Rafiq Daşdəmirli: “Ədliyyə Nazirliyinə müraciət edəcəyik”
Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimlinin apardığı siyasətə etiraz edən, onun sədrliyini qəbul etməyən narazı cəbhəçilər sabah etimad qurultayı keçirəcəklər. Narazıların toplaşdığı AXCP-nin Etimad Qurultayı Təşkilat Komitəsinin üzvü Rafiq Daşdəmirli qurultaya hazırlıq və digər məsələlərə dair fikirlərini açıqlayıb.
Veteran cəbhəçi deyib ki, qurultay oktyabrın 18-də Səttar Bəhlulzadə adına mədəniyyət mərkəzində keçiriləcək. Onun sözlərinə görə, qurultaya ciddi hazırlıq gedir, texniki problemlərin 90 faizi həll edilib.
“Qonaqlara ümumi müraciətimiz olacaq”
R.Daşdəmirli əlavə edib ki, qurultaya qonaq dəvət ediblər, lakin dəvətin formatı bir qədər ayrı cürdür: “Biz birləşdirici qurultay keçiririk. Təbii ki, insanların çoxu dəvət əsasında gəlmək istəmir. Düşünürlər ki, 27 sentyabr qurultayına getməmişik, bu qurultaya da getməyək. Ona görə də, biz dostcasına müraciət etmişik, xüsusi dəvətnamələr çıxarmamışıq. Yəni, siyasi partiyalara xüsusi dəvət göndərilməyib. Ümumi olaraq hamıya müraciətimiz var və yəqin ki, bu gün həmin müraciət yayılacaq. Çalışırıq ki, müxalifətin birliyinə nail olaq, bu səbəbdən dəvətnamə formatından imtina etdik. Düşündük ki, ən yaxşısı müraciət və ya telefon imkanından yararlanmaqdır. Odur ki, heç bir siyasi partiyaya dəvət göndərilməyib. Birləşdirici mövqedə duraraq hamıya qucaq açırıq, kim istəyirsə tədbirə qatılsın”.
Qurultayda sədr seçiləcək
AXCP-nin Etimad Qurultayı Təşkilat Komitəsinin üzvü deyib ki, qurultay nümayəndələri 56 rayon şöbəsindən seçilib, nümayəndələrin ümumi sayı 240 nəfərdən az deyil: “Ümumi cəbhəçilər və yeni yaradılan rayon şöbələrinin üzvləri də qurultayı müşahidə edə biləcək. Ümumi niyyətimiz budur ki, ali tədbirdə minə yaxın insan iştirak etsin. Texniki işlər görülüb. Qurultayda sədr seçiləcək. Bundan başqa, partiyanın özünün platforması və proqramı qəbul ediləcək. Təbii ki, partiyanın ideologiyası da açıqlanacaq”.
“Qarşı tərəfdən gələn insanlar da olacaq”
Daşdəmirli vurğulayıb ki, tədbirin cəbhəçilərin birləşdirici qurultayı olması üçün addımlar atılıb: “Bizim bu istiqamətdə də müraciətlərimiz olub və yenə də olacaq. Bundan başqa, şəxsən özümə kifayət qədər zənglər daxil olur. Əlbəttə, qarşı tərəfdən gələn dostlarımız olacaq. Ümid edirik ki, sonda birləşdirici bir qurultay alınacaq. İndiyə qədər 56 rayonda təşkilatlanma işi aparmışıq. Yəqin ki, qurultaydan sonra da bu prosesi davam etdirəcəyik. Ümumilikdə 56-nı yaratmışıq, yəqin ki, daha 20 rayon şöbəsini yaradacağıq. Qurultaydan sonra qeydə alınmaq məqsədilə Ədliyyə Nazirliyinə müraciət edəcəyik. Mən deyə bilmərəm ki, bizi qeydə alacaqlar və ya almayacaqlar. Biz qeyd edirik ki, AXCP-nin legitim tərəfi bizik. Yəqin ki, nazirliyə müraciətimizdən sonra bu məsələlər ətraflı formada araşdırılacaq”.
“Təhqir edənlər köhnə cəbhəçilər deyil, uşaqlardır”
Rafiq Daşdəmirli qarşı tərəf haqqında da bəzi məlumatları dilə gətirib: “Hazırda Əli Kərimlinin sədri olduğu AXCP-də mənim kifayət qədər dostlarım var və hər birinə də minnətdaram ki, heç vaxt təhqiri və pis söyüşlər yazmağı özlərinə rəva görmədilər. Üstəlik təhqirə yol verənləri də qınaq obyektinə çevirdilər.
Orada söyüş və təhqirə rəvac verənlər, sosial şəbəkələrdə xüsusi aktivlik göstərənlər əsasən AXCP-yə təzə üzv olan, təşkilatı dərindən tanımayan, siyasi kursdan bixəbər insanlardır. Ancaq köhnə və əksər cəbhəçi dostlarımız təhqir etmədilər. Təhqirə gedənlər uşaqlardır, ola bilsin ki, həm də onlara sifariş və göstəriş verilir”.
Qurultaylarının uğurla keçiriləcəyinə inandığını deyən Daşdəmirli əlavə edib ki, ali tədbirdən dərhal sonra qərargah əldə etmək məqsədilə hökumətə müraciət edəcəklər: “Əgər qərargah əldə edə bilməsək, çalışacağıq ki, öz hesabımıza qərargah tutaq”.
Cavidan