2 İyun 2014 16:47
938
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Nərimanov Nərimanov haqqında fikirlər rədd edirik”

“Əli Əliyevin son fikirləri çox ziyanlıdır və mən bunu rədd edirəm. Bizim burjuaziya bolşevik və kommunistləri xalqı qırmaqda ittiham edir. Ancaq bu adam bilmir ki, 1918-1920-ci illərdə sinfi mübarizə gedib. Başqa sözlə, mübarizə nökərlərlə ağalar arasında baş verib. Min illər ərzində ağa və bəy tayfası nökərləri istismar edirdi. Lenin peyda oldu və dedi ki, kişilər, sizin də hüquq və azadlığınız var. Əli Əliyevin də indi müdafiə etdiyi ağalar həmin vaxt hakimiyyəti vermək istəmədi. Beləcə, mübarizə başladı. Bu “Axırıncı aşırım” filmində də açıq-aydın görünür. Kişilər də ayağa qalxıb burjua sinfini məhv etdilər. Əli Əliyevin məntiqindən belə çıxır ki, ağa sinfi min illər ərzində kəndli-fəhlə sinfini öldürə bilər. Amma fəhlə-kəndli sinfi qalxıb öz hüququnu bərpa edəndə bu, kommunistlərin xalqı qırması hesab olunmalıdır. Bu məntiqi heç cür anlaya bilmirəm. İndi Nəriman Nərimanovu ittiham etmək, onu Azərbaycan xalqının övladlarını gülləməkdə günahkar hesab etmək səhvdir. Nərimanov fəhlə-kəndli əleyhinə gedən sinfi güllələyib. Əli Əliyev getsin tarixi, marksisizm-leninizmi oxusun, görsün ki, hansı mübarizə olub. Bundan sonra nağıllarını dayandırsın”.

Bunu Vahid Azərbaycan Kommunist Partiyasının sədri Musa Tükanov Əli Əliyevin son təklifinə münasibət bildirərəkən deyib.

Xatırladaq ki, ötən həftənin sonlarında VİP sədri Əli Əliyev paytaxtdan Nəriman Nərimanovun heykəlinin götürülməsini təklif edib və onun Leninin komandasında təmsil olunmasını, Azərbaycan oğullarını güllələməsini sərt tənqid edib.

M.Tükanov isə öz növbəsində Ə.Əliyevi tənqid edib: “Mən Əli Əliyevin təklifini rədd edirəm. Çox əsassız təklifdir. Əli Əliyevə məsləhət görürəm ki, gedib Nəriman Nərimanovun dövründə yaşasın və hadisələrə indiki reallıqlar prizmasından baxmasın. Bundan sonra desin ki, Nərimanov düz, yoxsa səhv edib”.

Baş kommunist “Əli Əliyevin Cümhuriyyətə layiqli abidə qoyulması” təklifinə də aqressiv münasibət ifadə edib: “Mən buna çox pis yanaşıram. Bu, ədalətsizlik olardı. 26 Bakı Komissarlarının abidəsi götürülüb, niyə cümhuriyyətin abidəsi qoyulmalıdır? Mən bununla razı deyiləm. Tarixi bu şəkildə tapdalamaq olmaz. Onların qurduğu hökumət 23 ay hakimiyyətdə oldu, amma xalqa heç nə verə bilmədi.

Zəhmətkeş sinifdə ayağa qalxaraq öz hökumətini qurdu. Nərimanov kimi şəxsiyyət bizim tariximizdir. Onlar Azərbaycan üçün çox şey ediblər. Əksər postsovet ölkələrində 26 Bakı Komissarlarının adına küçələr, abidələr var. Amma biz 26-ları aparıb “bomj” kimi məzarlığa atdıq. Əli Əliyev bilməlidir ki, tarixə belə münasibət olmaz. Bu məsələlərə biz deyil, gələcək nəsillər qiymət verəcək”.

Cavidan


Müəllif: