11 Noyabr 2015 17:24
793
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya prezidenti Vladimir Putin Qafqaz regionunda hava hücumundan müdafiə sisteminin yaradılması üçün Ermənistanla müqavilə imzalaması barədə sərəncam verib. Sərəncama əsasən, Rusiya müdafiə və xarici işlər nazirlikləri Ermənistan tərəfi ilə danışıqlar aparacaq.

Məsələ ilə bağlı Teleqraf.com-a fikirlərini açıqlayan politoloq Elxan Şahinoğlu bildirib ki, Rusiya və Ermənistanı strateji hərbi əməkdaşlıq birləşdirir və bu iki dövlət arasında bir sıra anlaşmalar var: “Bu, anlaşma imzalanarsa, Rusiya Ermənistanın hava sahəsini də qoruyacaq. Əslində bu cür addımlar Azərbaycanın əleyhinə yönəlib. Bundan əlavə, bu yaxınlarda Rusiya Xarici İşlər naziri Sergey Lavrov İrəvana səfəri zamanı bildirdi ki, AŞPA münaqişənin həllinə qarışmamalıdır. O, bu fikri ona görə səsləndirdi ki, bir neçə gün öncə AŞPA Komitəsində bir qətnamə qəbul olundu. Həmin qətnamədə Azərbaycanın torpaqlarının işğal olunduğu, Ermənistan silahlı qüvvələrinin həmin işğaldan vaz keçməsinin vacibliyi, azərbaycanlı qaçqınların geri qayıtmasının gərəkliliyi vurğulanır. Bu da Kremli narahat edir.

Rusiyaya o da aydındır ki, Azərbaycan öz torpaqlarını işğaldan azad etmək istəyir. Düzdür, bu gün Azərbaycanın Ermənistana hücum etmək kimi bir planı yoxdur. Azərbaycan münaqişənin sülh yolu ilə həllinə tərəfdardır. Bu müqavilənin isə Dağlıq Qarabağa heç bir aidiyyatı yoxdur. Yəni Rusiya Ermənistanın səmasını qoruya bilər. Qarabağın səması isə Ermənistana aid deyil. Ona görə biz Qarabağı hərbi yolla azad etmək yolunu tutsaq, Rusiya əslində bizə mane olmamalıdır”.

Röya


Müəllif: