4 Noyabr 2015 16:05
699
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Ağ Blok”da təmsil olunan müsavatçılar Müsavat Partiyası ilə yollarını ayırmaq üzrədir. Son parlament seçkilərində partiyanın xətti ilə deyil, “Ağ Blok” formatında seçkilərə qatılan gənc müsavatçılar partiyanın indiki rəhbərliyi altında fəaliyyət göstərmək niyyətində deyillər.

“Ağ Blok”un əsas rəhbəri Tural Abbaslı deyib ki, parlament seçkilərində 4 namizəd irəli sürüblər. Onun sözlərinə görə, hər namizəd öz seçki dairəsində ciddi mübarizə aparıb: “Dörd namizədimiz isə qeydə alınmadı. Bu, “Ağ Blok”un ilk siyasi sınağı idi. Hesab edirik ki, bu sınaqdan uğurla çıxdıq. Qələbə olmasa da, gənclərin ifadəçisi olduq. 2018-ci ilə qədər ölkədə seçki gözlənilmir. Bu isə o deməkdir ki, yaxın 3 ildə siyasətdə aktivlik müşahidə olunmayacaq. Biz də bu imkandan istifadə edərək “Ağ Blok”un üzərində müəyyən siyasi layihələr düşünəcəyik. Çalışacağıq ki, blok siyasi arenada yeni formatda ortaya çıxsın, güc halına çevrilsin. Həm də çalışacağıq ki, bura yeni gənclər meyl etsin. Artıq cəmiyyətin üzərindən xətt çəkdiyi siyasətçilər burada təmsil olunmasın. Çünki biz son seçkidə gördük ki, gənclər olan yerdə, səmimi münasibət olan halda adi vətəndaşlar bizi dəstəkləyir. Odur ki, biz bu istiqamətdə yeni addımlar atacağıq və bunu etmək üçün yaxşı platformanın sahibiyik. Böyük ehtimalla siyasi quruma çevriləcəyik. Ancaq bu qurumun hansı formatda olacağını müzakirələrdən sonra biləcəyik. Hazırda müzakirələr davam edir. Biz o iddiada deyilik ki, yaxın 2-3 ay ərzində böyük siyasi qüvvəyə çevriləcəyik. Amma 2018-ci ilə qədər zamanımız var və doğru addımlar atmaqla 2 il müddətinə güclü siyasi struktur kimi ortaya çıxmaq mümkündür”.

“Ağ” sözünü saxlayacağıq”

Tural Abbaslı xüsusilə vurğulayıb ki, yeni siyasi quruma çevrilən zaman “Ağ” adını saxlayacaqlar: ““Ağ Blok”, Ağ Partiya, Ağ Hərəkat ola bilər. Lakin “Ağ” sözünü dolayısı ilə brendləşdirmişik, bu sözün tanınması üçün əmək sərf etmişik. Bu adın tanıdılması üçün çəkilən əziyyət var. Həm də bizim fəlsəfəmiz belədir ki, ağ səhifədən yeni insanlar, ləkəsiz şəxslər yazmağa başlayır. Bu, yenilik, təmizlik rəmzi olaraq götürülür. Böyük ehtimalla bu sözü saxlayacağıq. Müzakirələrin sonunda ad dəqiq bəlli olacaq”.

“Gözləməyəcəyik ki, kimsə bizi Müsavatdan xaric etsin”

Müsahibimiz qeyd edir ki, onlar siyasi struktur formalaşdırsalar, Müsavat Partiyasından gedəcəklər: “Müsavatın nizamnaməsi, siyasi partiyalar haqqında qanun var. Yaradacağımız siyasi formatda təmsil olunanların digər partiyalarda təmsilçiliyi mümkün olmasa, bu zaman siyasi və hüququ addımlar atılacaq. Bu addımlar biz özümüz öncədən atacağıq. Biz siyasi partiya yaradacağıqsa, Müsavat Partiyasında təmsil oluna bilməyəcəyik. Bu zaman da gözləməyəcəyik ki, kimsə durub barəmizdə danışsın və bizi Müsavatdan xaric etsin. Elə ilk addımı özümüz atacağıq. Yox, əgər yaratdığımız qurumda təmsil olunmaq ölkə qanunlarına görə, Müsavatda təmsil olunmağımıza problem yaratmayacaqsa, bu zaman partiya üzvü olaraq qalacağıq. Hüquqi qarşıdurma yaranacağı təqdirdə isə seçimi özümüz edəcəyik”.

“Problem Müsavatla deyil”

“Ağ Blok”un nümayəndəsi deyir ki, əslində, onların Müsavatla heç zaman problemləri olmayıb: “Müsavata həyatımın, siyasi fəaliyyətimin 15 ilini vermişəm. Gözümü açandan Müsavatın adı və emblemi, bayrağı ilə böyümüşəm. Qəlbimdə hər zaman müsavatçıyam. Sadəcə olaraq problemim partiyanın indiki rəhbərliyi və onların yürütdüyü siyasətlə bağlıdır. Müsavatı kimsə özəlləşdirə, möhürü əlində tutaraq hansısa qurultayın qərarına görə, partiyanın adından biz danışacağıq deyə özününküləşdirə bilməz. Bu insanlarla şəxsi prinsiplər üzərində deyil, siyasi məsələlərə görə, problem yaşayırıq. Əgər, bu şəxslər səhvlərini anlasalar, partiyanı hansı gülünc duruma gətirdiklərini başa düşərək doğru addımlar atsalar, qarşısında səhv etdikləri, ədalətsiz münasibət sərgilədiyi şəxslərdən üzr istəsələr, qarşıdurmamız olmaz. Odur ki, mənim Müsavatla mübarizəm yoxdur. Müsavat adından danışan, lakin müsavatçılıq adına yaraşmayan addımlar atan, siyasət yürüdən şəxslərlə problemim olub və bundan sonra da olacaq”.

Cavidan


Müəllif: