25 Noyabr 2015 11:08
768
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Həm Türkiyə, həm də Rusiya liderləri anlayır ki, qırıcının vurulmasına görə, iki ölkə arasında münasibətləri gərginləşdirmək, iqtsadi və ticarət əlaqələrinə son qoymaq da olmaz. Hər iki tərəf bir müddət sonra məsələyə daha soyuqqanlı yanaşacaqlar".

Teleqraf.com xəbər verir ki, bu açıqlama ilə politoloq Elxan Şahinoğlu çıxış edib.

Onun sözlərinə görə, Rusiya sakit durmayacaq və Türkiyə əleyhinə addımlar atmaqda davam edəcək: "Putin deyir ki, bizi arxadan vurdular, cavab verəcəyik. Ərdoğan isə bildirir ki, sərhədimizi pozanlar vurulacaq. Bu liderlərdən hər hansı biri "səhv etdik" deyə bilməz, bu cəmiyyətləri qarşısında zəifliyin əlaməti olar. Ancaq hər ikisi onu da anlayır ki, bu hadisədən çıxış edərək münasibətləri gərginləşdirmək, iqtsadi və ticarət əlaqələrinə son qoymaq da olmaz. Hər ikisinin bu əlaqələrə ehtiyacı var. Ona görə bir neçə gündən sonra hər iki prezident daha soyuqqanlı addımlara üstünlük vermək məcburiyyətində qalacaqlar. Doğrudur, indi Rusiyada isti başlar "PKK-ya silah verək", "Türkiyəni içəridən dağıdaq" və sairə kimi başdanxarab təkliflər verirlər. Putin bu yolu seçsə nəticələri heç bir dövlət, o cümlədən Rusiyanın özü üçün də yaxşı olmayacaq. Məncə, birinci növbədə sağ qalan pilotlardan birini Rusiyaya təhvil vermək lazım gələcək. İkinci addım kimi Türkiyə ilə Rusiya son hadisəni araşdırmaq məqsədilə ortaq komissiya quracaqlar. Bu komissiyanın təsis olunmasının özü gərginliyi azaldacaq amilə çevrilə bilər. Ancaq bu hadisədən sonra Moskva onu da anlamalıdır ki, Türkiyə sərhədini pozmaq və türkmənlərə hava zərbəsi endirmək olmaz!"

E.Şahinoğlu hesab edir ki, hazırda Üçüncü Dünya Müharibəsinin başlaması üçün bəhanələr olsa da, soyuqqanlı yanaşmaqla təhlükəni uzaqlaşdırmaq olar: "Birinci Dünya Müharibəsi başdanxarab serb millətçisi Qavrila Prinsipin tapançadan açdığı atəş nəticəsində başladı, Avstriya-Macarıstan taxtının vəliəhdi Frans Ferdinand qətlə yetirildi. Rusiya Serbiyaya, Almaniya Avstiyaya dəstək verdi, aləm dəydi bir-birinə, bloklar formalaşdı, müharibənin başlanma səbəbi arxa plana keçdi, əvəzində on milyonlarla can getdi, dövlətlər viran qaldı, inqilablar baş verdi. İndi də Rusiya hakimiyyəti Əsədə görə illərdir strateji tərəfdaş adlandırdığı Türkiyəyə meydan oxuyur, sərhədini pozur, qardaş dövlət də "tərəfdaşının" təyyarəsini vurur. Bu ya qığılcıma səbəb olacaq, ya da soyuq başların səyi nəticəsində gərginliyin azalmasına şərait yaradacaq. Deyəsən Roma papası "üçüncü dünya müharibəsi başlayıb" deyərkən çox da yanılmayıb. Qətl var, ayrıca bir ölkədə müharibə gedir, fərqli maraqları əks etdirən bloklar var, bircə bloklararası müharibə yoxdur ki, buna da Rusiyanın hərbi təyyarələrinin hara gəldi uçması və kimi gəldi bombalaması rəvac verə bilər".

Ayxan


Müəllif: