13 Oktyabr 2015 11:49
744
12 Punto 14 Punto 16 Punto 18 Punto

Oktyabrın 10-da Türkiyənin paytaxtı Ankarada dəmiryolu vağzalı yaxınlığında keçirilən aksiya zamanı güclü partlayış baş verib. Partlayış nəticəsində ölənlərin sayı 97-yə, yaralananların sayı isə 246-ya çatıb. Türkiyənin Milli Kəşfiyyat Təşkilatı (MİT) ölkədə təkrar terror aktlarının baş vermə imkanları barədə xəbərdarlıq edib. MİT-in məlumatına əsasən, daha 20 kamikadze ölkənin müxtəlif şəhərlərində terror aktları törətməyə hazırlaşır.

Məsələyə münasibət bildirən politoloq Arzu Nağıyev deyib ki, iyunun 7-dən başlayaraq Türkiyə ərazisində 150-dən çox terror aktı həyata keçirilib və bunların hamısı insan itkisi ilə nəticələnib. Onun sözlərinə görə, sonuncu hadisə bunların ən ağırıdır: “Dinc əhaliyə qarşı törədilən vəhşilik nəticəsində 100-ə yaxın insan həlak olub. Təhlükəsizlik, hüquq-mühafizə orqanlarının işlərini düzgün qura bilməməsi göz qabağındadır. Eyni zamanda, seçkilərdə PKK tərəfindən dəstəklənən qüvvələr də mövcuddur. Türkiyə iqtidarının öz elektoratını artırmaq və nüfuz qazanmaq üçün PKK-ya qarşı apardığı antiterror əməliyyatlarının da bu proseslərə təsiri var.

Bunu törədənin hər hansı terror təşkilatı olub-olmamasından asılı olmayaraq, fakt odur ki, bu siyasi motivlərlə, o cümlədədn seçkilərlə və ya Türkiyə hakimiyyətinin PKK-ya, İŞİD-ə qarşı apardığı antiterror əməliyyatları ilə bağlıdır. Hələ ki, heç bir təşkilat bu terror aktını öz üzərinə götürməyib, lakin metod, daha doğrusu “özünüməhv” metodu dini radikalizmin dəsti-xəttinə bənzəyir. Konkret bu hadisəni kiminsə üzərinə qoymaq düzgün olmazdı. Yəqin ki, müvafiq araşdırmalardan sonra bu haqda məlumat veriləcək".

A.Nağıyev deyib ki, bu gün Türkiyə çox ağır günlərini yaşayır. Politoloqun sözlərinə görə, demək olar ki, dövlət və dövlətçiliyə qarşı həddən artıq təhdidlər var: “Bu istər daxildən, istərsə də xaricdən özünü göstərir. Təsəvvür edəndə ki, Türkiyə həm PKK-ya, həm İŞİD-ə, həm də daxili terrora qarşı mübarizə aparan bir dövlətdir, bunların nəyin və hansı maliyyə məsələlərinin hesabına başa gəlməsini hesablamaq o qədər də çətin deyil. Təbii ki, bütün bu proseslər siyasi və iqtisadi cəhətdən öz mənfi tərəfini göstərəcək. Böyük iqtisadi layihələrin həyata keçməsi, təbii ki, ləngiyəcək. Bu proses seçkilər bitənə qədər davam edəcək və iqtidar müxalifət münasibətlərinə aydınlıq gətiriləndən sonra bir az səngiyəcək. Bununla belə, Suriya və Rusiya ilə, eyni zamanda qaçqın ordusu ilə bağlı problemlər qalacaq. Bütün bunlara qarşı Türkiyə öz fəaliyyətinə korrektələr edəcək. Təbii ki, bunun başında təhlükəsizlik məsələsi dayanacaq”.

Politoloq Natiq Miri qeyd edib ki, əslində, terror hadisələrinin arxasında duranlar ilk şübhənin İŞİD-ə yönələcəyini düşünməmiş deyillər: “Terror hadisəsi törədilən kimi dərhal İŞİD terror qruplaşmasına diqqət yönəldi və barmaq işarəsi onları göstərdi. Mənə elə gəlir ki, burada təkcə İŞİD məsələsi yoxdur. Ola bilsin bu məsələdə bilavasitə PKK özü də, hətta İŞİD-lə razılaşdırılmış bir şəkildə terror hadisəsi törədib. Çünki bu terror hadisəsinin törədilmə zamanına xüsusi diqqət etmək lazımdır. Yəni, seçkiyə 20 gün qalmış bu terror hadisəsi baş verir. Çox maraqlıdır ki, iyunun 7-də keçirilən parlament seçkilərindən öncə də məhz Diyarbəkir və ardınca Suruçda terror hadisələri törədildi. Bu terror hadisələrindən sonra hansı siyasi qüvvə qazandı? Təbii ki, kürd partiyası olan və Dəmirtaşın rəhbərlik etdiyi HDP qazandı. Dəmirtaş hətta terrorçuların rəhbəri Öcalanın etiraf etdiyi kimi bir qrup maliyyə güclərinin ortaya atdığı fiqurdur. Əlbəttə ki, bu, Dəmirtaşın özünün əldə etdiyi nailiyyət deyil. Çünki artıq neçə on illərdir ki, kürd partiyaları heç bir zaman 10 faizlik kvorumu keçib, Türkiyə parlamentinə düşə bilməyib. Birdən-birə Dəmirtaşın rəhbərlik etdiyi HDP necə ola bilər ki, Milləytçi Hərəkat Partiyası ilə bərabər eyni səsi toplayaraq parlamentə düşdü? Düşünürəm ki, Diyarbəkir və Suruç hadisələrindən sonra HDP və kürdləri ”məzlum" durumuna düşürən qüvvə bu gün yenidən HDP-ni yazıq kimi göstərməklə ən azından parlamentdəki status-kvonu saxlamaq niyyəti güdür. Mənə elə gəlir ki, məsələnin arxasında duran birmənalı hədəf budur".

N.Miri deyib ki, burada ikinci məsələ Suriya hadisələridir. Politoloqun fikrincə, Avroatlantik məkan, Qərb dövlətləri, o cümlədən hadisələrə yenicə qoşulan Rusiya Türkiyənin Suriyada etmək istədiyinin qarşısındadırlar: “Ona görə də Türkiyəni bu siyasi iddiasından vaz keçirmək üçün son terror hadisəsi həmin güclərin vasitəsilə də törədilə bilər. Hesab edirəm ki, qeyd etdiyim iki məsələ baş verən terrorun arxasında dayanan əsas səbəblərdir. Çünki Suriyanın şimalında Aralıq dənizinə çıxacaq bir kürd koridoru yaradılır və bu gün o koridoru istəməyən yeganə regional güc Türkiyədir”.

BƏXTİYAR


Müəllif:

Oxşar xəbərlər