“9.5 milyon əhalisi və 125 seçki dairəsi olan Azərbaycana ATƏT/DTİHB tərəfindən 400 nəfər müşahidəçinin göndərilməsi heç bir məntiqə sığmır.”
ANS PRESS-in məlumatına görə, bu sözləri Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev ATƏT-in baş katibi Lamberto Zanyerin Moskvada keçirilmiş mətbuat konfransında səsləndirdiyi fikirlərə münasibət bildirərkən deyib.
“Azərbaycan ATƏT-in dialoq və əməkdaşlıq prinsiplərinə sadiqdir. Müqayisə üçün qeyd edək ki, 50 milyon əhalisi olan Ukraynaya 26 oktyabr 2014-cü il seçkilərini müşahidə etmək üçün 600 nəfər, 150 milyona yaxın əhalisi olan Rusiyaya 4 dekabr 2011-ci il seçkilərində 200 nəfər, 5 oktyabr 2015-ci ildə Bolqarıstanda keçirilən seçkilərə 12 nəfər, 16 mart 2014-cü ildə Serbiyada keçirilən seçkilərə 12 nəfər, 21 dekabr 2014-cü ildə Özbəkistanda keçirilən seçkilərə isə 12 nəfər müşahidəçi göndərilib.”
XİN-nin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev ATƏT çərçivəsində üzərinə düşən öhdəliklərinə riayət edərək, Azərbaycan tərəfindən 14 iyul 2015-ci il tarixində 1 noyabrda keçiriləcək parlament seçkilərini müşahidə etmək üçün ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları üzrə Bürosuna (DTİHB) dəvət göndərilib:
"DTİHB tərəfindən seçkilərlə əlaqədar hazırlanmış Ehtiyacların qiymətləndirilməsi hesabatına münasibətdə Xarici İşlər Nazirliyi tərəfindən rəsmi məktubla Azərbaycanın razı olmadığı məqamlar üzrə əsaslandırılmış cavab ATƏT DTİHB-ə təqdim olunub."
DTHİB əhali və seçici sayına nisbətdə müşahidəçilərin sayının bu dərəcədə qeyri-mütənasibliyinin məntiqi izahatını hələ də verə bilməyib.
Məntiqi izah vermək əvəzinə ATƏT DTİHB-in rəhbərliyi tərəfindən birtərəfli qaydada məsləhətləşmə aparmadan və mandatını kobud şəkildə pozaraq, Azərbaycanda keçiriləcək parlament seçkilərinin müşahidə edilməməsi barəsində qərar qəbul olunub.
1992-ci il Helsinki sənədinə əsasən ATƏT/DTİHB-in əsas rolu üzv dövlətlərə insan hüquqları ölçüləri üzrə öhdəliklərinin həyata keçirilməsinə yardım etməkdir. 1994-cü il ATƏT-in Budapeşt sammitinin qərarına görə isə ATƏT/DTİHB-in məşvərətçi funksiyaların yerinə yetirilməsinə dair rolu müəyyən edilib.
ATƏT-in baş katibi Lamberto Zanyerin Moskvada keçirilmiş mətbuat konfransında ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları üzrə Bürosu (DTİHB) tərəfindən “Azərbaycanda keçiriləcək parlament seçkilərinə müşahidə missiyasının göndərilməməsi ilə bağlı razılığın əldə olunmaması təəssüf doğurduğunu” bildirmişdi.
Bir müddət əvvəl Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Demokratik Təsisatlar və İnsan Haqları Bürosu (DTİHB) noyabrın 1-də Azərbaycanda keçiriləcək parlament seçkisinə müşahidəçi göndərməkdən imtina etməsi barədə məlumatlar yayılıb.
Qurumun yaydığı rəsmi məlumatda deyilir ki, 'Müşahidəçilərin sayına Bakının qoyduğu məhdudiyyətlər effektiv və etibarlı seçki müşahidəsi aparmağa imkan vermir. Ona görə də təəssüf ki, biz ümumilikdə bu seçkiyə müşahidəçi göndərməmək qərarına gəldik."
Son vaxtlar Avropanın bəzi qurumları ilə soyuq münasibətlər yaşanmaqdadır. Sentyabrın 10-da Avropa parlamenti də Azərbaycanla bağlı qətnamə qəbul edib. Bununla bağlı Prezident Aparatının rəhbərinin müavini Novruz Məmmədov "Twitter" hesabında yazıb ki, Avropa Ittifaqının bəzi strukturlarının atdığı addımlar göstərir ki, bu qurum heç şübhəsiz siyasi klimaks (qocalma) keçirir.
Bir müddət əvvəldə Avropa təşkilatları Azərbaycana qarşı sərt qərarlar qəbul etmişdi. Avqustun 10-da Avropa Parlamenti (AP) Azərbaycanla bağlı sərt qətnamə qəbul edib. Qətnamədə parlamentarilər Azərbaycanı tənqid edərək insan haqları müdafiəçilərinin, jurnalist və digər vətəndaş cəmiyyəti fəallarının tez və şərtsiz azad edilməsinə çağırıblar. Qətnamədə Azərbaycanla Strateji Əməkdaşlıq Razılaşması üzrə danışıqların dayandırılmasına çağırılır.