20 Oktyabr 2015 11:20
1 546
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fəzail Ağamalı: "Qanunlar qarşısında cavab vermək lazım gələcək"

Prezident İlham Əliyevin oktyabrın 17-də imzaladığı sərəncamla Eldar Əhməd oğlu Mahmudov Milli Təhlükəsizlik naziri vəzifəsindən azad edilib. Qeyd edək ki, E.Mahmudov bu vəzifəyə Prezident İlham Əliyevin 3 iyul 2004-cü il tarixli sərəncamı ilə təyin olunub və ona general-mayor hərbi rütbəsi verilib.

Azərbaycan Prezidentinin 16 mart 2005-ci il tarixli sərəncamı ilə Milli Təhlükəsizlik naziri E.Mahmudova general-leytenant hərbi rütbəsi verilib. E.Mahmudov general-polkovnik ali hərbi rütbəsini isə Azərbaycan Prezidentinin 27 mart 2014-cü il tarixli sərəncamı ilə alıb. E.Mahmudov həm də Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının sədri idi.

Bəs, Prezident İlham Əliyevin belə bir sərəncam imzalaması hansı səbəblərdən qaynaqlanıb?

Milli Təhlükəsizlik nazirinin vəzifəsindən azad edilməsinə münasibət bildirən Ana Vətən Partiyasının sədri, Milli Məclisin deputatı Fəzail Ağamalı deyib ki, nazirin vəzifədən azad edilməsinin səbəbi Azərbaycan dövlətinin təhlükəsizliyi ilə bağlıdır. "Ölkənin təhlükəsizliyinin təmin edilməsində çox ciddi bir struktur olan Milli Təhlükəsizlik Nazirliyinin rəhbərliyinin işdən çıxarılması və orada ciddi proseslərin getməsi birmənalı şəkildə göstərir ki, bu sahədə problem yaşanıb", deyən F.Ağamalı ölkə Prezidentinin atmış olduğu addımı birmənalı şəkildə müdafiə etdiyini nəzərə çatdırıb. Millət vəkili deyib: "Onun vəzifədən azad edilməsinin səbəbi Azərbaycan dövlətinin təhlükəsizliyi ilə bağlıdır. Ölkənin təhlükəsizliyinin təmin edilməsində çox ciddi bir struktur olan Milli Təhlükəsizlik Nazirliyinin rəhbərinin işdən çıxarılması və orada artıq ciddi proseslərin getməsi birmənalı şəkildə göstərir ki, bu sahədə ciddi problem yaşamışıq. Təbii ki, bundan hərtərəfli xəbər tutmaq bizim üçün çətindir. Çünki MTN və onun fəaliyyəti kifayət qədər qapalı bir sahədir. Hər halda dövlət təhlükəsizliyində ciddi bir problem yarandığına görə ölkə Prezidenti bu addımı atıb. Xalqımız, biz siyasətçilər ölkə Prezidentinin bütün addımlarını müdafiə etdiyimiz kimi, bu addımı da müdafiə edirik".

E.Mahmudovun vəzifədən azad edilməsinin səbəblərinə gəlincə isə, F.Ağamalı bu barədə bir neçə versiya səsləndirib: "Azərbaycana qarşı bu və ya digər terrorun və terror hərəkətlərinin hazırlanması ilə bağlı məlumatların əldə edilməsində buraxılmış olan səhvlər və yaxud belə bir məlumatlar olmasına baxmayaraq, buna göstərilən biganəlik, faktları bilərək susmaq və onu ölkə rəhbərliyinin səviyyəsinə qaldırmamaq kimi hallar ola bilər. Ola bilsin ki, Azərbaycanda marağı olan ayrı-ayrı dövlətlərin, dövlətçiliyimizə təhlükə törədə biləcək layihələrlə, məqsədlərlə bağlı qabaqlayıcı tədbirlərin görülməməsi və özünün də bu cür layihələrin, addımların içində yer alması halları da ola bilər. Ancaq bütün bunların hamısı heç şübhəsiz ki, araşdırılır. Hakimiyyətin ali vəzifəli şəxlərinin telefonlarının dinlədilməsi ilə bağlı səsləndirilən versiyalar da var və bu da yolverilməzdir. Bu, artıq səlahiyyət hədlərinin aşılması deməkdir, buna görə də nəinki vəzifədən getmək, hətta Azərbaycan qanunları qarşısında cavab vermək lazım gələcək. Hesab edirəm ki, Milli Təhlükəsizlik Nazirliyinin vəzifədən çıxarılması ilə bağlı rəsmi məlumatlar bütün detalları ilə olmasa da, aydın şəkildə cəmiyyətimizə çatdırılacaq".

Təhlükəsizlik məsələləri üzrə ekspert, Milli Təhlükəsizlik nazirinin sabiq müavini Sülhəddin Əkbər isə Eldar Mahmudovun xüsusi nəzarət altında olduğunu bildirib. O bildirib ki, E.Mahmudovun vəzifəsindən azad olunacağı haqda məlumatlar hələ 3 ay bundan əvvəl yayılmışdı: "Sadəcə olaraq, onun seçkiyə 13 gün qalmış işdən azad olunması bir qədər gözlənilməz hesab oluna bilər".

S.Əkbər qeyd edib ki, E.Mahmudov hazırda nəzarət altındadır: "İnformasiyalara görə, MTN-in bir neçə yüksək rütbəli zabitinin həbs olunması xəbərləri təsdiq olunmaq üzrədir. Hələlik rəsmi açıqlama verilməyib. Əgər bu həbs olunanlar doğrudursa, Eldar Mahmudovun nəzarət altında olması şübhə doğurmur. Həbs məhkəmənin qəbul edəcəyi qərardır. Həbsdən əvvəl bir necə qətimkan tədbirləri var. Bunlardan biri də ev dustaqlığıdır. Amma onun haqqında heç bir rəsmi qərar yoxdur".

S.Əkbər hesab edir ki, dövlət başçısı qısa zamanda MTN-da müvafiq kadr dəyişikliyi etməlidir: "MTN-in ciddi kadr dəyişikliyinə, təmizlənməsinə ehtiyacı olacaq. Yubatmadan yeni nazir təyin olunmalıdır. Çünki, Eldar Mahmudovun işdən gedəcəyi xəbər 3 ay bundan əvvəl yazılıb. Ona görə də yəqin ki, dövlət başçısının seçdiyi kadr var".

SƏXAVƏT


Müəllif: