24 Noyabr 2015 14:08
754
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin Azərbaycandakı səfiri İsmayıl Alpər Coşqun son günlər Suriya ilə sərhəddə məskunlaşan türkmən əhaliyə qarşı qətliam və qırğın törədilməsinə, Türkmən dağı ərazisində baş verən hadisələrə münasibət bildirib.

Səfir İ.A.Coşqun Teleqraf.com-a eksklüziv açıqlamasında deyib ki, Türkiyə hər zaman etnik və milli təmizləmələrə qarşı olduğunu bəyan edib: “Çox təəssüf ki, Suriyada buna qarşı addımlar atılır. Buna nümunə olaraq son günlər türkmən qardaşlarımıza edilən silahlı hücumları göstərmək olar. Bu cür hadisələr Türkiyə olaraq bizi ürəkdən ağrıdır. Belə hallarda beynəlxalq münasibətlər sistemi hansı üsullardan istifadə edirsə, Türkiyə bunu tam şəkildə həyata keçirir. Ancaq çox təəssüf ki, Suriyada münaqişə hələ də davam edir. Türkmənlərə qarşı edilən hücumlara heç bir halda haqq qazandırmaq olmaz. Bununla nəyə nail olmaq mümkündür? Bu yolla sülhə nail olmaq mümkün deyil. Suriyada hələ də davam edən münaqişənin kökünü araşdırsaq, görərik ki, reallıqda bu hadisələr terroru xatırladır. Bölgədə terrorun bu qədər güclənməsinin əsas səbəblərindən biri də Əsəd rejiminin öz xalqını hədəf seçməsidir”.

Səfir Rusiyanın Suriyada İŞİD-ə qarşı apardığı hərbi əməliyyatlara da toxunub: “Bu gün Rusiyanın Suriyada İŞİD-ə qarşı apardığı hərbi əməliyyatlarda əksər hallarda hədəf terrorçular olmur. Əgər hər hansı dövlət Suriyada terrorla mübarizə aparmaq istəyirsə, o zaman hədəf olaraq müxalifəti deyil, terrorçunu seçməlidir. Bütün bunların nə qədər məntiqli olduğunu Rusiyadakı həmkarlarımız izah etməlidir. Onlar Suriyada doğrudan da İŞİD-in kökünü kəsmək üçün mübarizə apardıqlarını və ya başqa məqsədlər üçün fəaliyyət göstərdiklərini izah bildirməlidirlər”.

Bir sıra xarici KİV-lərdə Türkiyənin guya bölgədə etnik ayrı-seçkilik etməasi ilə bağlı yayılan təxribat xarakterli məlumatlara da toxunan İ.A.Coşqun deyib ki, Türkiyənin milli və etnik ayrı-seçkilik etməsi barədə ortaya atılan bəzi iddialar tamamilə yalan və uydurmadır: “Türkiyə tarixdə heç zaman irqi, dini və milli ayrı-seçkilik etməyib. Bu bizim təbiətimizə zidd olan məsələdir. Türkiyəni yaxından tanıyan hər bir şəxs yaxşı bildir ki, Türkiyə hər zaman sülhə, ədalətə tərəfdir və haqsızlığa qarşıdır. Bu cür hallar Türkiyə üçün çox həssas məsələdir”.

Xatırladaq ki, bu gün Suriya sərhədindəki Türkman dağının yaxınlığında Rusiyaya məxsus qırıcı təyyarə vurulub.

Nərgiz Ehlamqızı


Müəllif: