3 Noyabr 2015 17:53
725
12 Punto 14 Punto 16 Punto 18 Punto

Prezident İlham Əliyev “Kütləvi informasiya vasitələri haqqında” Qanunda dəyişiklik edilməsi barədə Milli Məclisin qərarının təsdiqlənməsi haqqında sərəncam imzalayıb.

Qeyd edək ki, Milli Məclisin oktyabrın 20-də keçirilmiş plenar iclasında “Kütləvi informasiya vasitələri haqqında” Qanuna dəyişiklik edilməsi barədə qanun qəbul edilib.

Qanunun 44-cü maddəsinə aşağıdakı məzmunda üçüncü hissə əlavə edilib: “Kütləvi informasiya vasitəsində cinayət işləri üzrə ibtidai araşdırmanın mahiyyəti və nəticələri barədə həqiqətə uyğun olmayan və ya təhrif edilmiş məlumatlar verildikdə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən və ya ibtidai araşdırmanı aparan orqan məlumatın təkzib olunması və ya düzəliş verilməsi tələbi ilə müraciət etmək hüququna malikdir”.

“Bu dəyişiklik məsuliyyətli olmaq vərdişləri formalaşdıracaq”

Dəyişikliyi şərh edən Mətbuat Şurası sədrinin müavini Müşfiq Ələsgərli hesab edir ki, Prezidentin imzaladığı sərəncam 2009-cu ildən başlayaraq intensiv şəkildə “KİV haqqında” Qanuna, o cümlədən, informasiya alınması və yayılmasına aidiyyatı olan digər qanunlara edilən əlavə, dəyişiklik və dəqiqləşdirmələrin davamıdır: “Bu əlavə, dəyişiklik və dəqiqləşdirmələrin hər biri dövrün tələbindən irəli gələn, ənənəvi və yeni medianın inkişaf tempinə uyğun olaraq atılan zəruri addımlardır. 44-cü maddəyə edilən əlavəyə də ənənəvi və yeni medianın, sosial şəbəkələrin inkişaf tempinə uyğun olaraq verilmiş, zərurət duyulan qərarlar kontekstində yanaşmaq lazımdır. Belə ki, müxtəlif səbəblərdən istintaq hərəkətlərinə cəlb edilən şəxslər haqqında KİV və sosial şəbəkələrdə yayılan araşdırılmamış, qeyri-dəqiq, bəzən qərəzli informasiyalar cəmiyyətdə çaşqınlıq, vahimə, qorxu yaratmaqla yanaşı, istintaqa cəlb edilmiş şəxsin taleyinə də ciddi təhlükə yaratmış olur. Hüquqda “Təqsirsizlik prezumpsiyası” deyilən anlayış var və bu anlayışa əsasən, günahı sübuta yetirilməyənədək insan günahsız sayılır. İstintaqa cəlb edilmiş şəxs, mümkündür ki, öz günahsızlığını sübut edərək istintaq hərəkətlərindən azad edilsin, normal həyatına dönsün. Bunun bariz nümunəsini biz son zamanlar istintaq hərəkətlərinə cəlb edilmiş iş adamları ilə bağlı prosesdə gördük. İstintaqa cəlb edilmələri barədə informasiya yayılan iş adamlarının əksəriyyəti indi sərbəstdirlər və fəaliyyətlərini davam etdirirlər. Amma sosial şəbəkələr, bəzi KİV-lər yaydıqları yanlış informasiyalarla onlar haqqında elə rəy yaradıblar ki, bu şəxslərin reputasiyalarına ciddi zərbə dəyib, cəmiyyətin isə doğru informasiya almaq hüququ tapdanıb”.

“Bu, istintaq orqanları qarşısında da məsuliyyət qoyur”

M.Ələsgərlinin fikrincə, 44-cü maddəyə əlavə edilən 3-cü hissə informasiya istehsalçılarında istintaq hərəkətlərinə cəlb edilmiş şəxslər haqqında xəbər hazırlayarkən daha məsuliyyətli olmaq vərdişləri formalaşdıracaq: “Bu məsələdə xüsusi bir məqama da diqqət yetirilməsi zəruridir. 44-cü maddəyə edilən əlavə təkcə jurnalistlərə, KİV redaksiyalarına, sosial şəbəkə fəallarına, bir sözlə, informasiya istehsalçılarına yönəlməyib. O, həm də ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən və ya ibtidai araşdırmanı aparan orqan üzərində də məsuliyyət qoyur. Bu, ibtidai araşdırmanı aparan orqan üçün həm hüquq, həm də məsuliyyətdir. Onlar istintaqa cəlb edilmiş şəxslər və prosesin gedişi barədə informasiyaların dəqiq, səlis şəkildə yayılmasına nəzarət etməli, yol verilmiş yanlışlıqların aradan qaldırılması üçün təşəbbüs göstərməlidirlər”.

“Yeni qanunda KİV-in fəaliyyətini məhdudlaşdıracaq məqam yoxdur”

“525-ci qəzet”in baş redaktoru Rəşad Məcid hesab edir ki, burada KİV-in hər hansı fəaliyyətini məhdudlaşdıracaq məqam yoxdur: “Sadəcə KİV-ləri məsuliyyətli olmağa, ciddi, etibarlı mənbələrə istinada çağıran məqamlar var. Ola bilsin, aidiyyatı orqanları internet mediasında, fərqli media qurumlarında bir sıra məsuliyyətsiz, qeyri-ciddi mənbələrə əsaslanan informasiyalar narahat edib. Onlar da qanunvericilikdə dəyişiklik olunması ilə bağlı məsələ qaldırıblar. Məsələ parlamentdə müzakirə olunub və indi də cənab Prezident tərəfindən təsdiqlənib. Görürük ki, ibtidai istintaq zamanı xeyli fərqli saytlarda təxəyyülə əsaslanan, yanlış informasiyalar dərc olunur. Bu da istintaqın fəaliyyətinə təsir göstərir. Yəqin belə dəyişikliyin olması məhz bu zərurətdən yaranıb. Bu, istintaqa təsir edəcək və ictimaiyyətdə səhv təsəvvür yaradacaq məqamların sürətlə aradan qaldırılmasına təkan verəcək”.

“Bu dəyişiklik KİV-in inkişafı üçün əlamətdar hadisədir”

“İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə bildirib ki, qanunvericilik bazasının təkmilləşdirilməsi və dövrə uyğun daha da müasirləşdirilməsi hər bir sivil cəmiyyətdə günün tələbidir. Onun sözlərinə görə, Azərbaycan dövləti inkişaf etdikcə, beynəlxalq konvensiyalara qoşulduqca ölkəmizdə də bir sıra qanunlarda dəyişikliklərin olması qaçılmazdır: “Təbii ki, bu dəyişikliklər Azərbaycan cəmiyyətinin daha yaxşı inkişafına, insanların firavan həyat şəraitində yaşamasına xidmət göstərən dəyişikliklərdir. Parlamentin qəbul etdiyi və Prezident tərəfindən təsdiq olunan “Kütləvi informasiya vasitələri haqqında” Qanuna dəyişiklik də vətəndaşların və bütövlükdə Azərbaycan KİV-in inkişafı üçün əlamətdar hadisədir.

Bu dəyişikliyi təqdirəlayiq sayıram və alqışlayıram. Bu dəyişikliklər həm mətbuatın düzgün istiqamətdə formalaşmasına, həm də media işçilərinin öz peşə qaydalarına düzgün yanaşmasına böyük təkan verəcək. Cəmiyyət də bundan çox razı qalacaq. Bu gün peşəkar fəaliyyət göstərən mətbuat orqanlarımız və jurnalistlərimiz var, amma çox təəssüflər olsun ki, qeyri-peşəkarlar da az deyil. Qeyri-peşəkarlar çap mətbuatında olmaqla yanaşı elektron mediaya da sirayət ediblər. Medianın nüfuzuna xələl gətirə biləcək informasiyaların yer alması qüsurlu və yolverilməz haldır. Son dəyişikliklər mətbuat orqanlarının, jurnalistlərin məsuliyyətinin artmasına, öz peşələrinə daha dəqiq yanaşmasına zərurət yaradacaq. Bütövlükdə media orqanlarının düzgün prinsiplər əsasında fəaliyyətinə təsir göstərəcək”.

Nərgiz Ehlamqızı


Müəllif: