12 Noyabr 2015 21:33
635
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hüseyn Məlik: “Müsavatda yeni qüvvələrə qarşı total hücum müşahidə olunur”

Müsavat Partiyasında sıravi üzvlərin, xüsusilə, Azərbaycan Demokratiya və Rifah Hərəkatına (ADR) meyl edən şəxslərin cəzalandırılması prosesi davam edir. Artıq bir neçə ADR Hərəkatının üzvü Müsavat sıralarından xaric edilib.

ADR Hərəkatının funksioneri Hüseyn Məlik deyib ki, Ramil Sadıqlı adlı şəxs Cəlilabadda Müsavatın rayon təşkilatının sədr müavini olmayıb, lakin belə təqdim edilib: “Ola bilsin ki, son dövrlərdə sədr müavini olub. Amma bu şəxs həm də ADR Hərəkatının Cəlilabad rayonunda təşkilat komitəsinin sədridir. Təsəvvür edin ki, Ramil Sadıqlı sosial şəbəkədə bir status yazıb, bu status Arif Hacılının xoşuna gəlmədiyi üçün onu Müsavatdan xaric ediblər. Açıq demək lazımdır ki, Müsavatda yeni qüvvələrə qarşı total hücum müşahidə olunur. Ramil Sadıqlı da bunun qurbanlarından biridir. Mən Müsavat rəhbərliyinin bu hücumunun səbəblərini açıqlamaq istəmirəm, çünki açıqlasam ara qarışar. Ancaq ötən il sentyabrın 27-dən sonra Müsavatda milli qüvvələrə qarşı total hücum start götürüb və bu proses davam edir. Hələ bir çox şəxsləri də bu aqibət gözləyir. Yəni onların da partiyadan qovulması baş verəcək. Hesab edirəm ki, Müsavatda qalan milli qüvvələrin təmsilçiləri geri çəkilməlidir”.

Hüseyn Məlik vurğulayıb ki, hazırda kifayət qədər ADR Hərəkatının üzvləri var ki, həm də Müsavat Partiyasında təmsil olunurlar. Onun sözlərinə görə, Müsavatın İsmayıllı rayon təşkilatının sədri həm də ADR-in yerli şöbəsinin sədridir: “Rayon təşkilatının üzvləri bütünlüklə həm də ADR-in üzvləridir. Bir sıra rayonlarda vəziyyət belədir. Yəqin ki, Müsavat Partiyasının rəhbərliyinin bununla bağlı haqq-hesab çəkəcəyi gün olacaq. Çünki onlar bu reallığı qəbul etmək istəmirlər. Hesab edirəm ki, bu yaxınlarda başqan Arif Hacılıya biət etməyən müsavatçıların hamısı partiyadan çıxarılacaq. Hazırda bu proses gedir. Bəzi müsavatçıların özləri partiyadan gedir, bəziləri hələlik kənara çəkilərək hadisələri müşahidə edir. Müəyyən qədər fəal olanlar isə partiyadan qovulur”.

ADR təmsilçisi söyləyib ki, Müsavat Partiyasından fərqli olaraq ADR Hərəkatında müsbət atmosfer var, fəaliyyət davam edir: “Biz indiki mərhələdə əsasən təşkilatlanma işi ilə məşğuluq. Yaxın günlərdə daha üç rayonda yerli təşkilatın yaranması prosesini hazırlayacağıq. Bu 10 gün çəkəcək. Bizə yerlərdən müraciətlər daxil olur ki, yerli qurumları yaradılsın. Bundan sonra rayonlarda yaranan təşkilatlarının konfranslarının keçirilməsi prosesinə başlayacağıq. Hazırda ADR Hərəkatı demək olar ki, ölkədə rayonların çoxunda yerli qurumlarını təsis edə bilib. Hərəkat ölkənin böyük bir hissəsini əhatə edə bilib”.

Cavidan


Müəllif: