"Sahibkarlığın inkişafında yeni mərhələ: hədəflər və imkanlar" konfransında iştirak edən sahibkarlar Azərbaycan Prezidenti İlham Əliyevə müraciət qəbul ediblər.
Trend-in məlumatına görə, müraciətdə qeyd olunur:
“Möhtərəmi cənab Prezident, Sizin düşünülmüş və məqsədyönlü siyasətiniz sayəsində regionun lider dövlətinə, siyasi, iqtisadi və mədəni mərkəzinə çevrilmiş Azərbaycan Respublikası hərtərəfli inkişafını davam etdirir. Ümummilli liderimiz Heydər Əliyevin müəllifi olduğu inkişaf strategiyasının uğurla davam etdirilməsi, iqtisadiyyatın şaxələndirilməsi istiqamətində böyük uzaqgörənliklə qəbul etdiyiniz qərarlar, həyata keçirdiyiniz qabaqlayıcı tədbirlər dünya istisadiyyatındakı mürəkkəb proseslərin, geosiyası risklərin Azərbaycan istisadiyyatına mənfi təsirini neytrallaşdırır, ölkəmiz bu neqativ meyillərə qarşı yüksək dayanıqlıq nümayiş etdirir. Sizin rəhbərliyinizlə aparılan geniş miqyaslı işlərin nəticəsidir ki, son illərdə iqtisadiyyatın artımı qeyri-neft sektoru hesabına təmin edilir”.
Müraciətdə daha sonra bildirilir ki, qeyri-neft sektorunun inkişafında sizin müəyyənləşdirdiyiniz kimi, aparıcı qüvvə məhz sahibkarlardır: “Bu strateji xəttinizə uyğun olaraq, ölkəmizdə biznes və investisiya mühitinin davamlı olaraq yaxşılaşdırılması, qanunvericiliyin təkmilləşdirilməsi, inzibati prosedurların sadələşdirilməsi, sahibkarlığa dövlət dəstəyinin gücləndirilməsi üçün sistemli işlər görülür. Biz sahibkarlar gündəlik fəaliyyətimizdə Sizin böyük diqqət və qayğınızı hiss edir, Sizə arxalanırıq”.
Müraciətdə qeyd edilir ki, son günlərdə Prezident İlham Əliyevin imzaladığı sənədlər, qəbul etdiyi qərarlar sadalananları bir daha təsdiq edir: “Sahibkarlıq fəaliyyətinə əsaslı müdaxilələrin, sui-istifadə hallarının qarşısının alınması, şəffaflığın təmin olunması, gömrük və lisenziyalaşdırma sahəsində inzibatı prosedurların sadələşdirilməsi məqsədi ilə özəl sektorun inkişafında köklü dəyişikliklərə aparan və təşəbbüsünüzlə Milli Məclisdə qəbul olunan Qanunu və imzaladığınız fərmanları sahibkarlığın inkişafı üçün atılan inqilabi addımlar kimi qiymətləndiririk.
Ölkə iqtisadiyyatının inkişafı üçün böyük əhəmiyyət kəsb edən tarixi qərarlarınız nəinki sahibkarlar, eləcə də bütün ölkə ictimaiyyəti tərəfindən böyük razılıqla qarşılanır, bizi daha fəal işləməyə həvəsləndirir.
Möhtərəm cənab Prezident!
Biz, “Sahibkarlığın inkişafında yeni mərhələ: hədəflər və imkanlar” konfransının iştirakçıları Sizi əmin edirik ki, sahibkarlara göstərdiyiniz böyük diqqət və qayğıya əməli işimizlə cavab verəcək, öhdəmizə düşən vəzifələri daha məsuliyyətlə yerinə yetirəcək, bütün qüvvə və bacarığımızı müəyyən etdiyiniz hədəflərin gerçəkləşdirilməsinə, müstəqil Azərbaycanın tərəqqisinə, Vətənimizin daha qüdrətli dövlətə çevrilməsinə səfərbər edəcəyik".