Müsavat Partiyasının oktyabrın 25-də iki yüz nəfərlik mitinq keçirməsi, eləcə də, 1 noyabr parlament seçkilərində iştirakdan geri çəkilməsi müxalifət düşərgəsində müzakirələrə səbəb olub.
Bir çox siyasilər Müsavatın bu addımını anlaşılan hesab edirlər. Bildirirlər ki, mitinqə 250 nəfər vətəndaş, seçici toplaya bilməyən bir partiyanın seçkilərə 25 namizədlə getməsi, hansısa formada səs toplaması ümumiyyətlə mümkün deyil. Müsavatdan istefa verərək ADR Hərəkatında təmsil olunan şəxslər də hesab edirlər ki, Müsavatın bu duruma düşməsi, dalana dirənməsi təbii görünməlidir, çünki partiyada hazırda yürüdülən siyasət qrup maraqlarının reallaşdırılmasına istiqamətləndirilib ki, bunun da acı nəticəsi olmalı idi.
Lakin daha maraqlı məqam AXCP sədri Əli Kərimlinin Müsavatın mitinqinə verdiyi qiymətdir. Məhz bu qiymət tərəflər arasında qarşıdurmanı gücləndirib. Müsavatın 25 oktyabrda süst formada keçirdiyi aksiyanı sosial şəbəkələrdə şərh edən Əli Kərimli Müsavatı nəzərdə tutaraq onlara sual edib ki, hansı səbəblərdən bu partiya 2005-ci il seçkilərində keçirilən "Azadlıq" blokunun mitinqi kimi bir aksiya təşkil edə bilməyib: "Demirlər ki, indiki şəraitlə əvvəlki şəraiti arasında ciddi fərqlər yoxdur? O zaman nədən bizim əvvəllər qatıldığımız seçkilərdə keçirdiyimiz seçki mitinqlərinə bənzər mitinqləri indi təşkil edə bilmədilər?"
Müsavat başqanı Arif Hacılı isə bəyan edib ki, qarşı tərəfin nəzərdə tutduğu mitinq onun ideyası və təşkilatçılığı ilə baş tutub. Odur ki, Müsavatın ideyası ilə baş tutan mitinqləri indi onlara qarşı istifadə etmək heç də yaxşı bir şey deyil.
Yeri gəlmişkən, Arif Hacılının bu fikirləri sonradan nədənsə sosial şəbəkədəki müzakirələrdən silinib. Məntiqlə bu fikirləri Arif Hacılının özü və ya Əli Kərimli silə bilmək imkanındadır. Lakin görünən odur ki, Hacılı fikirlərini sonradan silmək məqsədilə yazmayıb. Demək, onun fikirlərini AXCP rəhbəri silib. Ancaq müzakirələr bununla başa çatmayıb.
Müsavat başqanı Arif Hacılının müavini Səxavət Soltan isə Əli Kərimliyə xatırladıb ki, 2005-ci ildə "Azadlıq" blokundan olan namizədlərin çoxu İctimai Televiziyada çıxış edib. Lakin 2015-də namizədlərin tv-də çıxışları olmayıb. Odur ki, bu iki aksiya arasında fərqlər axtarmaq doğru olmazdı.
AXCP sədrinin mavini Nurəddin Məmmədli də Müsavatı nəzərdə tutaraq onların öz səhvlərini etiraf etməyə çağırıb.
Görünən budur ki, AXCP-Müsavat arasında qarşıdurma hələ bir müddətdə davam edəcək. İndiki halda AXCP Müsavatın zəif mitinq keçirməsindən istifadə edərək bu partiyanın son aylar izlədiyi siyasətin səhv olduğunu qeyd edir və bunun etiraf olunmasını istəyir. Müsavat isə səbrlə və aramla AXCP-yə cavab verməyə, ümumiyyətlə bu mövzunu unutdurmağa çalışır. Şübhəsiz ki, AXCP-nin yaxın gələcəkdə istənilən uğursuz addımı müsavatçılar üçün şans olacaq və onlar bu şansdan AXCP-yə qarşı maksimum istifadə edəcəklər.
CAVİDAN