27 Oktyabr 2015 16:53
554
12 Punto 14 Punto 16 Punto 18 Punto

Spiker: “BMT-nın Təhlükəsizlik Şurasında Yaponiya kimi dövlətlərin olması regional münaqişələrin həllinə təsirini göstərərdi”

Bu gün Milli Məclisin sədri Oqtay Əsədov Yaponiyanın iqtisadi dirçəliş, sosial müdafiə və vergilərin ümumi islahatı üzrə naziri, iqtisadi və maliyyə siyasəti üzrə dövlət naziri, Azərbaycanla parlamentlərarası dostluq liqasının sədri Akira Amarinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Teleqraf.com xəbər verir ki, spiker Azərbaycanla Yaponiyanın dost və tərəfdaş ölkələr olduğunu deyib. Qeyd edib ki, azərbaycanlıların Yaponiya dövlətinə və xalqına böyük rəğbəti vardır: “Əlaqələrimizin inkişafında yüksək səviyyəli nümayəndə heyətlərinin qarşılıqlı səfərləri əhəmiyyətli rol oynayır. Vaxtilə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev, 2006-cı ildə isə prezident İlham Əliyev Gündoğar ölkəyə səfər edib. Bu səfərlər çərçivəsində aparılan danışıqlar əməkdaşlığımızın yeni mərhələyə qalxmasına təkan vermişdir. Bu günədək ölkələrimiz arasında 26 sənəd imzalanıb, 23 sənəd isə baxılmaq üzrədir. Ümid edirik ki, gələcəkdə bu rəqəm daha da artaraq, ikitərəfli münasibətlərimizin daha dayanaqlı hüquqi bazasını yaratmış olacaqdır.

Siyasi əlaqələrimizin yüksək səviyyədə olması iqtisadi münasibətlərimizə də öz müsbət təsirini göstərir. Ötən il ölkələrimiz arasında ticarət dövriyyəsinin həcmi 240 milyon ABŞ dolları həcmində olub. Bu ilin 8 ayı ərzində isə bu rəqəm 370 milyonu keçmişdir. Azərbaycanda Yaponiya şirkətləri müvəffəqiyyətlə fəaliyyət göstərirlər. Bunlardan İTOÇU və İNPEKS şirkətlərini göstərmək olar. Biz İTOÇU korporasiyasının Dövlət Neft Şirkətinin idarəçiliyində olan “Petkim” neft-kimya kompleksinin “STAR” neft emalı zavodunun inşasında əməkdaşlığını təqdir edirik. Yaponiya şirkətlərinin iqtisadiyyatın digər sahələrində də iştirakını hər iki tərəf üçün əhəmiyyətli hesab edirik”.

Spiker Azərbaycanın TRASEKA layihəsi çərçivəsində Qədim İpək yolunun bərpasında fəal iştirak etdiyinə diqqət çəkərək, Bakı-Tbilisi-Qars dəmiryolu xətinin əhəmiyyətini vurğulayıb. Ölkəmizin TANAP və TAP kimi qaz layihələrinin reallaşmasına hazırlaşdığını qeyd edib.

Oqtay Əsədov dövlətlərarası münasibətlərin daha da dərinləşməsində parlamentlərin mühüm rol oynadığını dedi. O, cari ilin aprelində Yaponiyaya ilk rəsmi səfərini xatırlayaraq, parlament nümayəndə heyətlərinin mütəmadi görüşlərini əhəmiyyətli hesab edib. Sədr qonağın Yaponiya-Azərbaycan parlamentlərarası dostluq liqasına rəhbərlik etdiyini vurğulayaraq, liqanın bütün üzvlərini ölkəmizə səfərə dəvət edib, o cümlədən Yaponiya parlamentinin hər iki palatasının sədrini Bakıda görməkdən məmnun olacağını söyləyib.

Spiker görüşdə Dağlıq Qarabağ problemindən söz açaraq, münaqişənin həllində beynəlxalq birliyin qətiyyət göstərməsinin vacibliyini vurğulayıb. Bildirib ki, Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasında Yaponiya kimi dövlətlərin təmsil olunması regional münaqişələrin həllinə öz müsbət təsirini göstərərdi.

Səmimi qəbul üçün minnətdarlığını bildirən Akira Amari ölkəmizə səfərindən və burada keçirdiyi görüşlərdən məmnun qaldığını söyləyib. O, Azərbaycana ilk dəfə 11 il əvvəl səfər etdiyini, bu müddət ərzində Bakının tanınmaz dərəcədə dəyişdiyini xüsusi vurğulayıb. Deyib ki, Yaponiya Azərbaycanla təkcə neft-qaz sahələrində deyil, qeyri-neft sektorunda da əməkdaşlığı dərinləşdirmək niyyətindədir.

Qonaq Yaponiya parlamentində Azərbaycanla dostluq liqasının rəhbəri kimi parlamentlərarası əlaqələrin inkişafına böyük önəm verdiyini dedi. O, Dağlıq Qarabağ probleminin regionda sülh və əmin-amanlığın bərpası baxımından tezliklə həllinin vacibliyinə diqqət çəkdi. Münaqişənin aradan qaldırılması üçün beynəlxalq hüquq normaları çərçivəsində Minsk qrupu tərəfindən səylərin artırılmasının zəruriliyini söylədi.

Səfər çərçivəsində azərbaycanlıların Yaponiyaya böyük maraq göstərdiklərinin şahidi olduğunu xüsusi qeyd edən qonaq Bakı Dövlət Universitetində Yapon dilinin tədris olunmasını təqdir etdi. Qəbulda parlamentlərarası əlaqələrin inkişaf perspektivləri, iqtisadi, humanitar, mədəni sahələrdə əlaqələrin inkişafı, regional münaqişələrin həlli yolları və tərəfləri maraqlandıran digər məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

Nemət


Müəllif:

Oxşar xəbərlər