2 İyun 2014 16:53
1 210
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ hökumətinin tələb etdiyi, hazırda Rusiyada yaşayan Mərkəzi Kəşfiyyat İdarəsinin sabiq əməkdaşı Eduard Snouden iyunun 1-də sığınacaq üçün Braziliyaya müraciət etdiyini bildirib.

Teleqraf.com xəbər verir ki, E.Snouden Braziliyanın “Globo TV” telekanalına müsahibəsində Braziliyada yaşamağı çox istədiyini deyib.

Qeyd edək ki, E.Snoudenin Rusiyada müvəqqəti sığınacaq müddəti avqust ayında başa çatır. Rəsmi Vaşinqton Snoudenin ABŞ pasportunu ləğv etdiyi üçün onun səyahət seçimləri məhdudlaşıb.

Qlen Qrinvalda müsahibə verən E.Snouden Braziliya da daxil olmaqla, rəsmi olaraq bir neçə ölkəyə müraciət etdiyini bildirib. Onu da bildirək ki, Braziliyada yaşayan amerikalı jurnalist Q.Qrinvald “The Guardian” qəzetində çalışır. E.Snoudenin yaydığı informasiyaların çoxunu mətbuatda o dərc edib.
Buna baxmayaraq, Braziliya Xarici İşlər Nazirliyi Snoudendən rəsmi heç bir müraciət daxil olmadığını bildirib.

Snouden qeyd edib ki, təhlükəsiz sığınacaq qarşılığında heç bir ölkəyə informasiya təklif etmək fikri yoxdur. Sığınacaq humanitar səbəblərə görə təmin olunmalıdır. O qeyd edib ki, ABŞ-ın Britaniya və Braziliya da daxil olmaqla, digər ölkələri izləməsi haqqında onda çoxlu sənədlər var.

Xatırladaq ki, ötən il ABŞ agentlərinin Braziliyanı izləməsi xəbəri yayılanda, prezident Dilma Roussef Vaşinqtona səfərini təxirə salmışdı.

Bundan əlavə, “NBC” kanalına əvvəlki müsahibəsində Snouden nə vaxtsa əfv olunmağı və vətəninə geri qayıtmağı arzuladığını bildirib.

Onu da bildirək ki, Barak Obama administrasiyası E.Snoudenin geri qayıtmasına etiraz etmir. Ancaq ABŞ düşmənlərinə kömək edən həssas informasiyanı yaydığına görə E.Snoudenin əvvəlcə məhkəmə qarşısına çıxmasını tələb edir.

Səxavət


Müəllif: