14 Noyabr 2015 21:40
755
12 Punto 14 Punto 16 Punto 18 Punto

İqbal Ağazadə Sərdar Cəlaloğlunun ayağına gedir

Milli Məclisə seçilə bilməyən Ümid Partiyasının sədri İqbal Ağazadə müxalifət düşərgəsində izolyasiyaya düşməmək üçün “Qarabağ” Siyasi Blokunu bərpa etmək istəyir. Bu barədə iqbal Ağazadə açıqlama verib.

Partiya sədri deyib ki, gələn həftə Azərbaycan Demokrat Partiyası ilə Ümid Partiyası arasında “Qarabağ” siyasi blokunun gələcək fəaliyyətinə dair müzakirələr aparılacaq. Onun sözlərinə görə, müzakirələrdən sonra blokun fəaliyyətinin davam etdirib-etdirməməsi ilə bağlı qərar veriləcək: “ADP sədri Sərdar Cəlaloğlu ilə məsləhətləşəcəyik. Lazım bilinsə, blok fəaliyyətini davam etdirəcək, bilinməsə yox. ADP ilə bizim isti münasibətlərimiz var. Blok şəklində olmasa da, iki partiya olaraq əməkdaşlığımızı davam etdirəcəyik”.

ADP sədri Sərdar Cəlaloğlu isə bəyan edib ki, sədri olduğu siyasi təşkilat hesab edir ki, “Qarabağ” blokunun indiki formatda fəaliyyətinə ehtiyac yoxdur. Ancaq yeni təkliflər olarsa, bunu müzakirə edə bilərik:

“Blokun fəaliyyətini davam etdirməsi üçün yeni ideyalar və təkliflər irəli sürülsə, müzakirə oluna bilər. ”Qarabağ” blokunu biz İqbal bəyi müxalifət cəbhəsindən izolyasiya olunması meylləri və təkliflərinin qarşısını almaq üçün yaratmışdıq. Sonuncu parlament seçkilərində İqbal Ağazadə “125-lər” adlı yeni bir blok yaratdı. O zaman biz başa düşdük ki, Ümid Partiyası artıq izolyasiyadan çıxıb və özünün siyasi mühitində istədiyi kimi fəaliyyət göstərə bilər. Ona görə də biz Ümid Partiyasının əl-ayağına dolaşmaq fikrində deyilik və bildirdik ki, “Qarabağ” blokunun fəaliyyətini başa çatmış hesab edirik”.

Yeri gəlmişkən, qeyd edək ki, ADP rəhbərliyində təmsil olunan şəxslərin mütləq əksəriyyəti indiki dönəmdə Ümidlə müttəfiqlik etməyin əleyhinədir.

ADP-də hesab edirlər ki, Ümid Partiyası sonuncu parlament seçkilərində onları “125”lər Siyasi Klubuna satıb. Odur ki, indi İqbal Ağazadənin yenidən ADP-yə üz tutmasını yaranan yeni durumla əlaqələndirirlər. Qeyd edirlər ki, parlament təmsilçiliyini itirən, müxalifət düşərgəsində ciddi qəbul edilməyən Ümidin indi yenidən ADP-yə ehtiyacı yaranıb.

Cavidan


Müəllif: