15 Noyabr 2015 22:44
677
12 Punto 14 Punto 16 Punto 18 Punto

Noyabrın 15-də Türkiyənin Antalya şəhərində "Böyük İyirmilik" ölkələri liderlərinin Sammiti çərçivəsində iqtisadi inkişaf, sərmayələr, məşğulluq mövzusunda keçirilən müzakirələrdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev çıxış edib.

Dövlətimizin başçısı Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın şəxsi dəvəti ilə Azərbaycanın ilk dəfə olaraq belə mötəbər beynəlxalq tədbirdə iştirak etdiyini vurğulayaraq bu dəvətə görə Türkiyə dövlətinin başçısına minnətdarlığını bildirib.

Sonra Azərbaycan Prezidenti son vaxtlar Türkiyədə və Fransada baş vermiş terror aktları ilə əlaqədar Türkiyə və Fransa xalqlarına başsağlığı verib və bildirib ki, Azərbaycan Türkiyənin və Fransanın yanıdadır.

Daha sonra Prezident İlham Əliyev çıxışında son illər Azərbaycanın iqtisadi inkişaf yolunda əldə etdiyi mühüm nailiyyətləri qeyd edib, ölkəmizdə yaradılmış əlverişli sərmayə mühiti, işsizliyin aradan qaldırılması, yoxsulluğun kəskin şəkildə azaldılması istiqamətində görülən işlərdən danışıb.

Sammit öz işini davam etdirir.

Noyabrın 15-də axşam Türkiyə Respublikasının Baş naziri Əhməd Davudoğlunun adından "Böyük İyirmiliyin" sammitində iştirak edən dövlət və hökumət başçıları, beynəlxalq təşkilatların rəhbərlərinin şərəfinə qəbul veriləcək.

Sonra isə Prezident Rəcəb Tayyib Ərdoğanın adından işçi şam yeməyi olacaq.


Müəllif: