"Oğuz" Müstəqil Araşdırmaçılar Qrupu “Azərbaycan Səfəvilər dövləti milli kimliyimizdə başlıca amil olaraq” mövzusunda MQF Bakı QHT Resurs və Təlim Mərkəzində dəyirmi masa keçirib.
Teleqraf.com-un xəbərinə görə, tədbiri “Oğuz” MAQ rəhbəri Vüqar Zifəroğlu açaraq bildirib ki, rəhbərlik etdiyi fikir mərkəzi mütəmadi şəkildə milli kimliyimiz və mənəvi dəyərlərimizin təbliğatı ilə bağlı müxtəlif mövzularda tədbirlər təşkil edir və bu dəyirmi masa da onlardan biridir. V. Zifəroğlu, bu ilin sonunadək bir neçə belə tədbir keçirməyi planlaşdırdıqlarını vurğulayıb.
Daha sonra mövzu ilə bağlı çıxış edən tarix elmləri üzrə fəlsəfə doktoru Əkbər Nəcəf qeyd edib ki, istər Səfəvi xanədanının təməlində, istərsə də Səfəvilər İmperiyasının özülündə türk amili mühüm yer tutur. Səfəvilər Azərbaycan dövlətçiliyinin əsasını təşkil edir və milli kimliyimizin başlıca dəyər nöqtələrindən biridir. Çıxışda Səfəvilər barədə bu günədək geniş elmi ictimaiyiyətə açıqlanmamış bir sıra maraqlı məsələlərə toxunulub.
Məruzəçidən sonra çıxış edən “Oğuz”MAQ İdarə Heyətinin üzvü, araşdırmaçı Ceyhun Bayramlı birliyin mövzu ilə bağlı hazırladığı slaydı təqdim edib. Tədbir maraqlı diskussiyalar və polemik çıxışlarla yadda qalıb.
Sonda çıxış edərək tədbir iştirakçılarına təşəkkür edən V. Zifəroğlu noyabrda daha bir dəyirmi masa təşkil edəcəklərini bildirib.
BƏXTİYAR