4 İyun 2014 16:28
1 653
12 Punto 14 Punto 16 Punto 18 Punto

Köçəryan: “Qarabağ Ermənistanın ayrılmaz hissəsidir”

Ermənistanın ikinci prezidenti Robert Köçəryanın mətbuat katibi Viktor Soqomonyan eks-prezidentin adından Astanadakı situasiyanı şərh edib.

Teleqraf.com Ermənistan mediasına istinadən xəbər verir ki, təfərrüatlara varmaq istəməyən Soqomonyan qeyd edib ki, hansısa beynəlxalq təşkilata üzvlük Ermənistanla Artsax (Dağlıq Qarabağ təcavüzkar dövlətdə bu cür adlanır-red.) arasında baryer yaradılmasına bəraət qazandıra bilməz. Robert Köçəryanın mövqeyi bundan ibarətdir ki, Dağlıq Qarabağ Ermənistanın ayrılmaz, bölünməz tərkib hissəsidir. Biz hamımız mütləq Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi prosesinin hüquqi cəhətdən yekunlaşması üçün çalışmalıyıq”.

Yada salaq ki, mayın 29-da Qazaxıstanın paytaxtı Astanada Ali Avrasiya İqtisadi Şurasının genişləndirilmiş iclası keçirilib. İclasda çıxış edən Ermənistan prezidenti Serj Sərkisyan deyib ki, ölkəsi Avrasiya İqtisadi Birliyinə (AİB) iyunun 15-də qoşulmaq niyyətindədir. O, Rusiya, Qazaxıstan və Belarus prezidentlərinə – AİB-in təsisçilərinə üz tutaraq iyunun 15-ni Ermənistanın bu birliyə qoşulacağı, müqaviləni imzalayacağı gün kimi rəsmiləşdirməyi xahiş edib.

Buna cavab olaraq iclasa sədrlik edən Qazaxıstan prezidenti Nursultan Nazarbayev Ermənistanın AİB-ə qoşulması məsələsinə iyulun 1-dək baxılmasını təklif edib. Nazarbayev, həmçinin Ermənistanı yalnız BMT tərəfindən qəbul olunmuş sərhədlər daxilində üzv qəbul edə biləcəklərini dilə gətirib: “Azərbaycan prezidenti İlham Əliyev Ali Avrasiya İqtisadi Şurasının iclasına xüsusi məktub göndərib. Azərbaycan hesab edir ki, Ermənistan AİB-yə yalnız beynəlxalq birliyin tanıdığı ərazi çərçivəsində daxil ola bilər. Məktubda Ermənistana 2003-cü ildə Ümumdünya Ticarət Təşkilatına üzv olarkən məhz belə şərt qoyulduğu xatırladılır. Qeyddə ÜTT-nin qaydalarının Ermənistanın BMT tərəfindən tanınmış sərhədləri daxilində qüvvədə olacağı göstərilib. Azərbaycan hesab edir ki, Ermənistan AİB-ə də ÜTT-yə daxil olduğu sərhədlər daxilində üzv olmalıdır”. Rusiya və Belarus prezidentləri V.Putin və Aleksandr Lukaşenko onunla razılaşıblar.

Bundan sonra – mayın 31-də Ermənistanın hakim Respublika Partiyasının Gənclər Təşkilatının üzvləri ilə görüşdə Dağlıq Qarabağın Ermənistanın tərkib hissəsi olmadığını və Qarabağ probleminin Gömrük İttifaqında həll olunmadığını vurğulayıb: “Kim deyib ki, biz Gömrük İttifaqına Dağlıq Qarabağla birlikdə qəbul olunacağıq? Belə bir şey olmayıb və ola da bilməzdi. Çünki ən azı qanunvericiliyimizə və baxışlarımıza əsasən, Dağlıq Qarabağ Ermənistanın tərkib hissəsi deyil. Gömrük İttifaqındakı üzvlüyün Dağlıq Qarabağ probleminin həllinə təsir gücünə gəldikdə isə, bu, birmənalıdır. Əlbəttə ki, Nursultan Nazarbayevin səsləndirdiyi fikirlər xoş olmayıb. Lakin bu, bizə hansısa zərər verə bilməz”.

Səxavət


Müəllif: