24 Noyabr 2015 18:28
540
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rafael Hüseynov: "Bu sənəd Ermənistanın üstündə damğa kimi qalacaq"

Ermənistan Dağlıq Qarabağ məsələsinə görə Avropa Şurası Parlament Assambleyasında (AŞPA) səsvermə hüququnu itirə bilər. Bu barədə Ermənistanın "Aykakan jamanak" nəşri yazıb. 2016-cı ilin yanvar ayında keçiriləcək AŞPA-nın qış sessiyasında Böyük Britaniyadan olan deputat Robert Volterin "Azərbaycanın Dağlıq Qarabağ və işğal edilmiş digər ərazilərində gərginliyin artması" adlı qətnamə layihəsi müzakirə ediləcək. Qətnamə layihəsində Ermənistan Silahlı Qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən dərhal çıxarılması əsas tələb olaraq irəli sürülür.

Qətnamə layihəsinin müzakirəsindən sonra AŞPA-dakı Ermənistan nümayəndə heyətinə sanksiyaların tətbiq edilməsi də nəzərdə tutulur.

Bununla yanaşı, AŞPA deputatları işğal altında olan Sərsəng su anbarında yaranmış təhlükəli vəziyyət, həmçinin, Ermənistan tərəfinin Azərbaycanın sərhəd rayonlarının məqsədyönlü şəkildə sudan məhrum etməsi haqda məruzə dinləniləcək.

Qeyd edək ki, AŞPA-dakı uğursuzluqdan sonra Ermənistan nümayəndə heyətinin tərkibinin dəyişdirilməsi məsələsi də gündəmə gəlib.

Xatırladaq ki, noyabrın 4-də AŞPA Siyasi Məsələlər və Demokratiya Komitəsinin iclasında R.Volterin müəllifi olduğu qətnamə qəbul edilib.

O, məruzəni hazırlamaq məqsədilə sentyabr ayında Azərbaycan tərəfdən təmas xəttinə faktaraşdırıcı səfər edib. Daha sonra isə qarşı tərəfə səfər etmək istəsə də, Azərbaycan ərazilərini işğal altında saxlayan separatçı rejim buna imkan verməyib.

Qeyd edək ki, britaniyalı deputat Robert Volter 2014-cü il oktyabrın 1-də "Azərbaycanın Dağlıq Qarabağ və işğal edilmiş digər ərazilərində gərginliyin artması" adlı məruzənin hazırlanması üçün məruzəçi təyin edilib.

Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü, millət vəkili Rafael Hüseynov sözügedən qətnamə layihəsini şərh edib. O, qış sessiyasında müzakirəyə çıxarılacaq sənədin Ermənistana ağır zərbə vuracağını dilə gətirib.

R.Hüseynov xatırladıb ki, Azərbaycan Avropa Şurası Parlament Assambleyasında 15 ildir ki, həqiqi üzv olaraq fəaliyyət göstərir: "Bu tribunada Dağlıq Qarabağ problemi, Ermənistanın Azərbaycana təcavüzü ilə bağlı sənədlər hazırlamaq, çıxışlar etmək imkanı əldə etmişik. Bu müddət ərzində görülmüş işlərin ən vaciblərindən biri Dağlıq Qarabağ məsələsi ilə bağlı ayrıca məruzənin gündəliyə salınması idi ki, bu da 2005-ci il yanvarın 25-də baş verdi. O zamanlar Avropa Şurasının baş katibi olan Terri Devisin hazırladığı və o, baş katib vəzifəsinə seçiləndən sonra Böyük Britaniyadan olan digər deputat Devid Atkinsonun davam etdirdiyi qətnamə layihəsi müzakirə edilərək qəbul olundu. İlk dəfə olaraq həmin sənəddə Ermənistan işğalçı dövlət olaraq nişan verildi. Qətnamənin ilk maddələrində Ermənistanın Azərbaycan ərazilərini zəbt etdiyi, Dağlıq Qarabağda separatçı rejimin mövcudluğu və Ermənistan ərazisində yaşayan azərbaycanlılara qarşı soyqırımı siyasəti törədildiyi ayrıca göstərildi. O müddətdən sonra ötən vaxt ərzində də ardıcıl olaraq çoxlu sənədlər hazırlamışıq, çıxışlar etmişik. Həmin qətnamənin qəbul edildiyi dövrdən sonra Robert Volterin hazırda müzakirəyə çıxarılacaq və qətnamə layihəsi təsdiqlənəcək sənədi Azərbaycan nümayəndə heyətinin Avropa Şurası çərçivəsindəki fəaliyyətinin uğurlu xidmətlərindən biri hesab edilməlidir".

Robert Volterin Böyük Britaniyanın son dərəcə nüfuzlu deputatı olduğunu deyən R.Hüseynov qeyd edib ki, qətnaməyə qarşı Ermənistan və ona havadar olan qüvvələr tərəfindən təzyiqlərə baxmayaraq o təzyiqlərin heç biri keçmədi: "Volter məruzəsinin ən vacib məqamlarını qoruyub saxlaya bildi. Təzyiqlər həddindən artıq güclü idi, Ermənistan tərəfi və onu dəstəkləyən qüvvələr çalışırdılar ki, məruzəni yumşaltsınlar, Ermənistanın işğalçı olması ilə bağlı maddələr oradan çıxarılsın və nəticə etibarilə "dişsiz" bir qətnamə layihəsi ortada olsun. Lakin Volter çox mətin siyasətçi olaraq sonadək dayandı və mübarizələrə sinə gərdi. Düşünürəm ki, həmin qətnamə Ermənistanın bütövlükdə bir ölkə və siyasət içərisində olan amil kimi gələcək taleyi, eləcə də Avropa Şurasındakı fəaliyyəti ilə bağlı çox ciddi rol oynayacaq".

Azərbaycan nümayəndə heyətinin üzvünün fikrincə, Ermənistanın Avropa Şurasında bu qurumun nizamnaməsini yerinə yetirməyən, intizamsız dövlət olması ilə bağlı qənaət artıq çoxdan formalaşıb: "Bu, təbii ki, bizim apardığımız sistemli işin nəticəsidir. Lakin hazırda bu qətnamə indiyə qədər görülmüş işlərin müəyyən mənada yekunudur və birbaşa olaraq bir daha Ermənistanın işğalçı olduğunu bəyan edir, Ermənistandan işğal etdiyi əraziləri tərk etməyi tələb edir. Güman edirəm ki, Azərbaycan nümayəndə heyətinin üzvləri də məruzənin müzakirələrində çıxış edəcəklər. Biz maraqlıyıq ki, digər ölkələrdən olan deputatlar həmin müzakirələrə qatılsın və fikirlərini bölüşsünlər. Aldığımız ilkin informasiyaya görə məruzə ətrafında müzakirələrə qatılmaq üçün xeyli deputat müraciət edib. Çünki qəbul edilmiş qaydalara görə, hər sessiyadan öncə qarşıdakı sessiyada məruzələr ətrafında çıxış etmək istəyənlər Avropa Şurası katibliyinə müraciət edir".

Deputat hesab edir ki, bu məruzə Ermənistanın ədalət prinsiplərindən uzaq olan, terrorizmi dövlət siyasətinə çevirən bir ölkənin apardığı siyasətin növbəti çox ciddi ifşası olacaq: "Əgər bir dövlət haqq yolunda deyilsə, mütəmadi olaraq qanunları pozursa, işğal onun əsas siyasətinə çevrilibsə, özgələrinin ərazilərini mənimsəmək, terrorizmi dövlət siyasəti səviyyəsində gerçəkləşdirmək onun başlıca xəttidirsə, gec-tez o, ifşa olunmalı, cəzasını almalıdır. Mümkündür ki, Ermənistan səs hüququndan da məhrum olunsun, digər sanksiyalar da tətbiq olunsun. Bu da mümkündür ki, növbəti dəfə ikili standartlar işləsin, hansısa görünməyən qüvvələr Ermənistanı bu cəzalardan yayındırsın.

Lakin Ermənistanın səs hüququndan məhrum olub-olunmaması, ona qarşı hansısa sanksiyaların tətbiq edilib-edilməməsindən asılı olmayaraq istənilən halda bu məruzə Avropa Şurasının prinsipial mövqeyini əks etdirən çox ciddi sənəddir. Bunun əsasında qəbul edilən qətnamə çox vacib əhəmiyyət daşıyır. Ona görə də sanksiya olsa da, olmasa da bu, Ermənistanın və onun apardığı siyasətinin üstündə damğa kimi qalacaq".

Nərgiz EHLAMQIZI


Müəllif: