28 Noyabr 2015 11:55
662
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Yaxın zamanlarda REAL-ın qurultaya hazırlıq işini canlandıracağıq”.

Bu fikirləri Respublikaçı Alternativ Hərəkatının İdarə Heyətinin üzvü Erkin Qədirli deyib.
Onun sözlərinə görə, qurultayla bağlı İdarə Heyəti toplaşacaq və qurultay məsələsinə, görüləcək işlərə yenidən baxılacaq: “Hazırlıqlarla bağlı üzvlərimizə daha sistemli şəkildə struktur tapşırıqları veriləcək. İlin sonuna 1 ay qaldı, yəqin, bu il qurultayın keçirilməsi mümkün olmayacaq. İşi ciddi görmək üçün bölgələrdə və paytaxtda üzvlərimizlə toplantılar keçirəcəyik, qurultay nümayəndələri seçiləcək.

Nizamnamə və proqramımız çoxdan yazılıb, amma 3 il ərzində çox şey dəyişib, sənədlərdə də dəyişiklik edəcəyik. Ortaya planlaşdırılmayan, nəzarətimizdə olmayan başqa işlər çıxır. Ona görə də dəqiq tarix demək çətindir. Qurultayın nə zaman keçiriləcəyi İdarə Heyətinin qərarından asılıdır”.

E.Qədirli REAL-ın təsis qurultayına digər partiya sədrlərinin çağırılmasının tərəfdarı deyil: “Əslində, bunun önəmini görmürəm. Yubiley, bayramsayağı qurultay olanda kimlərisə dəvət etmək olar. Amma təsis qurultayına qonaq çağırmaq lazım deyil. Gərgin müzakirələrin keçiriləcəyi qurultay olacaq. Nizamnamə, proqram qəbul olunmalı, rəhbər orqanlar seçilməlidir. Çox emosional, geniş müzakirələr keçiriləcək. Ona görə də başqa partiya sədrlərinin qurultaya dəvət etməyin tərəfdarı deyiləm. Qonaq bizim qurultaya gəlib ya darıxacaq, ya da elə söz deyəcək ki, ara qarışacaq”.

O, Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseynin “Azərbaycan Naminə Həmrəylik” adlı hərəkat yaratmaq təşəbbüsünə də münasibət bildirib: “Pənah Hüseynin kimlə birləşmək istədiyini bilmirəm, buna görə də şərh vermək istəmirəm. Biz REAL olaraq indiki mərhələdə hansısa partiyalarla təşkilati formada birləşməyi düşünmürük. Hələ ki enerjimizi partiya quruculuğuna sərf edirik. Başqa partiya və ya ictimai təşkilatla birləşib hansısa format altında işləməyi planlaşdırmırıq. Vaxt və digər resurslarımızı xərcləmək niyyətində deyilik. Ona görə də partiya quruculuğuna fokuslanmışıq. Gələcəkdə nələrin olacağını indidən demək olmur. Əgər vəziyyət indiki kimi qalacaqsa, onda Pənah Hüseynin ideyası da gerçəkləşməyəcək. Çünki müxalifət birləşmək üçün çox cəhd edib, xeyli formatlar olub, amma önəmli uğurlara nail ola bilməyiblər. Hazırki situasiyada birləşmək üçün zəmin də yoxdur. Gələcəkdə nələr olacağını deyə bilmərəm”.

Nərgiz


Müəllif: