4 İyun 2014 18:20
2 057
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qadınlar Könül Quliyevanı müdafiə etdi

Ümid Partiyasının sədr müavini Könül Quliyeva artıq üç gündür istefa versə də nə sədr, nə də özü konkret şəkildə istefa səbəblərinə aydınlıq gətirməyib.

İ.Ağazadə keçmiş işçisinin istefasını onun şəxsi işləri ilə əlaqələndirib. Sədr onun partiyadan getməsini “partiyada 50 min üzv var, ayda beşi gəlir, biri gedir” sözləri ilə xarakterizə edib.

K.Quliyeva istefasının səbəbləri barədə yaxın zamanda bəyanat verəcəyini deməklə kifayətlənib. O, istefası ilə bağlı İ.Ağazadənin dediklərini təkzib edib.

Keçmiş sədr müavini partiya kursuna sadiq qaldığını və işini ləyaqətlə gördüyünü söyləyib: “Hesab etmirəm ki, İqbal Ağazadənin dediyi kimi partiyada 3-5 nəfərdən biri olmuşam”.

“İstefası barədə indi eşidirəm”

“Qarabağ” blokunda Ümid Partiyası ilə birgə təmsil olunan Azərbaycan Demokrat Partiyasının (ADP) Qadınlar Şurasının sədri Nazilə Soltan K.Quliyevanın istefasından ümumiyyətlə xəbərsiz olduğunu söylədi: “Düzü, onunla bu gün görüşmüşəm, bu barədə bir kəlmə belə deməyib. İstefası barədə indi eşidirəm. Könül Quliyeva cavan da olsa, az müddətdə çox şey öyrəndi, irəli getdi. Bir yerdə tədbirlərdə iştirak edirik, xaraktercə də gözəl insandır. İşçi kimi də yaxşı işçidir. İqbal Ağazadə bu yaxınlarda onun vəzifəsini yüksəltmişdi”.

İlhamiyyə Rzayeva: “İstərdik ki, sıralarımızda olsun”

“125-lər klubu”nda təmsil olunan K.Quliyevanın İ.Ağazadənin ideyası olan təşkilatda qalacağı da məlum deyil.

“125-lər klubu”nun sədri İlhamiyyə Rzayevanın sözlərinə görə, o da K.Quliyevanın partiyadan istefasının səbəbini bilmir: “Çünki o, bu barədə açıqlama verməyib. Bu istefanın “125-lər klubu”na aidiyyatı olmamalıdır. Biz təşkilatımızda siyasi partiya mənsubiyyəti olmayan insanların sayının çox olmasında maraqlıyıq. Könül xanım Ümiddən gedibsə, bu, o demək deyil ki, siyasətdən gedib. Bu qərarı özü verəcək. Biz onu fəal xanım kimi tanıyırıq. İstərdik ki, o, bizim sıralarımızda olsun”.

“Qadınların istefası Müsavatda da, AXCP-də də müşahidə olunur”

“Təmiz Dünya” İctimai Birliyinin rəhbəri Mehriban Zeynalova da K.Quliyevanın partiyadan hansı səbəblərdən getməsindən xəbərsizdir: “Könül xanım həmin partiyada kifayət qədər aktiv idi. Mən müşahidə edirdim ki, böyük həvəslə bu işə qoşulmuşdu və öz perspektivini bu partiyada görürdü. Yəqin hansısa əsaslar olub ki, partiyanı tərk etməli olub. Son vaxtlar qadınların partiyalardan getməsi halları Müsavatda da, AXCP-də də müşahidə olunur”.

“Qadınları vəzifələrə görüntü üçün qoyurlar”

M.Zeynalova qadınların siyasi partiyalardan uzaqlaşmasını bir neçə səbəblə əlaqələndirib: “Bunlardan biri əslində partiyalarda kişilərin daha çox olması və qərar qəbuletmədə qadınların iştirakına kifayət qədər yer verilməməsi ilə bağlı ola bilər. İkinci məsələ, partiya pillələrində ədalətsiz bölünmələr var. Yəni, daha çox yuxarı eşalonda kişilər qərar qəbul edirlər, qadınları isə müəyyən postlara görüntü üçün qoyurlar. Qadınlar kifayət qədər iqtisadi imkanlara malik deyillər. İstənilən halda bütün iqtisadi imkanlar kişilərin əlindədir və görüşlər, hansısa razılaşmalar üçün kişilər daha çox bir yerə toplaşa və öz fikirlərini bölüşə bilir. Qadınlar isə bu imkanlardan bəhrələnə bilmir, ona görə ki, iqtisadi cəhətdən partiya rəhbərlərindən asılıdırlar. Qadının iqtisadi imkanları güclü olarsa, o, həmin partiyadan asılı vəziyyətə çevrilməz və öz ideyalarını və platformasını davamlı şəkildə irəli sürə bilər”.

Onun fikrincə, siyasi partiyanın xətti də qadınları qane etməyə bilər: “Məsələn, cəbhə və Müsavatdan gedənlər bəyan etdilər ki, onların siyasi baxışları artıq fərqlənir. Ola bilsin ki, Könüldə də siyasi baxışda fərqlilik oldu və buna görə də partiyanı tərk etdi. Bildiyimə görə Könül QHT-yə gəlməyə cəhd göstərir. Maraqlı mövzudur, nə üçün qadınlar siyasi partiyanı tərk edir? Uzun müddət öz enerjisini və kifayət qədər vaxtını sərf etdikləri halda işini yarımçıq qoyub partiyadan ayrılır. Təbii ki, partiyanı tərk etmək o qədər də qəbahətli iş deyil. Dünyagörüşündə dəyişiklik ola bilər, hansısa hadisə sənə təkan verər və partiyanı tərk edərsən”.

“Bizdə daha çox liderə görə partiyalara gəlirlər”

O, İqbal Ağazadənin K.Quliyeva barədə “partiyada 50 min üzv var, ayda beşi gəlir, biri gedir” ifadəsini də şərh edib: “Burada insan faktorunun dəyərsizliyindən söhbət gedə bilər. Bizdə belədir ki, kimlərsə partiyanı tərk edəndə həm o tərəf, həm də bu tərəf uzun müddət yol getdiyi insan haqqında xoşagəlməyən və çox biədəb ittihamlar səsləndirir. Bu, əslində cəmiyyətin göstəricisidir. İnsanların bir-birinə inamının olmaması, güvənc verməməsinin nəticəsidir. Siyasi partiyada həmrəylik olmalıdır. İnsan partiyaya ideya uğrunda gələndə onun getmə halları az olur. Qadınlar daha çox partiya sədrinin çıxışına və simpatiyaya görə gəlir. Sosial-demokrat yaxud müsavatçılıq, millətçilik ideyasını əxz edib partiyaya gələndə insanın həmin ideya ardınca davamlı getməsi mümkündür. Orada maliyyə və digər faktorlar o qədər də rol oynamır. Bizdə isə daha çox liderə görə partiyalara gəlirlər. Bu hal uzun müddət davam edə bilmir. Çünki lider bizim gözləntilərimizi verə bilmir. Biz onu ideallaşdırırıq. Sonra görürük ki, heç də müqəddəs deyil və bəzi addımları heç də doğru atmır. İçəridə natamamlıq formalaşır ki, qadınlar ola bilsin bunu həssas hiss edir və partiyanı tərk etmək istəyir. Uğurlarını, çətinlikləri birgə aşan insanların bir-birinin ardınca söz deməsi siyasi partiyalara inamsızlığa gətirib çıxarır”.

Nərgiz


Müəllif: