20 Noyabr 2015 11:29
767
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Azərbaycan Milli İstiqlal Partiyasında idarəçilik və partiya fəaliyyəti öz axarı ilə davam edir”.

Bu fikirləri Teleqraf.com-a AMİP-in sədr əvəzi, baş katib Arzuxan Əlizadə deyib. O, yeni sədr seçilməsinin gündəlikdə olmadığını bildirib: “AMİP kollegial idarə olunan partiyadır. Burada sədr institutu ilə yanaşı katiblik institutu, eyni zamanda qərarverici orqan olaraq Mərkəzi Şura var. Ona görə bu strukturlar bir-biri ilə əlaqəli şəkildə fəaliyyət göstərir. Bu mənada sədrin olmaması ciddi problem yaratmır. Bu, partiya fəaliyytinə təsir edəcək dərəcədə məsələ deyil. Ona görə də daha digər ciddi problemlərin həllinə çalışırıq”.

Özünün sədrliyə iddiasının olub-olmadığına gəlincə, A.Əlizadə qeyd edib ki, qurultay günü bəlli olandan sonra qərarını açıqlayacaq: “Partiyada digər iddialılar da var. AMİP daxilində yazılmamış qaydaya görə, sədrliyə namizəd olmaq istəyən şəxslər iddialarını yalnız qurultay elan olunandan sonra ortaya qoysun. Çünki bütün namizədlərə bərabər şərait yaradılsın deyə belə addım atırıq. Buna görə də mən də bu məsələyə münasibət bildirmək istəmirəm”.

A.Əlizadə AMİP lideri Etibar Məmmədovun yenidən partiyaya qayıdacağı iddialarına da aydınlıq gətirib: “Etibar bəy özünün yenidən sədrliyə qayıtmasına münasibət bildirib. Amma onun AMİP sədrliyinə dönməsi təklifləri partiya daxilində son 10 il ərzində həmişə olub, indi də var. Qərar isə Etibar bəyin özündən asılıdır. Kənardan sədr gətirilməsi məsələsi isə birmənalı olaraq mümkün deyil”.

Baş katib digər partiyalarla əməkdaşlıq məsələsinə də toxunub: “AMİP həm parlament, həm də prezident seçkisi öncəsi digər partiyalarla əməkdaşlığa üstünlük verib. Sadəcə olaraq seçkilərə blok şəklində qatılmamışıq. 2013-cü il prezident seçkiləri ərəfəsində əməkdaşlıq istiqamətində çox ciddi danışıqlar gedirdi. O vaxt müxalifətin vahid namizədi adına iddialı olan bir şəxsin namizədliyi ətrafında söhbətlər vardı. O zaman AMİP bu məsələnin baş tutmayacağını əvvəlcədən elan etdi, çünki həmin şəxs Azərbaycan vətəndaşı deyildi. Ona görə də seçkilərdə Milli Şura ilə birlikdə iştirakı məqsədəuyğun hesab etmədik. Parlament seçkilərində də həmçinin ölkədəki bütün siyasi partiyalarla əməkdaşlıqla bağlı danışıqlar aparıldı, son nəticə olaraq biz blok şəklində deyil, seçkilərdə təkbaşına iştirakı daha məqsədəuyğun hesab elədik. Amma bu, o demək deyil ki, digər siyasi təşkilatlarla əməkdaşlığa üstünlük vermirik. AMİP-in əzəldən istiqaməti bu olub ki, ölkədəki digər partiyalarla ölkədə və dünyadakı proseslərlə bağlı məsləhətləşmələr aparılması, əməkdaşlıqla bağlı addımlar məqbuldur”.

A.Əlizadə Xalq Partiyasının sədri Pənah Hüseynin müxalifətin “Azərbaycan Naminə Həmrəylik” adı altındakı yeni birlik təşəbbüsünə də münasibət bildirib: “Liderlik elan etməklə alınan məsələ deyil. Kimsə özünü lider elan edirsə, bu, o demək deyil ki, liderdir. Liderliyə iddialı olmaq hər bir siyasətçidən ola bilər. Pənah Hüseynin müxalifəti bir araya gətirmək istiqamətindəki fəaliyyətinə hörmətlə yanaşırıq. Onun bu təklifi ilə mətbuatdan tanışıq. Məlumatımız var ki, o, bütövlükdə bütün siyasi partiyalarla danışıq aparılmasına təşəbbüs göstərmək istəyir. Amma konkret bizə heç bir təklif olmayıb. Təklif olacaqsa, şübhəsiz, dəyərləndiriləcək və prosesin gedişində kiminsə lider kimi qabağa çıxması təbii prosesdir. Qabaqcadan elan etməklə heç kəs lider ola bilməz. Siyasi təşkilatlar bir çox hallarda öz korporativ maraqlarından irəli gələrək birliklərin baş tutmasına maneçilik yaradılar”.

Nərgiz


Müəllif: