21 Noyabr 2015 19:33
802
12 Punto 14 Punto 16 Punto 18 Punto

Uzun illər Müsavatda təmsil olunan, mərkəzi qərargahda gözətçi işləyən Zahir Beydullayev adlı şəxslə partiya başqanı arasında qarşıdurma olduğunu yazmışdıq. Gözətçi mətbuata bildirmişdi ki, başqan Arif Hacılı onu işdən çıxarıb, maaşını verməyib, partiya qərargahına da buraxmır. Z.Beydullayev əlavə etmişdi ki, sonuncu qurultay zamanı Qubad İbadoğlunun namizədliyini müdafiə etdiyi üçün bu halla qarşılaşıb.

İki gün əvvəl isə bəlli olub ki, keçmiş gözətçi Müsavat başqanı Arif Hacılını məhkəməyə verib. O, 10 gün əvvəl problemlə əlaqədar Arif Hacılı ilə son dəfə görüşdüyünü diqqətə çatdırıb: "Arif Hacılı etiraz etdi və dedi ki, sən mənimlə işləməmisən. Ona görə də mən bu pulu sənə verə bilməyəcəyəm. Mən də indi özümə vəkil tutmuşam, lazım olan sənədlər hazırlanır. Bu yaxınlarda Binəqədi rayon Məhkəməsinə müraciət edəcəyəm. Mən Müsavat Partiyasının başqanına müraciət etmişəm ki, işə qəbul edilməyim və çıxarılmağım barədə arayış versin. Partiya rəhbərliyi bu arayışı verməlidir. Çünki mən oradan maaş almışam. Həmin arayışı verməsələr, bu, mənim qul əməyindən istifadə olunaraq işlədilməyim kimi qiymətləndirilə bilər. Yəni partiyanın rəhbərliyi məni aldadaraq qul kimi işlədib, vergidən də yayınıb. Müsavat qərargahında dostlarım da var ki, onlar buna şahid durmağa hazırdır".

Qeyd edək ki, Zahir Beydullayev İsa Qəmbərin başqanlığı dönəmində də partiyada gözətçi işləyib. Məhz bu səbəbdən başqan Arif Hacılı ona bildirib ki, gözətçi kimi yeni başqanla işləməyib. Bu isə o deməkdir ki, Arif Hacılı gözətçiyə sətiraltı deyir ki, əməkhaqqını İsa Qəmbərdən istəməlisən, çünki həmin dövrdə partiyanın başında o olub.

CAVİDAN


Müəllif: