10 Noyabr 2015 19:52
533
12 Punto 14 Punto 16 Punto 18 Punto

Həm Razi Nurullayevin, həm də Əli Kərimlinin sədrlik etdiyi AXCP-lər Ədliyyə Nazirliyinin cavabını gözləyir. Belə ki, nazirliyin müvafiq cavabından sonra rəsmi AXCP-nin hansı tərəf olduğu konkretləşəcək.

Alternativ AXCP-nin sədri Razi Nurullayev bildirib ki, onların Ədliyyə Nazirliyi ilə müəyyən təmasları olur: “Biz qurultaydan sonra sənədləri qaydaya salıb nazirliyə göndərmişik. Nazirliyin son açıqlaması məsələnin kifayət qədər gündəmdə olduğunun və məsələyə diqqətlə yanaşıldığının göstəricisidir.

İstənilən halda bu problem var və problemin çözülməsi Ədliyyə Nazirliyindədir. Ümid edirik ki, nazirlik AXCP-nin hüquqi varisi kimi bizi tanımalıdır. Fikirlərimizdə qərarlıyıq. Düşüncəmə görə, müsbət cavab da ala bilərik. Araşdırmanın tez bitəcəyi düşüncəsində deyiləm. Kifayət qədər ekspertizalar, analizlər keçirilməlidir. Bu da müəyyən vaxt aparacaq. Qərarın tezliklə verilməsini gözləmirəm. Ədliyyə Nazirliyinin bu məsələyə müdrik yanaşacağı qənaətindəyəm. Ancaq biz fəaliyyətimizi nazirliyin qərarlarına uyğunlaşdıra bilmərik. Məqsədimiz, məramımız var və hədəflərə doğru irəliləyəcəyik”.

Bir zamanlar AXCP Gənclər Komitəsində təmsil olunan, indi isə məhbəsdə olan Seymur Həzinin ən yaxın adamı, hazırda narazı cəbhəçilərin toplaşdığı AXCP-nin funksioneri Eltural Mürsəlzadə isə maraqlı bir məsələyə toxunub. Bildirib ki, AXCP-də Əli Kərimliyə ilk real müxalifət partiyanın Gənclər Komitəsinin sədri Seymur Həzi olub: “Biz AXCP Gənclər Komitəsinin üzvləri olaraq Əli Kərimlinin siyasətinə qarşı çıxdıq. Onun avtoritarlığına, yerlibazlığına etiraz etdik. Həm də “Azadlıq” qəzeti bağlanır adıyla sadə zəhmətkeşlərdən yığdığı pullara qarşı çıxdıq. Nəhayət, öz təşkilatımız olan AXCP-ni qurduq. İndi Seymur Həzi həbsdədir və Əli Kərimli onun adından istifadə edir. Lakin biz Seymur Həzini unutmadıq”.

AXCP Şirvan rayon şöbəsinin sədri İsmayıl Nadirli qarşı tərəfi ciddi tənqid edib, ittihamlar səsləndirib: “Adi qaydada normal seçki keçirə bilmirlər, demokratiyadan danışıb, total saxtakarlıq edirlər, amma özlərini demokratiyanın carçısı sayırlar. Əli Kərimli özündən yalançı lider obrazı düzəltməklə nəyəsə nail olacağını düşünür. Amma 5-10 nəfərlik mitinqlə nəyəsə nail olmaq mümkünsüzdür. Cəmiyyətin fikirlərini təkcə mitinqləmi ifadə etmək olar? Daha alternativ yollardan istifadə etmək məsləhət deyilmi? Ümumiyyətlə, müxalifət hökumətin etməli olub, etmədiyi məsələləri müzakirəyə çıxarmalı və öz təkliflərini irəli sürməlidir. Bütün bunlar üçün danışıqlar və dialoq vacib şərtlərdəndir. Bəzi xarici qüvvələr AXCP-nin keçmiş sədri Əli Kərimlidən ölkəmizə təsir və təzyiq vasitəsi kimi istifadə edir və qarşılıqlı siyasi anlaşmanın yaranmasına mane olur”.

Cavidan


Müəllif: