Terrorçuları dəstəkləyən qurum dövlətçiliyi heçə saydı
Noyabrın 26-da Nardaranda baş verən hadisəyə siyasi qüvvələr fərqli mövqe sərgiləyir. Bəzi müxalifət təşkilatları bu olayın üzərindən sükutla keçir, bəziləri baş verənləri qınayır, xüsusilə dinin siyasiləşdirilməsini, sonrakı mərhələdə radikal xəttə keçməsini, silaha əl atılmasını və nəticədə polis əməkdaşlarının öldürülməsini qətiyyətlə pisləyir.
Lakin adəti üzrə ölkədə özünü yeganə müxalifət hesab edən Milli Şura adlanan qurum hadisələrdən maraqlarına uyğun formatda istifadə etməyə çalışır, bu zaman müstəqillik, milli təhlükəsizlik kimi məsələləri nəzərə alınmır. Hətta bir qədər irəli gedilərək bu kimi situasiyalardan hakimiyyətə və ölkədə həyata keçirilən tədbirlərə ləkə yaxmağa çalışılır.
Bu hal Azərbaycanda keçirilən "Avroviziya" mahnı müsabiqəsi, Avropa Oyunları zamanı da özünü açıq formada büruzə vermişdi.
Görünən budur ki, Milli Şura hər bir məsələdə hökumətə, bəzən dövlətə qarşı ləkə yaxmaqdan çəkinmir. Hətta iş o yerə gəlib çatıb ki, aparılan islahatlardan da hakimiyyətə qarşı istifadə olunur. Baxmayaraq ki, bir müddət əvvəl məhz Milli Şura adlı qurumda təmsil olunan şəxslər islahatlar haqqında mətbuata gen-bol müsahibələr verir, bunun vacib olduğunu ifadə edirdilər. Lakin müşahidə olunan budur ki, məqsəd ölkənin inkişafı, firavanlıq, yaxşı sosial təminatın yaradılması deyil, hər bir fürsətdən istifadə etməkdir. Bu yolun uğursuzluğa düçar olacağına heç bir şübhə yeri qalmır. Çünki yalan üzərində aparılan siyasət sonda iflasa məhkumdur.
Milli Şuranın son illər fəaliyyəti göstərir ki, bu qurum Azərbaycanın nüfuzunu zədələmək üçün xarici anti-Azərbaycan qüvvələrin pozucu fəaliyyətinə, ermənilərə və terrorçulara da bəraət qazandırmağa hazırdır. Təsadüfi deyil ki, bu qurum və onun başında duran anti-milli ünsürlər, onların nəzarətində olan media vasitələri "Müsəlman Birliyi Hərəkatı" adlanan terrorçu təşkilatı müdafiə edib, hətta bu təşkilatın üzvləri tərəfindən iki polisin qətlə yetirilməsinə bəraət qazandırmağa çalışıb.
Nardaranda terrorçuların fəaliyyəti nəticəsində yaranmış vəziyyəti guya əhali ilə hakimiyyətin qarşıdurması kimi qələmə verən Milli Şura bundan öz anti-milli fəaliyyətinə bəraət qazandırmaq üçün istifadə edib və yararlanmağa çalışıb. Bununla Milli Şura Azərbaycan dövlətinin maraqlarına düşmən münasibətini büruzə verib və terrorçularla həmrəy olduğunu açıq göstərib.
Milli Şura nəinki ən ciddi qınaq obyektinə çevrilməli, onun terrora dəstək verən başçıları da məsuliyyətə cəlb olunmalıdırlar. Əslində, Milli Şuranın Azərbaycanı sevməyən qüvvələrə dəstək verməsi və ya pas ötürməsi halı ilk dəfə deyil. 2013-cü il prezident seçkiləri zamanı Milli Şura adlanan qurum "Milyarderlər İttifaqı" adlı təşkilatla ünsiyyət yaratmağa cəhd etmişdi. Düzdür, sonda hər iki qurum zəifləyərək sıradan çıxmışdı. Lakin təhlillər göstərir ki, Milli Şuranın anti-Azərbaycan fəaliyyəti ara vermir. Bir müddət əvvəl Milli Şuranın rəhbərliyi Taleh Bağırzadəni açıq müdafiə etmişdi.
Həmin zaman sosial şəbəkələrdə bu fakt ciddi müzakirə olunmuş, Milli Şura rəhbərliyinə ciddi iradlar irəli sürülmüşdü. Bu qurumun guya sökəndiyi iddia etdiyi demokratik dəyərlərin şəriət dəyərlərinə qurban verildiyi açıq ifadə olunmuşdu. Bundan dərhal sonra şura rəhbərliyi açıqlama vermiş, guya bu məsələlərə qarşı olduğunu bildirmişdi. Nardaranda baş verən olaylar günü Milli Şuraya bağlı media da fəaliyyətindən qalmamış, Nardaranda baş verən hadisələri daha çox qəsəbə sakinləri ilə hakimiyyət arasında "qarşıdurma" kimi təqdim edərək bundan siyasi dividendlər qazanmağa cəhd göstərmişdi.
Təbii ki, bütün bunlar Milli Şura rəhbərliyinin xeyir-duası ilə ərsəyə gəlmişdi. Dünyanın heç bir ölkəsində özünü müxalifət elan edən qüvvə dövlətin güvənliyini qoruyan polisin və digər xüsusi xidmət orqanlarının əməkdaşlarının öldürülməsinə haqq qazandıra bilməz. Ümumiyyətlə, belə bir təcrübə mövcud deyil. Lakin Nardaranda dini-ekstremist qrupa qarşı aparılan əməliyyat zamanı qətlə yetirilən polis əməkdaşlarının öldürülməsinə Milli Şura az qala haqq qazandırmağa çalışmışdı, bundan əvvəl isə şura rəhbərliyi formatında Taleh Bağırzadə müdafiə olunmuşdu. Belə görünür ki, əslində, siyasi düşüncə, dövlətçilik, Vətənə bağlılıq baxımından Milli Şura rəhbərliyi ilə "Müsəlman Birliyi Hərəkatı" adlanan təşkilat arasında ciddi fərqlər mövcud deyil. Bu qurum Azərbaycanın əleyhinə hətta şeytanı müdafiə etməyə hazır kimi görünür. Hazırda isə ölkəmizin 20 faiz ərazisi məhz separatçılar tərəfindən işğal altındadır.
Cavidan