5 Noyabr 2015 19:35
646
12 Punto 14 Punto 16 Punto 18 Punto

Cəbhəçilər narazı qanada qoşulmağa davam edir

Razi Nurullayevin sədri olduğu AXCP keçirdikləri qurultayın sənədlərini qaydaya salaraq Ədliyyə Nazirliyinə təqdim edib.

Əli Kərimlinin sədri olduğu AXCP də qurultaylarının sənədlərini müvafiq nazirliyə təqdim edib. İndi gözlər Ədliyyə Nazirliyinə dikilib. Çünki nazirlik bu iki AXCP-dən birini rəsmi AXCP olaraq tanıyacaq.


Narazı AXCP isə təşkilatlanma işlərini davam etdirir. Dünən narazı cəbhəçilərin toplaşdığı AXCP-də sədr müavinləri təyinatı olub. Ehtiram Mehtiyev ictimaiyyətlə əlaqələr, Səbuhi Əliyev isə siyasi məsələlər üzrə müavin vəzifəsinə təyin edilib. Bundan öncə də iki sədr müavini təyin edilib.

Bu arada Əli Kərimlinin nəzarətində olan AXCP-də daha bir cəbhəçi istefa verərək narazılara qoşulub. Xalq Hərəkatının fəallarından olan Hüseyn Məmmədov AXCP-yə üzv olmaq üçün müraciət edib. Partiyanın 18 oktyabrda keçirilən Etimad Qurultayında qonaq qismində iştirak edən hərəkat fəalı bu qərarı qəbul etməsində qurultayın böyük təsirinin olduğunu bildirib: “25 il öncə yaranan xalq hərəkatına qoşulanlardan biriyəm. Həmin dövr çox çətin bir dövr idi. Hərəkata qoşulanlar təqiblərə məruz qalırdılar, döyülürdülər, tutulurdular. Həmin döyülənlərdən biri də mən olmuşam. Ancaq bu yoldan çəkilməmişəm. Buna baxmayaraq xalq hərəkatı partiyaya çevriləndən sonra mən bu partiyadan kənarda qaldım. İnanırdım ki, AXCP öz ideyasını-Elçibəy ideyasını davam etdirəcək. Ancaq bu ideyalardan uzaqlaşmağa başladılar. Mən hər hansı bir şəxsi tənqid etmək istəmirəm. Ancaq onu demək istəyirəm ki, əgər 24 ildə heç bir nailiyyət əldə olunmayıbsa, bu, birbaşa partiya rəhbərinin günahıdır. Əgər partiya rəhbəri bunu hiss edirsə, istefa verməli, yox əgər hiss etmirsə, demək o xalqına, millətinə yox, özünün şəxsi maraqlarına qulluq edir. Bizlər səsimizi ucaldaraq ona öz yerini göstərməliyik. Elə Etimad Qurultayının məqsədlərindən biri də bu idi”.

Hərəkatçı bəyan edib ki, narazılara dəstək vermək niyyətindədir: “Doğrudan da, bu gün AXCP yeni yola, yeni tarixə, yeni uğurlara gedən bir yola çıxıb. Bu yolda mən hamıya uğurla addımlamağı arzu edirəm. Qurulayda iştirak edən gəncləri görəndə bir anlıq öz gəncliyimə qayıtdım. Çox sevindim ki, hələ çox-çox təmiz beyinli, təmiz fikirli gənclər var. İnanıram ki, bu gənclərin sayı hələ çoxalacaq, səsimizə səs verib bizə qoşulacaqlar”.
Narazı cəbhəçilərin toplaşdığı AXCP-nin funksioneri Rafiq Daşdəmirli isə deyib ki, onların təşkilatlanma prosesi davam edəcək. Onun sözlərinə görə, yaxın müddətdə AXCP bir sıra tədbirlər həyata keçirməyi planlayıb. Bu tədbirlər içərisində həbsdə olan AXCP üzvlərinə dəstək vermək, onların azadlığa çıxmasına nail olmaq, bu məsələni diqqətdə saxlamaq da var.

Cavidan


Müəllif: