30 Oktyabr 2015 12:23
737
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müsavat Partiyası namizədlərinə oktyabrın 31-nə qədər vaxt verib. Partiyanın seçkilərdə iştirak etməməklə bağlı qərarına uyğun olaraq namizədlər imtina ərizələrini Dairə Seçki Komissiyalarına təqdim etməli, ya da Müsavat ilə yollarını ayırmalıdırlar.

Müsavatın Mərkəzi İcra Aparatının rəhbəri Gülağa Aslanlı Teleqraf.com-a açıqlamasında bildirib ki, Müsavat Partiyasının namizədləri oktyabrın 31-nə qədər mövqelərinə aydınlıq gətirməlidirər: "Hər kəsdən nizamnamənin tələblərinə əməl etməsi tələb olunur. Partiya seçkilərdə iştirak etməməklə bağlı qərar qəbul edib. Namizədlər ayın 31-ə qədər mövqelərini qətiləşdirməli, qərara uyğun addım atmalıdırlar. Müsavat Partiyası qərara zidd addım atacaq şəxslərin məsələsinə baxacaq".

Müsavat başqanı Arif Hacılı isə bildirib ki, Müsavatın namizədlərinin çoxu seçkidən çəkilməkləri ilə bağlı müraciət ediblər: “Düşünürəm ki, hər bir namizəd Müsavat Partiyasının qərarına uyğun olaraq seçki prosesində iştirakını dayandıracaq”.

“Bəzi namizədlər seçkidə sonadək iştirak edəcəklərini bildiriblər. Onlarla bağlı hansı addım atılacaq” sualına Müsavat başqanı belə cavab verdi: “Bəzi namizədlər seçki prosesindən çıxmaqla bağlı yalnız seçiciləri qarşısında götürdükləri öhdəliklərə görə problemlərlə üzləşir. Ancaq hesab edirəm ki, bu məsələ müsbət həll olunacaq və Müsavat Partiyasının bütün namizədləri seçki dairələrində öz namizədliklərini geri götürəcəklər. Müsavat Partiyası bütün qərarları kollegial olaraq qəbul eləyən bir təşkilatdır. Düşünmürəm ki, kimlərinsə xaric edilməsi problemi yaranacaq və biz bu məsələni müzakirə etmək zorunda qalacağıq. Əgər belə bir problem həqiqətən mövcud olacaqsa, biz bu məsələni müzakirə edəcəyik”.

Qeyd edək ki, bir neçə namizəd seçkilərdə sona qədər iştirak edəcəklərini bəyan edib. Müsavat Partiyasının namizədləri İsgəndər Həmidov, İltizam Əkbərli, İkram İsrafil, Razim Əmiraslanov, Söhrab Əmirov seçkilərdə iştirak edəcəklərini bildirib.

Namizədlər qeyd ediblər ki, seçki kampaniyasına kifayət qədər vəsait, vaxt sərf edib, enerji xərcləyiblər və seçicilərə müxtəlif vədlər, söz veriblər.Vətəndaşlar da onlara inanıb seçkilərdə iştirak edəcəklər. Belə olan halda seçkiyə bir neçə gün qalmış prosesdən kənarlaşmaq seçiciyə qarşı hörmətsizlik, rəqiblər qarşısında geri çəkilmək kimi başa düşülə bilər.

YAP-ın şöbə müdiri Aydın Mirzəzadə deyib ki, Müsavatın bu addımı xaricdən hansısa mərkəzlərin tapşırığı ilə bağlı ola bilər: “Siyasi partiyanın fəaliyyəti seçkidə iştirak etməkdir. Seçkidə iştirak etməyən, hakimiyyətə alternativ olmayan bir partiya artıq partiya deyil, dərnəkdir”.

Mərkəzi Seçki Komissiyasının (MSK) sədr müavini Natiq Məmmədov qeyd edib ki, seçkilərdə iştirakdan imtina hüququ səsverməyə 10 gün qalmışa qədər mövcuddur. Çünki həmin müddətdən sonra namizədlərin adları bülletenlərə salınır: "Müsavat Partiyası qanunvericiliyin imkan verdiyi müddətdə yox, bu müddətdən sonra seçkidə iştirakını dayandırdığını bəyan edib”.

Qeyd edək ki, Müsavat Divanı oktyabrın 28-də seçkidə iştirakı dayandırmaq barədə qərar qəbul edib. Göründüyü kimi, qərar hətta partiya daxilində birmənalı qarşılanmayıb və narazılığa səbəb olub. Bildirilir ki, partiyanın qərarının nəinki hüquqi əsası yoxdur, hətta siyasi baxımından kifayət qədər əsaslandırılmayıb.

Ayxan


Müəllif:

Oxşar xəbərlər