18 Noyabr 2015 12:35
656
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Ağ Blok"un siyasi partiyaya çevrilməsi məqsədilə artıq ilkin addımlar atmağa başlamışıq. Biz Müsavat Partiyası daxilində baş verənlərə baş qoşmadan işimizi görürük".

Bunu "Ağ Blok"un təmsilçisi, Müsavat Partiyasının üzvü Tural Abbaslı deyib. Onun sözlərinə görə, siyasi partiyaya çevrilmək məsələsində ehtiyatlı və ciddi addımlar atmaq niyyətləri var: "Artıq danışıqlar aparmağa başlamışıq. Lakin hələlik bunu ictimailəşdirmək niyyətində deyilik. Çünki bu danışıqlar layihə mərhələsindədir. İstəmirik ki, bu gün nəsə deyək, sabah isə fərqli durum yaransın və biz də pis vəziyyətdə qalaq. Bu ehtimalı nəzərə alaraq danışıqlarımızı davam etdiririk".

T.Abbaslı bildirib ki, hazırda danışıqlar iki istiqamətdə aparılır: "Bizi dəstəkləyən kifayət qədər insan var. "Ağ Blok" yeni yaranmasına baxmayaraq seçkilərdə ona yaxın namizəd irəli sürmüşdü. Lakin hazırda danışıqlar əsasən gənclərlə aparılır. Məsələn, müxtəlif partiyaların gənclər qolunda, habelə ictimai sektorda təmsil olunan, siyasi baxımdan aktiv olan gənclər var. Siyasi arenada oturuşan, ciddi mövqeyi olan şəxslərlə də var. Onlarla da danışıqlar aparırıq. Əsas hədəf isə partiya yaranacağı təqdirdə onların buna münasibəti, dəstəyi, qarşılıqlı fəaliyyət məsələsi müzakirə edilir. Daha istəmirik ki, yaranandan sonra qeyri-ciddi qurum kimi tarixə düşsün, siyasi proseslərə təsir etmək imkanında olmayan təşkilat kimi yaddaşlarda qalsın. Nəbz yoxlamasından sonra addımlarımız olacaq".

Tural Abbaslı qeyd edib ki, bütün bu prosesi başa çatdırandan sonra bloku siyasi partiyaya çevirəcəklər: "Lakin biz zaman məsələsinə ciddi yanaşırıq. Hazırda müxalifət düşərgəsində siyasi aktivlik, fəallıq yox səviyyəsindədir. Biz sabah partiya layihəsini, mövqeyimizi, siyasi palformamızı ortaya qoyanda hansısa proseslərin kölgəsində qalmasını istəmirik. Çünki hazırda ölkə gündəmi tez-tez dəyişir. Məsələn, biz partiyanı elan etdiyimiz zaman hansısa bir hadisə baş versə, layihəmizə maraq azala, kölgədə qala bilərik. Lakin bizim risk etmək şansımız az olduğu üçün məcburuq ki, ehtiyatlılıq dərəcəsinə ciddi yanaşaq. Ancaq şübhəsiz ki, addımlarımızı atandan, danışıqlarımızı başa çatdırandan sonrakı mərhələdə siyasi partiyanın elan olunması baş verəcək".

CAVİDAN


Müəllif: