İlham Quliyev: “Məmurlar informasiyaya açıq olmağa çalışmalıdırlar”
Vüqar Rəhimzadə: “Bu, görülən işlərin ictimaiyyətə çatdırılmasına əlavə töhfə ola bilər”
“Əvvəllər nazirlərin, komitə sədrlərinin aylıq hesabat xarakterli keçirdikləri mətbuat konfransları bərpa oluna bilər”.
Bunu YAP Siyasi Şurasının üzvü, partiyanın mətbuat xidmətinin rəhbəri Hüseyn Paşayev deyib.
Uzun müddət jurnalistlərin nazir və komitə sədrləri ilə birbaşa əlaqə yarada bilmədiyini deyən YAP rəsmisi sözügedən kampaniyanın dayandırılmasının səbəbini belə izah edib: “Mətbuat konfranslarının məqsədi ölkədə informasiya qıtlığının aradan qaldırılması və Kütləvi İnformasiya Vasitələri nümayəndələri ilə yüksək vəzifəli şəxslər arasında əlaqənin yaradılması olub. Xatırlayırsınızsa, bir zamanlar KİV nümayəndələri informasiyanı birinci şəxsdən deyil, yalnız mətbuat xidmətlərindən ala bilirdilər. YAP bunu aradan qaldırmaq məqsədi ilə partiyanın qərərgahında qurumların birinci şəxsləri ilə mətbuat konfransları təşkil etməyə başladı. Hesab edirəm ki, uzun bir dövr ərzində bu kampaniyada məqsədimizə nail ola bildik”.
YAP sözçüsü qeyd edib ki, artıq Azərbaycanda nazirlər, şirkət rəhbərləri, komitə sədrləri ilə KİV nümayəndələri arasında əlaqə yaradılması çətin deyil. H.Paşayev bildirib ki, məmurlar tez-tez media ilə görüşürlər, mətbuat nümayəndələri istədikləri məsələnin şərhini, açıqlamasını, suallarının cavablarını nazirlərdən, komitə sədrlərindən ala bilirlər.
Amma buna baxmayaraq, H.Paşayev hesab edir ki, gələcəkdə mətbuat konfranslarının bərpa edilməsi istisna deyil: “Həmin mətbuat konfransları, onların məqsədi, məramı bu və ya digər formada artıq YAP-ın rəsmi saytında davam etdirilir. Yəni, həmin qurumların rəhbərləri, vəzifəli şəxslər mütəmadi olaraq ”yap.org.az" saytında müsahibələr verirlər. Cəmiyyəti, eləcə də KİV nümayəndələrini maraqlandıran suallara cavab verirlər. Amma həmin tədbirlərin təşkilinə yenidən ehtiyac duyularsa təbii ki, bu, nəzərə alınacaq. Çünki YAP öz qərarlarını həmişə cəmiyyətdən gələn sifarişlər əsasında formalaşdırır".
“Kaspi” qəzetinin baş redaktoru İlham Quliyev bildirib ki, bu ənənənin əsası qoyulan vaxt jurnalistlərlə dövlət strukurları, məmurlar arasında informasiya alınması ilə bağlı problemlər var idi. Onun sözlərinə görə, həmin vaxt YAP-da təşkil edilən mətbuat konfransları sanki bu boşluğu doldururdu: “Sonradan mətbuat xidmətlərinin işi təkmilləşdikcə məmurların mediaya çıxışı da intensivləşdi. Düzdür, bu problem hazırda da tam həll olunamyıb. Jurnalistlər bəzən informasiyanın alınmasında, dəqiqləşdirilməsində problemlərlə üzləşirlər. Amma vəziyyət əvvəlki dövrlə müqayisədə yaxşıdır. Bu baxımdan, YAP-da mətbuat konfranslarının bərpasına ehtiyac olduğu qənaətində deyiləm. Amma bərpa edilərsə, burda da pis bir şey yoxdur. Jurnalistə nə lazımdır? Daha çox informasiya mənbəyi, faktın daha etibarlı şəxslə dəqiqləşdirirmək imkanı. Rəhbər şəxslərin keçirdikləri mətbuat konfransları da bu ehtiyacın ödənilməsi baxımından əlverişli olar”.
İ.Quliyev qeyd edib ki, istənilən halda məmurlar informasiyaya açıq olmağa çalışmalıdırlar: “Mətbuata çıxış, jurnalistlərin suallarının cavablandırılması icra strukturlarının işinə ictimai nəzarətin təmin olunması baxımından çox önəmlidir”.
“İki sahil” qəzetinin baş redaktoru, Yeni Azərbaycan Partiyası Siyasi Şurasnın üzvü Vüqar Rəhimzadə isə deyib ki, Yeni Azərbaycan Partiyası digər sahələrdə olduğu kimi media ilə, jurnalistlərin informasiyaya çatımlılığı ilə bağlı indiyədək çox dəyərli layihələr reallaşdırıb. Onun sözlərinə görə, YAP-ın mərkəzi qərargahında aidiyyati dövlət orqanlarının rəhbərlərinin mətbuat konfransları, jurnalistlərlə görüşləri təşkil olunurdu: “Jurnalistləri düşündürən sualları nazirlərə, komitə və şirkət rəhbərlərinə çatdırmaq üçün patiyamız vaxtilə bu layihəni reallaşdırdı. Hər həftə müvafiq dövlət qurumlarının rəhbərləri ilə görüşlər təşkil olunur, mətbuat konfransları keçirilir. Bu gün isə ölkənin demək olar bütün qurumlarında həm mətbuat xidmətləri fəaliyyət göstərir, eyni zamanda, həmin qurumların rəhbərləri mütəmadi olaraq ölkənin mərkəzi mətbuat orqanlarında, həmçinin Yeni Azərbaycan Partiyasının yap.org.az saytında öz fikirlərini ictimaiyyətlə bölüşürlər. Bu, davamlı, sistemli şəkildə belədir. Həm parlamentin deputatlarının, həm nazirlərin, həm komitə sədrlərinin, həm də şirkət rəhbərlərinin il ərzində davamlı, sistemli şəkildə, eyni zamanda, əlamətdar günlərdə YAP-ın rəsmi saytında müsahibələri dərc olunur. Yeni Azərbaycan Partiyasının İcra Katibliyi məsləhət görərsə, mətbuat konfranslarının yenidən bərpasına dair qərar qəbul olunarsa, hesab edirəm ki, bu, əvvəlki layihənin davamı olaraq jurnalistlərlə təmasın yaradılmasına, əlaqələrin zənginliyinə xidmət edər. Amma bir daha vurğulamaq istəyirəm ki, həm partiyamızın saytı, həm aidiyyatı dövlət qurumlarının özlərinin mətbuat xidmətləri vasitəsilə informasiyalar yayması, dövlət qurumlarının rəhbərlərinin mətbu orqanlarda sistemli yazılarla çıxışlar etməsi, televiziya proqramlarına qatılmaları Azərbaycan cəmiyyətini, ictimaiyyəti iqtisadiyyatın, enerji siyasətinin, sənayenin, ümumiyyətlə, həyatın bütün sahələri ilə bağlı kifayət qədər bilgiləndirir”.
V.Rəhimzadə onu da bildirib ki, YAP-ın qeyd olunan layihəsinin bərpası uyğun bilinərsə, bu, yalnız görülən işlərin ictimaiyyətə çatdırılması işinə əlavə töhfə ola bilər: “Amma təbii ki, partiyamızın İcra Katibliyinin verəcəyi qərar bizim hər birimiz üçün vacib şərtdir”.
Səxavət HƏMİD