23 Oktyabr 2015 11:32
670
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müsavat partiyasında növbəti dəfə fikir ayrılığı yaranıb. Belə ki, bir neçə gün əvvəl partiya başqanı Arif Hacılı bəyan edib ki, AXCP olaraq Əli Kərimlinin sədri olduğu təşkilatı tanıyır. Arif Hacılının başqanlığına müxalifətdə olan gənc müsavatçılar isə Razi Nurullayevi sədr kimi qəbul etdiklərini açıqlayıblar.

Tural Abbaslı elan edib ki, Arif Hacılının AXCP kimi narazı cəbhəçiləri deyil, Əli Kərimlinin təşkilatını tanıması barədə açıqlaması siyasi tələskənlikdir.

Onun fikrincə, bu, sadəcə, Arif Hacılının mövqeyidir: "Əslində, Arif Hacılıdan fərqli münasibət gözləmək də olmazdı. Bu məsələ, belə ənənə müasir siyasi həyatımızda bir çoxlarına yaxşı tanışdır. 2000-ci ildə AXCP lideri Əbülfəz Elçibəyin vəfatından sonra Müsavat Partiyası AXCP kimi Mirmahmud Mirəlioğlunun sədri olduğu siyasi təşkilatı tanıdı. Bəzi partiyalar isə Əli Kərimlini tanımışdı. Amma 2005-ci ildə Müsavat Partiyası Əli Kərimlinin rəhbərlik etdiyi AXCP ilə "Azadlıq" blokunda təmsil olundu. Yəni, belə proseslərdə dəyişilmələr olur. Fikrimcə, bu cür hallarda hansı partiyanın kimi dəstəkləməsi önəmli deyil. Burada hüquqi və mənəvi baxımdan olmaqla iki amil önəmli rol oynayacaq. Hüquqi baxımdan Əli Kərimli də qurultay keçirib sənədləri Ədliyyə Nazirliyinə göndərib, eyni zamanda Razi Nurullayev da qurultay keçirib, AXCP sədri seçilib və qurultayın sənədlərini Ədliyyə Nazirliyinə təqdim edib.

Yəni, hüquqi baxımdan hansı tərəfin AXCP kimi tanınmasını Ədliyyə Nazirliyi müəyyən edəcək. Mənəvi tərəfdən isə "Əsl AXCP kimdir?" sualının cavabını cəbhəçilər, AXCP irsinin daşıyıcıları müəyyənləşdirəcək. Əsl mübariz cəbhəçilər kimin yanında olacaqsa, kiminlə yoluna davam edəcəksə, cəmiyyətə hansı mesajları verəcəksə, yəqin ki, onların siyasi mövqeyi bu məsələdə həlledici rol oynayacaq".

"Ağ Blok"un nümayəndəsi Cavid Məmmədzadə deyib ki, alternativ AXCP-də gənclərin fəaliyyəti yüksək qiymətləndirilir: "Biz əsl AXCP kimi Razi Nurullayevin sədri olduğu partiyanı tanıyırıq. Hər kəs bilir ki, Elçibəy ideologiyasının, ənənələrinin davamçıları məhz bu qurumda toplanıb. Əslində, AXCP-nin yenidən qurulması bəzi partiya liderlərində qısqanclıq yaradıb. Ona görə də bəzi partiya liderləri qərəzli mövqe sərgiləyirlər. Əli Kərimli 99 faiz səslə sədr seçilirsə, deməli, onların keçirdiyi qurultay legitim deyil. Qarşı tərəfdə isə sədr seçkiləri alternativ şəkildə baş tutub. Hesab edirəm ki, yenilənmiş AXCP quruldu və müxalifətə yeni nəfəs gətirdi. Arif Hacılıya demək lazımdır ki, siz sədr seçiləndə Əli Kərimli heç sizi təbrik belə etmədi. Milli Şura mitinq təşkil edəndə sizi heç tribunaya dəvət etmədi. Arif Hacılı nə oyun oynadığından heç özü də baş açmır".

Müsavat Partiyası başqan müavini Səxavət Soltan isə Tural Abbaslı və ətrafında olan bir neçə müsavatçının bu mövqeyini bölüşmədiyini bəyan edib: "Bu, yanlış yanaşmadır, onların fərd olaraq düşüncələridir. Bu düşüncə Müsavat Partiyasının mövqeyini nəinki əks etdirir, bu, Müsavat Partiyasının mövqeyinə tam əksdir".

Səxavət Soltan hələlik Abbaslı və ətrafının Müsavatdan çıxarılması məsələsinin olmadığını deyib: "Müsavat Partiyasında düşündüklərinə, fərqli fikir bildirdiklərinə görə kimsə cəzalandırıla bilməz".

Xatırladaq ki, Müsavat MNTK-sı növbəti iclasında partiya daxilində olan müxalifətçi qrupun məsələsinə baxacaq. Bu barədə MNTK sədri Sevinc Hüseynova məlumat yayıb.

CAVİDAN


Müəllif:

Oxşar xəbərlər