Suriya Prezidenti Bəşər Əsədin gözlənilmədən Rusiyaya səfəri dünya mediasının diqqət mərkəzindədir. Bir sıra açıqlamlarda bu görüşün anti-terror əməliyyatları ilə bağlı olması vurğulansa da, başqa məsələlərin müzakirə edilməsi də istisna edilmir.
Bəşər Əsədin Moskvaya səfərindən sonra regionda hansı hadisələrin baş verəcəyi hələ də sual doğurur.
Məsələyə münasibət bildirən “Oğuz” Müstəqil Araşdırmaçılar Qrupunun rəhbəri, analitik Vüqar Zifəroğlunun sözlərinə görə, Suriyada 2011-ci ildə vətəndaş müharibəsinin başlamasından sonra ilk dəfə səfərə çıxan Suriya prezidentinin gecə vaxtı qəfil Moskvaya üz tutması müzakirələrin kifayət qədər ciddi və daha dərin mövzulardan ibarət olduğunun göstəricisidir.
V.Zifəroğlu vurğulayıb ki, Əsədin Moskvadan quru dəstəyi istəməsini ehtimal etmək mümkündür: “Rusların endirdiyi aviazərbələr İŞİD-ə ciddi itkilər yaşatsa da, quru əməliyyatları ilə Əsəd qüvvələrinə sadiq qoşunların irəliləməsinə bir o qədər təsir göstərmir. Məhz bu səbəbdən Əsədin Putindən quru əməliyyatlarına dəstək istəməsi də mümkün görünür. Lakin Putinin indiki dönəmdə buna gedəcəyi inandırıcı görünmür. Rəsmi Moskva quruda əməliyyatlar keçirməyəcəyini dəfələrlə ən yüksək səviyyədə vurğulayıb. Təbii ki, Qərbin təklif etdiyi və Türkiyənin dəstəklədiyi siyasi keçid layihəsi də müzakirə olunub. Moskva Suriyanın Bəşər Əsədsiz gələcəyi üçün qurulacaq keçid hökumətində yer alacağı gözlənilən ABŞ-a bağlı qüvvələrin zəiflədilməsində maraqlıdır. Tam mümkündür ki, Dəməşq-Tehran-Moskva triosu bununla əlaqədar olaraq öz fəaliyyətlərini razılaşdırmaq niyyətindədirlər və birgə koordinasiya edəcəklər”.
Analitik bildirib ki, diqqət çəkən başqa bir məqam da Rusiya Prezidenti Vladimir Putinin Yaxın Şərq və Afrika məsələləri üzrə köməkçisi və Xarici İşlər Nazirliyinin müavini Mixail Boqdanovun PKK-nın Suriya qanadı hesab olunan PYD-nin rəhbərləri ilə görüşməsidir: “Rəsmi məlumatlarda terrora qarşı mübarizə qabardılsa da, hər halda müzakirənin yalnız bundan ibarət olduğunu güman etmək sadəlövhlük olardı. İstənilən halda Əsədin səfəri ilə yanaşı 2 gün sonra belə bir görüşün keçirilməsi diqqətçəkən məqamdır. Bunu ən azı o cür qəbul etmək mümkündür ki, Moskva rəsmi Dəməşqə istər İŞİD, istərsə də müxalif qüvvələrə qarşı mübarizədə quru əməliyyatlarında dəstək olaraq kürdləri nişan verir. İstənilən halda bu görüşlər, bölgədə yeni proseslərin başlanmasına start verəcək. Yaxın Şərqdə artıq qüvvələr balansı dəyişməkdədir”.
Politoloq İlqar Vəlizadə bildirib ki, Əsədin səfəri Rusiya prezidentindən əməliyyatlarla bağlı xahişdən ibarətdir: “Çünki bir neçə gün öncə Putin bildirmişdi ki, aparılan əməliyyatların məqsədi var və bu məqsədlər həyata keçəndən sonra Suriya ərazisində əməliyyatlar bitəcək. Çox güman ki, bu bəyanat Bəşər Əsədin narahatlığına səbəb olub və təcili olaraq Rusiyaya gedib. Orada da yəqin bununla bağlı söhbətlər, məsləhətləşmələr aparılır ki, bu hərbi əməliyyatlar dayandırılmasın.
Nəticəyə gəlincə, əgər Suriyada hərbi əməliyyatlar dayanmasa, Bəşər Əsədin tam imkanı var ki, faktiki vəziyyətə nəzarət eləsin. Eyni zamanda Əsədi dəstəkləyən İranın və “Hizbullah”ın bu əməliyyata qoşulmasına şans yaranır. Çünki belə halda onların vəziyyəti daha əlverişli görünür. Onlar Suriya hökumət qüvvələrinə qoşulmaqla, minimum 2 il ərzində öz məqsədlərini Rusiya və Suriyanın əli ilə həyata keçirə bilərlər. Bu da həm Rusiya, həm Suriya üçün əlverişlidir. Beləliklə, Əsəd tərəfdarı olan və yaranmış koalisiya daha güclənmiş şəkildə fəaliyyət göstərə bilər. Eyni zamanda Qərb, Səudiyyə Ərəbistanı və Türkiyənin yer aldığı əks koalisiyaya bir çox məsələlərdə diktə edə bilərlər".
BƏXTİYAR