12 Noyabr 2015 11:24
631
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mixail Zabelin: “Avropa Parlamenti 1 milyondan çox qaçqının hüquqlarını tanımır”

“Parlament seçkiləri yüksək səviyyədə keçdi. Seçicilər aktiv şəkildə səsvermə məntəqələrinə gəlib səs verirdi. Yeni Azərbaycan Partiyasının namizədlərinin qalibiyyəti insanların hakim partiyaya, onun rəhbərliyinə və sədri cənab İlham Əliyevə olan etibarın nəticəsidir”.

Bu fikirləri YAP-ın 12 saylı Qaradağ-Binəqədi-Yasamal seçki dairəsindən namizədi, deputat Mixail Zabelin deyib.

O söyləyib: “Konstitusiya Məhkəməsi qalib gəldiyimizi rəsmi surətdə təsdiqləməyib, ona görə də qələbə haqda danışmaq bəlkə də erkəndir. Amma Mərkəzi Seçki Komissiyasının ilkin nəticələri bəllidir, bəyan etmək olar ki, Yeni Azərbaycan Partiyası seçkilərdə qələbə çalıb. Rusiya Mərkəzi Seçki Komissiyası, Rusiya Dövlət Duması, Avropa Şurası Parlament Assambleyası, o cümlədən səsvermə və səslərin sayılması prosesində iştirak edən beynəlxalq müşahidəçilərin rəylərinə əsasən demək olar ki, seçkilərin nəticəsi legitimdir”.

M.Zabelin qeyd edib ki, təmsil olunduğu seçki dairəsi Qaradağ, Yeni Yasamal, Binəqədi rayonu, Xocahəsən, Sulutəpə qəsəbəsinin ərazilərini əhatə edir: “Bizim partiyanın rəhbəri cənab prezident İlham Əliyevdir. YAP insanlar arasında böyük etibara malik partiyadır. İnsanlar bilir ki, YAP-a İlham Əliyev sədrlik edir. İnsanlar partiyanın irəli sürdüyü namizədə etimad göstərir. Onlar hakim partiyanın namizədi olduğumuz üçün bizdən ölkədəki iqtisadi, siyasi, sosial, insan hüquqları sahəsindəki proseslərdə daha aktiv iştirakımızı gözləyir. Məmurların bir çoxu bəzən insanların bölgələrdə qarşılaşdıqları problemlərə biganə yanaşır. İnsanlar onların dəstəyini görmədikləri üçün bu biganəliyə görə öz problemlərini birbaşa deputatlara bildirirlər. Əlbəttə, biz bina tikə, yol çəkə və ya kimisə pensiyaya düzəldə bilmərik.

Məmurlar gərək yerində insanların problemlərinə yardım edələr, onlar öz məmurlarına və deputatlarına inanalar. Şükürlər olsun ki, indi insanların qaz, su, işıq problemi yoxdur. Məsələn, Xocahəsən rayonunda şəraitsiz məktəblər fəaliyyət göstərir. Təbii ki, onları təmir edə bilmərəm, vəziyyətlə bağlı aidiyyatı orqanlara müraciət edəcəyəm”.

Beynəlxalq müşahidəçilərin seçki prosesini izləməsinə toxunan M.Zabelin Rusiya və digər ölkələrdən müşahidəçilərin gəldiyini xatırladıb: “Təəssüflər olsun ki, son vaxtlar Azərbaycanla bağlı Avropa Parlamenti qeyri-obyektiv qətnamələr qəbul etdi. Azərbaycan demokratiya sahəsində əlindən gələni edir. Azərbaycan ərazisində 1 milyon insanın hüququ pozulub. Qaçqınların, öz torpağından didərgin düşən məcburi köçkünləırin hüquqları bəs haradadır? Avropa Parlamenti 1 milyondan çox qaçqının hüquqlarını tanımır. Azərbaycanın Qərb partnyorları ölkəmizə siyasi təzyiqlər edirlər, Azərbaycanın ərazi bütövlüyü pozulub, qaçqınların hüquqlarının bərpası üçün heç nə etmirlər. Onların sərgilədiyi mövqe ikili standartlardan xəbər verir. Bununla isə qətiyyən razılaşmıram. Hesab edirəm ki, ilk növbədə öz yurd-yuvasından qaçqın düşən 1 milyon insanın hüququnun bərpası üçün mövqe bildirməlidirlər”.

Nərgiz


Müəllif: