Noyabrın 1-də Milli Məclisə keçiriləcək seçkiləri müşahidə etmək üçün Azərbaycanda səfərdə olan Türk Şurasının müşahidə missiyasının üzvləri oktyabrın 29-da Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahovla görüşüb.
MSK katibliyinin media və ictimai əlaqələr şöbəsindən APA-ya verilən xəbərə görə, Məzahir Pənahov rəhbərlik etdiyi qurumun beynəlxalq təşkilatlarla əməkdaşlığına hər zaman xüsusi əhəmiyyət verdiyini və Azərbaycanda keçirilən seçkilərin daim yerli və beynəlxalq ictimaiyyət tərəfindən maraqla izlənildiyini vurğulayıb.
Nümayəndə heyətinin üzvləri bir neçə gündən sonra Milli Məclisə keçiriləcək seçkilərlə bağlı son hazırlıq işləri ilə maraqlanıblar. MSK sədri Məzahir Pənahov qonaqların suallarını ətraflı cavablandırıb və bildirib ki, builki seçkilərin də azad, ədalətli və şəffaf keçirilməsi üçün bütün imkanlar yaradılıb.
Görüş çərçivəsində həmçinin, qarşılıqlı maraq doğuran məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.
Bundan başqa, oktyabrın 29-da Latviya MSK sədri Arnis Çimdarsın rəhbərlik etdiyi nümayəndə heyəti Məzahir Pənahovla görüşüb.
Məzahir Pənahov iki ölkənin seçki qurumları arasında əməkdaşlığın ilbəil inkişafından məmnunluğunu bildirib və müxtəlif ölkələrin ali seçki qurumları ilə münasibətlərin davamlı təcrübə mübadiləsinin aparılmasına və beləliklə, seçki prakikasının daha da inkişaf etdirilməsinə xidmət göstərdiyini vurğulayıb.
Arnis Çimdars noyabrın 1-də Milli Məclisə keçiriləcək seçkilərlə bağlı görülmüş işlərlə maraqlanıb. Qonaqların suallarını cavablandıran MSK sədri Məzahir Pənahov Milli Məclisə seçkilərin azad, ədalətli və şəffaf keçirilməsi üçün atılmış addımlar və həyata keçirilmiş irimiqyaslı layihələr barədə ətraflı məlumat verib.
Bundan başqa, Malayziya MSK-nın nümayəndə heyəti oktyabrın 29-da Məzahir Pənahovla görüşüb.
Malayziyalı müşahidəçilər Azərbaycan Respublikasının seçki sistemi, seçki qanunvericiliyi və noyabrın 1-də keçiriləcək seçkilərə hazırlıq istiqamətində görülmüş işlərlə maraqlanıblar. Sədr Məzahir Pənahov qonaqların suallarını cavablandıraraq Milli Məclisə seçkilərin azad, ədalətli və şəffaf keçirilməsi üçün reallaşdırılmış genişmiqyaslı layihələr barədə qonaqları ətraflı məlumatlandırıb.
Görüş çərçivəsində iki ölkənin ali seçki qurumları arasında gələcək əməkdaşlığın perspektivləri müzakirə edilib, həmçinin qarşılıqlı maraq doğuran məsələlərlə ətrafında fikir mübadiləsi aparılıb.