11 Oktyabr 2015 20:34
721
12 Punto 14 Punto 16 Punto 18 Punto

İşğalçı Ermənistanın hakimiyyəti ölkədə konstitusiya dəyişikliyi üçün dekabrda referendum keçirməyə hazırlaşır. Referenduma ölkədə prezident üsul-idarəçiliyindən parlamentli respublika üsul-idarəçiliyinə keçilməsi məsələsi qoyulacaq. Serj Sərkisyan rejiminin ölkəni parlamentli respublika idarəçiliyinə keçirməsində məqsədinin nə ola biləcəyi, belə bir dəyişikliyin regiona, Qarabağ münaqişəsinə hansı təsirinin olacağı maraq doğurur.

Politoloq Natiq Miri “Yeni Müsavat”a bütün bunlar barədə danışarkən bildirib ki, Sərkisyan öz gələcək təhlükəsizliyini bəribaşdan təmin etmək, prezidentlik müddəti bitdikdən sonra parlamentli respublikada əsas söz sahibi olan baş nazir postunu ələ keçirmək, hökuməti öz partiyasının əlində saxlamaq üçün Konstitusiyanı dəyişmək istəyir. Serj Sərkisyanın bu siyasi planını artıq Ermənistanın siyasi çevrələrində anlayıblar və buna etirazlar başlayıb. Sərkisyan gələcəkdə özünün partiyasının uzun müddətli hökumətdə qalmasının yeganə yolunun Konstitusiya dəyişikliyi olduğunu bilir. Ona qarşı olan qüvvələr də bunun fərqindədirlər.

Ekspertin fikrincə Ermənistanda parlamentli respublika idarəçiliyinə keçid planının arxasında Rusiyanın dayandığı inandırıcı deyil. Çünki Rusiya postsovet respublikalarının heç birində prezident üsul idarəçiliyinin zəiflədilməsi və parlamentli respublika idarəçiliyinə keçilməsini istəmir: “Rusiya postsovet respublikalarında səlahiyyətləri çox olan prezident üsul idarəçiliyinin daha da hökmran olmasına çalışır. Odur ki, məncə, Serj Sərkisyan Rusiyanın başının Suriyada qarışması, dünya ilə problemlərinin çoxalmasından istifadə edərək konstitusiya dəyişikliyini tez-tələsik reallaşdırmaq istəyir. Belə demək mümkündürsə, bu, Sərkisyanın şəxsi planıdır və Rusiyanı heç də məmnun etməyəcəyi ehtimalı böyükdür. Sərkisyan ola bilsin bu gedişlə həm də gələcəkdə Ermənistanın Qərbə doğru yolunu açmaq istəyir.

Rəsmi İrəvan bu gün Rusiya ilə paralel olaraq Qərb dünyası ilə də əməkdaşlıq edir. Moskvanın Ermənistanda konstitusiya dəyişikliyini arzulamadığı, buna görə Sərkisyanı cəzalandıracağının simptomları artıq görünməyə başlayıb. Kremlin qucağında olduğu şübhə doğurmayan keçmiş prezident Robert Koçaryan Serj Sərkisyan hakimiyyətinə qarşı çox kəskin ittihamlar irəli sürməyə başlayıb. Onu Kremlin danışdırdığı şübhəsizdir. Mümkündür ki, Moskva Serj Sərkisyanı hakimiyyətdən uzaqlaşdırsın və Robert Koçaryanı, yaxud da Koçaryanın adamlarından birini hakimiyyətə gətirsin. İndidən görünür ki, konstitusiyanı dəyişdirmək və sonra isə hökumətin başına keçmək əməliyyatı Serj Sərkisyan üçün heç də rəvan olmayacaq”.

O ki qaldı işğalçı ölkədə Sərkisyanın sözügedən planının gerçəkləşməsinin regiona, Qarabağ məsələsinin həllində necə təsir göstərəcəyinə, N.Miri dedi ki, bu hadisə digər post-sovet respublikalarında da parlamentli respublika idarəçiliyinə keçid üçün müəyyən qədər stimul verici ola bilər. Qarabağ məsələsinin həllini isə bir qədər də çətinləşdirəcəyi ehtimalı böyükdür. Çünki Sərkisyan və onun komandası Qarabağda separatçılıq etmiş əli qanlı cəlladlardır. Onlar Qarabağ münaqişəsinin həllini, Azərbaycanın torpaqlarının bir qarışının belə geri qaytarılmasını istəmirlər.


Müəllif: