Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2015-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında deyib ki, dövlətin vergisini hər bir sahibkar tam şəkildə ödəməlidir, bununla bərabər, sahibkarlar qarşısında əsassız tələblər qoyulmamalı, başqa sözlə, onlardan rüşvət, heç bir haqq tələb edilməməlidir.
Dövlət başçısı sahibkarların fəaliyyəti ilə bağlı yoxlamaların və lisenziyaların sayının kifayət qədər çox olmasını da mənfi hal kimi qiymətləndirib, iqtisadiyyat üçün əsas problemlərdən birinin inhisarçılıq olduğunu nəzərə çatdırıb.
Prezident vətəndaşlara müraciət edərək onları daha da fəal olmağa, ictimai nəzarəti gücləndirməyə çağırıb, ictimai nəzarət olmadan korrupsiyaya, rüşvətxorluğa qarşı mübarizədə qalib gələ bilməyəcəyimizi vurğulayıb.
İlham Əliyev eyni zamanda lisenziyalaşdırma sahəsində problemlər olduğunu deyib.
“Prezident sahibkarların problemləri barədə məlumatlıdır”
Prezidentin diqqət ayırdığı məqamları şərh edən iqtisadçılar bildirir ki, son müşavirə iqtisadi inkişaf istiqamətində hökumətin atmalı olduğu addımları əyani şəkildə ortaya qoydu.
İqtisadi və Sosial İnkişaf Mərkəzinin sədri Vüqar Bayramov deyir ki, ölkə başçısının çıxışını sahibkarlığın inkişafında yeni bir mərhələnin anonsu kimi qiymətləndirmək mümkündür: “Prezidentin çıxışında qeyd etdiyi əsas məsələlərdən biri ondan ibarətdir ki, sahibkar vergini ödəməlidir, amma onun fəaliyyətinə lazımsız müdaxilələr olmamalıdır. Amma onu da qeyd etmək lazımdır ki, Vergilər Nazirliyi elektron hökumətin elementlərini ən çox tətbiq edən dövlət qurumudur, yəni vergilər sahəsində elektronlaşma ilə bağlı elə ciddi problem yoxdur”.
Vüqar Bayramov deyib ki, prezident son çıxışı ilə bir daha sahibkarların yanında olduğunu göstərdi: “Çünki prezident sahibkarların üzləşdikləri problemlərlə bağlı kifayət qədər məlumatlıdır, bu baxımdan sahibkarların üzləşdikləri problemlərin həlli, vəziyyətin yaxşılaşdırılması ilə bağlı siyasi iradə ortaya qoydu”.
Mərkəz rəhbəri bildirib ki, çıxışdakı problemlər tezislər üzrə qruplaşdırılsa, 3 qrup problemdən danışmaq olar. Bunlardan ən çox müşahidə ediləni sahibkarlıq orqanlarının fəaliyyətinə yersiz müdaxilə və yoxlamalardır: “Aparılan monitorinqdə göstərir ki, sahibkarların fəaliyyətini müvafiq səlahiyyəti olmayan bir sıra dövlət orqanları yoxlayır və bu, heç də xoş niyyətdən irəli gəlmir. Digər məqam lisenziyaların sayında artımla əlaqədardır. Monitorinqlər göstərir ki, əksər hallarda sahibkarlar tək lisenziyaya görə ödəniş etmirlər, bunun üçün əlavə pul verməli olurlar. Lisenziyaların sayının azaldılması, elektronlaşdırılması və sadələşdirilməsinə ehtiyac var.
Lisenziyaların sektoral olmasını təklif edirik. Məsələn, qida sənayesində fəaliyyət göstərən sahibkarlar istər-istəməz qida növlərinə uyğun olaraq ayrı-ayrı lisenziyalar almalı olurlar. Təbii ki, buna ehtiyac yoxdur. Sektoral sistemin tətbiqi imkan verəcək ki, sahibkar yalnız bir lisenziya almaqla eyni sektorda fəaliyyət göstərmək imanları əldə etsin.
Lisenziyaların verilməsi prosedurunun asanlaşdırılması və lisenziyaların “ASAN xidmət” tərəfindən verilməsinə imkan yaradılmasına da ehtiyac var. Bu, bürokratiyanın qarşısını alacaq".
Vüqar Bayramov dövlət başçısının çıxışında qeyd etdiyi üçüncü qrup problemlərin inhisarçılıq, bazara çıxış imkanlarının məhdud olması ilə əlaqədar olduğunu söyləyib: “Bu, kifayət qədər aktual məsələdir. Burda problemin aradan qaldırılması yollarından biri də elektronlaşmadır. Ümumiyyətlə, istər lisenziyalaşma sistemi, istər də digər problemlərin həlli birbaşa elektronlaşma ilə bağlıdır”.
“Vergi sistemi və dərəcələri sadələşdirilməlidir”
İqtisadçı-ekspert Pərviz Heydərov isə deyir ki, ölkədə sahibkarların fəaliyyətinə qanunsuz müdaxilələrin gündəmə gəlməsi çox önəmli məsələdir: “Məsələ ondadır ki, heç bir əsas olmasa heç bir dövlət orqanı və yaxud hökumət strukturu da sahibkarlıq fəaliyyətinə müdaxilə edə və onu yoxlaya bilməz. Buna şərait yaradan bəzi amillər və nüanslar ortaya çıxır. Həmin amillərdən ən başlıcası isə vergilərdən yayınma hallarıdır”.
İqtisadçı-ekspert vurğulayıb ki, ölkədə ilk növbədə vergi sistemi və dərəcələri sadələşdirilməlidir: “Sahibkarlıq fəaliyyəti ilə məşğul olanlar üçün mövcud vergi sistemi heç bir ağırlıq təşkil etməməlidir. Dövlət orqanı və yaxud hökumət strukturu sahibkarlıq fəaliyyətinə müdaxilə edirsə, deməli, orada sövdələşməyə yer var. Hesab edirəm ki, ölkədə sahibkarlıq üçün əlverişli və daha münbit şərait yaradılarsa, onların özləri sözügedən tendensiyaya son qoyacaqlar”.
Lisenziyalaşdırma fəaliyyətinə də münasibət bildirən Pərviz Heydərov qeyd edib ki, ölkəmizdə bu sahədə islahat xarakterli addımlar atılmasına çoxdan ehtiyac var: “Əvvəla, aydınlaşdırılmalıdır ki, lisenziyalaşdırma nə üçündür? İkincisi, sözügedən sahədə lisenziya tələb olunan fəaliyyət növlərinin ümumi sayına baxmaq lazımdır. Bizdə lisenziya az qala bütün fəaliyyət növləri üçün verilir. Halbuki lisenziya xüsusi diqqət tələb edən və nəzarətdə saxlanılmalı olan fəaliyyət növlərinə verilməlidir.
Məsələn, inkişaf etmiş ölkələrdə lisenziyalar o istehsalla məşğul olan sahibkarlara və müəssisələrə verilir ki, onların işi gələcəkdə insanların sağlamlığına və təhlükəsizliyinə ziyan vurmasın. Ona görə də bizdə onların sayı çoxdur. Əslində, uzağı 20-dən çox fəaliyyət növünə lisenziya verilməlidir. Hesab edirəm ki, burada da bir pəncərə sistemi tətbiq etməklə, bu funksiyanı mərkəzləşdirilmiş qaydada yerinə yetirmək lazımdır".
Nazirlik yoxlamalara son qoyub
Məsələ ilə bağlı İqtisadiyyat və Sənaye Nazirliyi də açıqlama yayıb. Məlumatda bildirilir ki, Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2015-ci ilin 9 ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında dövlət başçısı tərəfindən verilmiş tapşırıqların icrası ilə bağlı İqtisadiyyat və Sənaye Nazirliyində geniş kollegiya iclası keçirilib.
İclasda insanların həyat və sağlamlığının qorunması halları ilə bağlı zəruri nəzarət tədbirləri istisna olmaqla, İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən sahibkarlıq subyektlərində aparılan bütün yoxlamaların dayandırılması qərara alınıb.
Naibə Qurbanova