25 Noyabr 2015 12:03
711
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, AŞPA-dakı nümayəndə heyətimizin rəhbəri Səməd Seyidov və deputat Sahibə Qafarova qurumun iclaslarında iştirak etmək üçün bu gün Bolqarıstanın paytaxtı Sofiya şəhərinə səfərə yola düşüb.

Teleqraf.com xəbər verir ki, noyabrın 26-da deputat Elxan Süleymanov da nümayəndə heyətinə qoşulacaq.

Səməd Seyidov öncə Avropa Mühafizəkarları Siyasi Qrupunun prezidenti qismində AŞPA-nın Prezidentlər komitəsinin iclasında iştirak edəcək, sonra Azərbaycan nümayəndə heyətinin rəhbəri kimi qurumun Büro iclasına qatılacaq.

Həm Büro, həm də Daimi komitənin iclasını AŞ PA-nın sədri Ann Brassör açacaq. İclaslarda cari məsələlər müzakirə olunacaq, qurumun 2016-cı il yanvar sessiyasının gündəliyinə baxılacaq. Bu payız Qırğızıstan, Azərbaycan və Türkiyədə keçirilmiş parlament, Belarusda prezident, Ukraynada yerli seçkilərə dair AŞPA-nın seçki missiyalarının rəyləri dinləniləcək.

Büroda həmçinin konstitusiya islahatları ilə əlaqədar dekabrın 6-da Ermənistanda keçiriləcək referendumla bağlı müzakirə aparılacaq.

Daimi komitədə isə Bərabərlik və qeyri-diskriminasiya Komitəsinin məruzəçisi Sahibə Qafarovanın “Qadınlara qarşı zorakılıqla mübarizədə ən uğurlu təcrübələrin təşviqi” mövzusunda məruzəsi müzakirə olunacaq. Qeyri-insani rəftar və işgəncələrin qarşısının alınması üzrə Avropa Komitəsinin sədri Mikola Qnatovski ilə fikir mübadiləsi aparılacaq.

Deputatlarımız bütün müzakirələrdə yaxından iştirak edəcək, məsələlərə ölkəmizin maraqları mövqeyindən münasibət bildirəcəklər.

Nemət


Müəllif: