31 Oktyabr 2015 12:13
892
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xəbər verdiyimiz kimi, Müsavat Partiyası qarşıdan gələn parlament seçkilərindən geri çəkilib.


Müsavat seçki marafonu başlayan kimi 74 namizəd irəli sürsə də, 25 namizəd MSK-da qeydə alınıb. Seçkiyə 5 gün qalmış isə partiya seçkilərdən çəkilmək haqqında qərar verib.

Hazırda bu qərar partiyanın daxilində ciddi müzakirə mövzusudur. Seçki qanunvericiliyinə əsasən də, siyasi qüvvə seçkidən geri çəkildiyi haqda qərarını seçkilərin keçiriləcəyi gündən 10 gün əvvəl verə bilər. İndilikdə isə seçki bülletenləri çap edilib, Müsavatın namizədlərinin adları bülletenə daxil edilib.

Düzdür, artıq partiyanın bəzi namizədləri Divanın qərarına tabe olub. Lakin bu qərara tabe olmayanlar və seçkilərdə iştirak etməkdə qərarlı olanlar da var. Onların sayının 10-dan az olmadığı haqqında bilgilər də mövcuddur. Lakin bu namizədlərin bəziləri seçki prosesini davam etdirsə də, açıq-açığına Müsavatın qərarına qarşı çıxmaq istəmirlər. Lakin bu qərara qarşı çıxanlar, onu təftiş edənlər də az deyil.

79 saylı İmişli Seçki Dairəsindən namizədliyini irəli sürən İltizam Əkbərli partiyanın bu qərarı ilə razı deyil və seçkidə sona qədər iştirak edəcəyini bildirir. Bunu namizədin özü bəyan edib. Bununla belə İltizam Əkbərli Müsavat Divanının qərarını şərh etmək istəməyib: “Mən bu qərarı şərh etmək istəmirəm, sonadək davam edəcəyəm. Rəqiblərim bu qərardan sevincək olaraq, əhali arasında namizədliyimi geri götürməyimlə bağlı yalan məlumat yayıblar. Mənə bu xəbər dünən seçicilərlə görüş keçirdiyim vaxtda çatıb. Amma bildiyiniz kimi, seçki komandamız tam tərkibdə öz işini davam etdirir”.

115 saylı Şəki Kənd Seçki Dairəsindən namizədliyini irəli sürən İkram İsrafil də görüşlərini davam etdirib və təbliğat kampaniyasını yekunlaşdırıb. İkram İsrafil də seçkilərdə sona qədər iştirak etmək niyyətindədir. O, hətta Müsavat rəhbərliyinə müvafiq müraciət də edib: “Şəkidən 80 km uzaqlıqda olan kəndlərin hər birində görüş keçirmişik. Dairə ərazisindəki 10.000 ailədə olmuşuq. 42 məntəqənin ərazisində görüşlər keçirmişik. İnsanlara yaşadıqları problemləri həll edəcəyimizə söz vermişik. Bu kəndlərin insanları millət vəkili olduğum dövrdə doğulduğum Bideyiz kəndində yol örtüyünün çəkilməsi, kəndin telefonlaşması, iki ədəd su artezian quyusunun qazılması, 100 metr beton bəndin hazırlanması və. s kimi əsas problemlərin həllinə nail olduğumu bilirlər. Bu insanlar ümidlə seçkiyə gəlib mənə səs verəcəkərini gözləyirlər”.

İsgəndər Həmidov: “Bəyan etmişəm ki, sonadək seçkidə iştirak edəcəyəm”

Müsavat Partiyasının xətti ilə namizədliyini 123 saylı Kəlbəcər Seçki Dairəsindən irəli sürən İsgəndər Həmidov da seçkilərdə sona qədər iştirakı vacib hesab edib. Deyib ki, Müsavat Divanının məlum qərarı onu da pis vəziyyətdə qoyub: “Seçki təşviqat kampaniyası başlayandan mən 30 rayonda, 50-dən yuxarı kənddə olmuşam, ölkənin dörd bir yanına səpələnmiş kəlbəcərli seçicilərimlə görüşlər keçirmişəm, seçicilər mənə böyük dəstək veriblər, onların qarşısında çıxışlarımda, mətbuata da müsahibələrimdə bəyan etmişəm ki, seçicilərin ümidlərini heç etməyəcəm və seçkidə sona qədər iştirak edəcəyəm. Bəyan etmişəm ki, sonadək seçkidə iştirak edəcəyəm. Bütün bunların hamısını nəzərə alıb Müsavat rəhbərliyi ilə müzakirə aparıb bir qərara gəlməliyik”.

Yeri gəlmişkən, 120 saylı Qubadlı-Cəbrayıl Seçki Dairəsindən namizədliyini irəli sürən Razim Əmraslanlı da deyib ki, seçiciləri ilə məsləhətləşdikdən sonra qərarını verəcək.

Sevinc Hüseynova: “Qərara tabe olmayanın məsələsi müzakirəyə çıxarılıb müvafiq qərar veriləcək”
Müsavat MNTK-nın sədri Sevinc Hüseynova deyib ki, namizədlər seçkilərlə bağlı Divanın qərarına hörmətlə yanaşmalıdır. Onun sözlərinə görə, Müsavat Divanının qərarında birmənalı şəkildə göstərilir ki, partiya seçkilərdən çəkilir: “Seçkilərdə iştirak edən adam Müsavat Partiyası adından təmsil oluna bilməz. İnanıram ki, Divanın qərarına əməl edəcəklər”.

MNTK sədri daha sonra seçkidən çəkilməyən namizədlərə xəbərdarlıq edib: “İkram İsrafil partiya Nizamnaməsini pozub. Partiya parlament seçkilərində iştirakla bağlı qərar verəndə, istisna hal kimi öhdəlik var idi ki, seçkidən geri çəkilmə olarsa, üzvlər də buna əməl edəcəklər. İkram İsrafil də bu öhdəliyi üzərinə götürüb və səs verib. İndi İkram İsrafil deyir ki, seçicilərlə görüşüb, burda etimad məsələsi var. Sən üzvü olduğun partiyanın qərarlarına hörmət etmirsənsə, onun etimadını yerə vurursansa, seçicinin etimadını necə qazanacaqsan? Qərarını dəyişməyəcəksə, İkram İsrafilin məsələsinə baxılacaq”.

Cavidan


Müəllif: