23 Oktyabr 2015 12:07
757
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gülnisə Məhsimova: “AKP-nin Ədliyyə Nazirliyində qeydiyyatı yoxdur”

Üç qrupa bölünən Azərbaycan kommunistləri arasında mübahisə noyabrın 1-də keçiriləcək parlament seçkiləri öncəsi daha da qızışıb.

Deputatlığa namizədliyi qeydə alınan Azərbaycan Kommunist Partiyasının sədri Rauf Qurbanova etiraz edən Gülnisə Məhsimova bəyanat yayaraq bildirib ki, kommunistlər rəhbər kimi Qurbanovu qəbul etmir.
Xatırladaq ki, hazırda Rauf Qurbanovla yanaşı Gülnisə Məhsimova və Telman Nurullayev
kommunistlərin lideri olduğunu bildirir.

G.Məhsimova bəyanatda qeyd edib ki, Rauf Qurbanov özünü Azərbaycan Kommunist Partiyasının lideri kimi qələmə verməyə çalışır: “Seçki qabağı təmtəraqlı yalanları ilə rəhbərlik etdiyi partiyanın 50 nəfər namizədlə seçkilərdə iştirak edəcəyini söyləyirdi. Sual olunur - 50 nəfər partiya üzvü olmadığı halda 50 nəfər namizədlə necə və hansı formada seçkilərdə iştirak edəcək? Qurbanov 2010-cu ildə keçirilən seçkilərdə də 60 nəfər namizədlə iştirakını bəyan etsə də, nəticədə 4 namizəd seçki kampaniyasında iştirak etdi. Niyə 60 yox, 4 nəfər sualına Qurbanov reallıqdan uzaq və məsuliyyətsiz bir cavabla yaxasını kənara çəkməyə çalışdı. Bizə isə vəziyyət aydın idi. Partiyada partiyalılıq qalmamışdı ki, o sayda namizədlə seçkilərə qatılsın. İndi də o, yenidən həmin yalanlarını təzələyir. O, qeyd edir ki ”partiyadan" qovulanlar da seçkilərdə iştirak etmək istəyirlər. Amma onlar partiyanın adından istifadə edə bilməzlər. Qəribə məntiqdir, məgər özü partiya siyahısı ilə seçkilərə gedir? AKP-nin Ədliyyə Nazirliyində qeydiyyatı yoxdur".

Xanım siyasətçi xatırladıb ki, Mərkəzi Seçki Komissiyası ötən seçkilərdə bəzi sənədlər saxta olduğuna görə onları ləğv edib: “MSK-nın AKP adından təqdim etdiyiniz sənədləri saxta olduğuna görə ləğv etdiyi nə tez yadınızdan çıxıb? Hansı partiyadan danışırsınız, AKP adından danışmağa mənəvi haqqınız çatırmı? Bu, aşkar saxtakarlıq deyilmi? Bəyan edirsiniz ki, 400 nəfərlə qurultay keçirəcəksiniz. İndi hansı təşkilatların işçilərinin siyahılarını özlərinin də xəbəri olmadan ”qurultay" iştirakçısı edəcəksiniz? Kimlərəsə sığınıb onların himayəsi ilə hərəkət etməyə adət etmisiniz. Azərbaycanda Rauf Qurbanov kimilərinin sayəsində bu gün AKP adlı bir partiya reallıqda yoxdur, amma çoxlu sayda əqidəli kommunistlər var. Onlar Qurbanovu qəbul etmirlər".

Qeyd edək ki, Rauf Qurbanov qəzetimizə açıqlamasında bildirmişdi ki, partiyadan xaric olunmuş adamlar dərnək şəklində Facebook səhifələrində gündəmə çıxıb insanları çaşdırmağa çalışırlar: “Amma bu insanlar AKP-dən namizədliklərini verə bilməzlər. Kommunist Partiyası adından namizədliyini irəli sürüb qeydiyyatdan keçməyə cəhd göstərənlərlə bağlı AKP-nin Mərkəzi Komitəsi tərəfindən ciddi mövqe nümayiş olunur”.

NƏRGİZ


Müəllif:

Oxşar xəbərlər