20 Noyabr 2015 08:10
499
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Alınma sözlər – istər tarixi, istərsə də müasir olsun – rus dilini və hər hansı başqa dili korlayır. Belə sözlərin əksəriyyətinin ana dilində analoqu var, yeni sözlər üçün analoq fikirləşib tapmaq olar. Məsələn, “selfi” termini Rusiya gəncləri arasında çox populyardır. Bu sözün mənası “insanın öz fotoşəklini çəkməsi” deməkdir. Lakin rus dilində tamamilə orijinal olan “sebyaşka” sözü olduğu halda bu “selfi” sözünü işlətməyə nə ehtiyac var? Yəqin ki, Azərbaycan dilində də buna oxşar gərəksiz alınma sözlər var, onlardan yaxa qurtarmaq lazımdır”.

Rusiya Liberal Demokrat Partiyasının (RLDP) lideri Vladimir Jirinovski bu sözləri AZƏRTAC-ın müxbiri ilə söhbətində deyib. O qeyd edib ki, son vaxtlar əcnəbi sözlərin dilimizə nüfuz etməsi barədə Azərbaycan Prezidenti İlham Əliyevin fikrinə tamamilə şərikdir. RLDP lideri əminliklə bildirib ki, Rusiya dünyada, xüsusən vaxtilə Rusiya İmperiyasının və Sovet İttifaqının tərkibində olmuş ölkələrdə rus dilinin mövqeyinin qorunub saxlanmasına tərəfdar olmalıdır, çünki rus dili bizim bütün xalqlarımızı sıx birləşdirən elementdir.

Rusiya-Azərbaycan Dostluq Mərkəzinin direktoru Nataliya Krasovskaya vurğulayıb ki, Bakıda tez-tez olur və orada dil baryeri olmamasını məmnuniyyətlə hiss edir. Ekspert deyib: “Rus dili Azərbaycanda dövlət dili olmasa da çox populyardır, çünki ölkələrimiz arasında əlaqələr heç vaxt kəsilməyib, son illərdə isə bu əlaqələr daha möhkəm və çoxtərəflidir, qonşularımızda rus mədəniyyətinə maraq həmişə yüksək səviyyədədir”.

Rusiya Dövlət Dumasının deputatı, Rusiya-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri Dmitri Savelyevin fikrincə, ana dilinə sevgi və qayğıkeş münasibət xalqın özünə hörmət bəsləməsinə, özünü eyniləşdirməsinə dəlalət edir. Dmitri İvanoviç əmindir: “Ölkənin bütün əhalisi üçün vahid dil – dövlətçiliyin əsası, millətin öz müqəddəratını təyin etməsi üçün zəruri şərtdir. Yalnız öz dil mədəniyyətini müqəddəs dəyər kimi qoruyan xalqın tərəqqi etmək şansı var”. Deputatın fikrincə, Azərbaycan rəhbərliyinin milli dilin saflığının qorunmasına yönəlmiş siyasəti hər cür hörmətə layiqdir, bu ölkədə rus dilindən fəal istifadə edilməsi və onun yayılması isə qardaş xalqların yaxınlaşmasına və ölkələrimiz arasında əlaqələrin daha da möhkəmlənməsinə şərait yaradacaq.

Azərbaycan Prezidenti İlham Əliyevin Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) 70 illiyinə həsr edilmiş ümumi yığıncaqdakı çıxışında vurğuladığı kimi, Azərbaycan dili tarixin mürəkkəb dövrlərində xalqımızın özünü bir millət kimi, xalq kimi qoruyub saxlamasına kömək edib. Hətta əzəli Azərbaycan ərazilərinin başqa xalqlar tərəfindən işğal edildiyi dövrlərdə də xalqımız əsasını ilk növbədə ana dili təşkil edən böyük mədəniyyəti qoruyub saxlaya bilib. Lakin müasir dövrdə dünyada ümumi meyillər əcnəbi sözlərdən məişətdə ifrat dərəcədə istifadə edilməsinə gətirib çıxarır və təəssüf ki, Azərbaycanda da buna oxşar vəziyyət yaranmağa başlayır. Dövlət başçısının fikrincə, ölkə ictimaiyyəti qərb davranışının kor-koranə təqlid edilməsinə ciddi diqqət yetirməlidir. Bu, hər şeydən əlavə, tamamilə mənasızdır, çünki Azərbaycan dilinin zənginliyi istənilən fikirləri və istənilən emosiyaları tam dolğunluğu ilə ifadə etməyə imkan verir.


Müəllif: