Arzu Nağıyev: “Bakı-Tbilisi-Qars dəmiryolu vasitəsilə Gürcüstan Türkiyəyə və oradan isə Avropaya çıxa bilər”
Bu günlərdə Gürcüstanın baş nazirinin müavini, xarici işlər naziri Giorgi Kvirikaşvili Azərbaycanda səfərdə oldu. İlk rəsmi səfərini ölkəmizə edən G.Kvirikaşvili bir sıra rəsmi görüşlər keçirdi.
O bu görüşlər zamanı Azərbaycan və Gürcüstan arasında ikitərəfli münasibətlərin yüksək səviyyədə olduğunu və əməkdaşlığın müxtəlif sahələrdə inkişaf etdirilməsinin əhəmiyyətini vurğuladı. Eyni zamanda görüşlərdə birgə regional layihələr, o cümlədən “Cənub” qaz dəhlizi və Bakı-Tbilisi-Qars dəmiryolu layihələrinin beynəlxalq əhəmiyyətindən danışıldı.
Maraqlı məqam isə ondan ibarətdir ki, xarici işlər nazirindən bir neçə gün əvvəl Gürcüstanın baş naziri İrakli Qaribaşvili Azərbaycana səfər etmişdi. Bir-birinin ardınca ölkəmizə səfər edən Gürcüstan rəsmilərinin bu tələskənliyinin əsl səbəbinin nədən ibarət olması hələ ki mətbuata bəlli deyil.
Məsələyə münasibət bildirən politoloq Arzu Nağıyev bildirdi ki, Georgi Kvirikaşvilinin xarici işlər naziri təyin olunduqdan sonra ilk xarici səfərini Azərbaycana etməsi bir daha Gürcüstanın ölkəmizlə ikitərəfli əlaqələrdə maraqlı olduğunu göstərir. Onun sözlərinə görə, bu görüşlərdə müzakirə edilən əsas məsələ “Cənub” qaz dəhlizi və Bakı-Tbilisi-Qars dəmiryolu ilə bağlıdır: “Həmçinin humanitar məsələlər də müzakirə edildi. Ümumiyyətlə, Bakı-Tbilisi-Qars dəmiryolunun tək Gürcüstan üçün deyil, bütövlükdə Cənubi Qafqaz üçün əhəmiyyəti böyükdür. Bu gün Gürcüstanın dəmiryolu çıxışı Abxaziya ərazisindən keçir və bu yol bağlıdır. Bakı-Tbilisi-Qars dəmiryolu vasitəsilə Gürcüstan Türkiyəyə və oradan isə Avropaya çıxa bilər. Eyni zamanda bu dəmiryolu vasitəsilə yükdaşımalara da qoşula bilər və bir sözlə strateji əhəmiyyətli layihələrini həm sərnişindaşıma, həm də yükdaşımada həyata keçirə bilər. Qara dəniz limanlarına gələn yükləri də bu yolla Avropa dövlətlərinə çatdırmaqla mühüm bir layihəyə imza ata bilər”.
Politoloqun sözlərinə görə, Gürcüstanın baş nazirinin səfəri həm də qaz layihələri ilə bağlı idi: “Çünki son vaxtlar Gürcüstan Azərbaycan qazından asılılığı azaltmağa yönələn planlar barədə açıqlamalar verirdi. Energetika naziri Kaxa Kaladze Brüsseldə Rusiyanın “Qazprom” şirkətinin rəhbəri Aleksey Millerlə görüşündə ölkəsinin Rusiya qazı ilə təchizatı məsələlərini müzakirə edib. Məhz bundan sonra Gürcüstan müxalifəti hökumətin Rusiyanı ölkənin energetika bazarına qaytarmaq istəyini pisləyib. Maraqlısı isə odur ki, Kaladze Gürcüstanın əsas qaz təchizatçısı olan Azərbaycanın lazım olan həcmdə qaz təmin edə bilmədiyini və ümumiyyətlə, ölkənin qazla təchizatı mənbələrini İran və Rusiya hesabına artırmaq lazım olduğunu deyib. Bu isə o deməkdir ki, SOCAR-ın Gürcüstandakı payı azalacaq, bu da Bakını narahat edir. Elə buna görə də Qaribaşvili təcili Bakıya dəvət olunub. Gürcüstan Azərbaycandan qazı çox ucuz qiymətə alır və elə onun özü də narahatdır ki, Bakı da adekvat addımlar ata bilər”.
A.Nağıyev məsələnin qazla təhcizatını nəzərə alaraq qeyd edib ki, Ermənistana nəql edilən Rusiya qazı üçün Gürcüstan tranzit haqqı kimi ildə 400 milyon kubmetr qaz alır: “Yəni, Ermənistanla müxtəlif sahələrdə əməkdaşlıq edən Gürcüstan Dağlıq Qarabağ münaqişəsinin həllinə təsir etmək gücündə deyil. Çünki Gürcüstanın ermənilər məskunlaşan Axalkalaki rayonunda problem mövcuddur. Burada da separatizmə meyilli ermənilər hər imkan düşdükcə Gürcüstana ərazi ilə bağlı iddialar irəli sürürlər. Bir sözlə belə səfərlərin Dağlıq Qarabağ münaqişəsinin həllinə hər hansı müsbət təsirini gözləmək düzgün olmazdı”.
BƏXTİYAR