faktlar vurğulanır.

Bəyanatda deyilir ki, Minsk Qrupunun fəaliyyəti heç bir nəticə verməyib və münaqişəni həll etmək iqtidarında deyil: "Üstəlik, münaqişəni dondurmaq cəhdlərini müşahidə edirik. Danışıqlar prosesində irəliləyişə nail olmaq üçün Ermənistana təsir etməklə bağlı vasitəçi ölkələrə və Minsk Qrupu üzvlərinə çağırışlarımız ATƏT-in iştirakçı dövlətləri tərəfindən dəstəklənmir. Minsk Qrupu tərəfindən nümayiş etdirilən laqeyd yanaşma belə təəssürat yaradır ki, ATƏT işğal edilmiş ərazilərdə hazırkı status-kvodan razıdır”.

Bəyanatda qeyd olunur ki, Ermənistan 20 ildən artıq müddətdir münaqişənin nizamlanması üzrə ciddi addımlar atmadığında görə, tənqidə məruz qoyulmur: “Ermənistan Prezidenti Serj Sarkisyan Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə meydan oxumaqla Helsinki Yekun Aktının fundamental prinsiplərini və BMT-nin Təhlükəsizlik Şurasının qətnamələrini pozur”.

Bəyanatda həmçinin, Ermənistan qoşunlarının çıxarılması nəzərə alınmadan tədqiqatçı mexanizmin yaradılması, snayperlərin geri çəkilməsi və yaxud ATƏT nəzarətçilərinin təmas xətti boyunca göndərilməsi ilə bağlı çağırışların səmərəsizliyi qeyd edilir.


Müəllif:

Oxşar xəbərlər