25 Oktyabr 2015 18:47
704
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan regionun lider dövləti olmaqla yanaşı, həm də davamlı inkişafa malik ölkələrdəndir. Ölkəmizin iştirakı olmadan regionda hər hansı bir layihənin həyata keçirilməsini təsəvvür etmək mümkün deyil. Ona görə də, dünyanın diqqəti Azərbaycandadır. Bu, parlament seçkiləri dövründə də belədir.

Bu fikirləri "Seçkilər" Media Mərkəzi-nə açıqlamasında Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Azərbaycanın AŞPA-da nümayəndə heyətinin rəhbəri Səməd Seyidov deyib.

S.Seyidov bildirib ki, Azərbaycanın dünyadakı əhəmiyyətli rola malik olması, öz gücünü və potensialını davamlı surətdə artırması, ölkəmizə qarşı seçkiqabağı müəyyən təzyiq kampaniyalarının başladılmasına səbəb olur.

Onun sözlərinə görə, bu, müəyyən beynəlxalq təşkilatların timsalında da müşahidə edilib.

“Bəlli olduğu kimi, ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu Azərbaycanda seçkiləri müşahidə etməkdən imtina etdiyini açıqlamışdı. Təşkilat texniki bir nüansdan bəhanə kimi istifadə edərək bu addımı atmışdı. Ardınca ATƏT-in Parlament Assambleyası da bundan imtina etmişdi. Amma biz Avropa Şurasında bu məsələni iki dəfə müzakirəyə çıxardıq və ölkəmizin mövqeyini müdafiə edə bildik. Avropa Şurasının müşahidə missiyasının Azərbaycana gəlişini təmin etdik. Onu da əlavə edim ki, bu gün Azərbaycanı istəməyən qüvvələrin ölkəmizin siyasi, iqtisadi potensialını, geniş xarici əlaqələrini nəzərə almamaq şansı yoxdur. Beynəlxalq təşkilatlardan müşahidəçilər gələcək, onlar seçkiləri müşahidə etməklə yanaşı, Azərbaycanın mövcud reallıqlarını da açıq-aydın görə biləcəklər. Azərbaycanın inkişafına, müstəqil siyasətinə qısqanclıqla yanaşan həmin qərəzli qüvvələr isə öz istəklərinə nail ola bilməyəcəklər”,- deyə S.Seyidov vurğulayıb.


Müəllif: