Əliməmməd Nuriyev: “Bu təşkilat Azərbaycanla bağlı bütün dinləmələr zamanı ən kəskin münasibəti bildirməkdən çəkinmir”
ABŞ-ın NED təşkilatı Azərbaycanda fəaliyyət göstərən bir sıra QHT-lərə ötən il 871 578 dollar qrant ayırıb. Amma təşkilatın rəsmi internet saytında Ermənistan və Gürcüstandan fərqli olaraq qrant ayrılan Azərbaycandakı QHT-lərin adları qeyd edilməyib.
Məsələyə münasibət bildirən və onu ictimailəşdirən Vətəndaşların Əmək Hüquqları Liqasının sədri Sahib Məmmədov deyib ki, bir çox donorlar müvafiq qanunvericiliyə edilən dəyişiklikdən sonra üçüncü ölkələr vasitəsilə Azərbaycan QHT-lərini və yaxud Azərbaycana yönəlik layihələri maliyyələşdirməkdə davam edirlər: “Məsələn, Avropada bir çox təşkilatlar Azərbaycanla bağlı qrantlar alırlar. Bu qrantlar insan hüquqlarının vəziyyəti, Azərbaycana təsir etmək üçün lobbiçilik fəaliyyətinin həyata keçirilməsi ilə bağlıdır. Avropada təxminən 4-5 təşkilat anti- Azərbaycan təşviqatı ilə bağlı 20-25 milyon dollar pul alıblar. Bu baxımdan donorların Azərbaycanla bağlı fəaliyyəti davam edir. Sadəcə, xarici donorların verdiyi qrantların qeydiyyatı olmadığı dövrdə də hansısa gizli maliyyələşmələr var idi. Amma indi tam pərdəarxası olub və burada heç bir sirr yoxdur. Məsələn, NED-in Azərbaycan üçün ayırdığı qrantlardan hətta 2014-cü ildə bir neçəsi Ədliyyə Nazirliyində qeydiyyata da alınıb. Ancaq sonra icrası mümkün olmayıb. Yaxud da icrası başqa istiqamətə dəyişdirilib, tutaq ki, üçüncü ölkələr vasitəsilə maliyyələşdirilib, oradakı tədbirlər başqa bir tədbirlərlə əvəzlənib.
Belarusda xarici donorlardan maliyyələşmə ilə bağlı daha ciddi tələblər var. O cümlədən Rusiya, Mərkəzi Asiya ölkələrinin üçüncü ölkələr tərəfindən maliyyələşdirilməsi geniş yayılıb. Yeri gəlmişkən, uzun müddət Özbəkistan QHT-lərinin maliyyələşməsi Azərbaycan üzərindən həyata keçirilib. Heç də əsas deyil ki, həmin vəsaitlər qeyd edilən ölkələrə göndərilsin. Bəzən həmin ölkələrə yönələn layihələr ölkədən kənarda da keçirilə bilir. Bu mənada bizim üçün Gürcüstan mühüm rol oynayır. Burada çoxsaylı variantlar var. Deyək ki, o təşkilatların rəhbərləri xarici təşkilatın eksperti kimi fəaliyyət göstərirlər və hansısa ölkənin bankında onun adına kredit kartı açılır, maliyyə əməliyyatları Azərbaycanın hüdudlarından kənarda həyata keçirilir”.
S.Məmmədovun sözlərinə görə, Azərbaycan sərhədindən 10 min manata yaxın məbləği rahat şəkildə keçirmək olur: “Pulu alan şəxs bunu özü etmir, başqası vasitəsilə ölkəyə keçirir. Biz bütün bunlar barədə əvvəlcədən müvafiq qurumlara məlumatlar hazırlayıb vermişik ki, bunlar gözləniləndir. Mətbuatda gedən məlumatları ned.org saytından götürüb yaymışdım. O biri donorların da saytlarına daxil olsaq, yəqin ki, həmin mənzərəni orada da görəcəyik.
Amerikanın Demokratiyaya Dəstək Fondu-NED 2013-cü ilə qədər qrant ayrılan təşkilatların adlarını qeyd edib. Qanunda edilən düzəlişlərdən xeyli əvvəl Belarusa, Türkmənistana münasibət necə idisə, Azərbaycana qarşı münasibət də belə idi. NED-in öz internet səhifəsində təşkilatın və layihənin adı yazılmayıb, ancaq layihənin istiqaməti göstərilir. Emənistan və Gürcüstanla bağlı isə bütün informasiyalar öz əksini tapıb. Onlar hesab edir ki, bu təşkilatların adı yazılsa, sabah onlara qarşı ən azı inzibati məsuliyyət yaranır. Yəni, onlar qrant vəsaitlərini alıblar və bunu qeydiyyatdan keçirmədən sərf ediblər. Bu da çox ciddi maliyyə sanksiyaları ilə və yaxud inzibati məsuliyyətlə müşahidə olunur. Ona görə də həmin təşkilatların adlarını yazmırlar”.
“Konstitusiya” Araşdırmalar Fondunun rəhbəri Əliməmməd Nuriyev hələ bir müddət əvvəl, Avropa Oyunları ərəfəsində NED-in siyahını açıqladığını diqqətə çatdırıb: “Həmin vaxt bu təşkilat tərəfindən Azərbaycan QHT-ləri ilə bağlı yalnız həyata keçirdikləri layihələrin istiqamətlərinin qeyd olunduğunu bildirmişdim. Digər məlumatlar isə yox idi. Hər şeydən əvvəl belə məsələlərdə şəffaflıq çox vacibdir. Çünki bu layihələrin kimə verilməsi, yekunda hansı nəticələrin əldə olunması və sair barədə ən azından ictimaiyyətin məlumatlandırılmasına ehtiyac var. Belə çıxır ki, bu NED tərəfindən qapalı formada təqdim olunur, layihələrin ünvanlılığı göstərilməyib. Bu, yetərincə çoxsaylı suallar yaradır. Səhv etmirəmsə, 25 layihəyə verilən pul böyük məbləğdədir. Bundan əvvəl də bu təşkilatın verdiyi layihələrlə bağlı çoxlu suallar yaradan məqamlar var idi. Çünki bu layihələr yalnız müəyyən qrupa verilib və faktiki olaraq onlar bu layihələr üzərində monopoliya təşkil edirdi. Eyni zamanda layihələrin məzmununa baxdıqda görərik ki, bu da birbaşa həssas məsələlərə yönəlib və çoxsaylı suallar yaradır. Bu da haqlı olaraq digər QHT-lərin narazılığına səbəb olurdu. Çünki digər QHT-lər var ki, peşəkarlığı ilə heç də bu qrant layihələrini keçirən təşkilatlardan geri qalmır. Əgər bu layihələr davamlı olaraq eyni təşkilatlara yönəldilirsə, onda burada başqa məqsədlər barədə danışmaq mümkündür”.
Ə.Nuriyev deyib ki, NED təşkilatının Azərbaycana münasibəti heç kəsə sirr deyil: “Bu təşkilat Azərbaycanla bağlı bütün dinləmələr zamanı ölkəmizlə əlaqədar ən kəskin münasibətini bildirməkdən çəkinmir. Vətəndaş cəmiyyətin özü şəffaflığın seqmentidir və ona görə də bu istiqamətdə verilən layihlər tam şəffaf olmalıdır. Əgər şəffaflıq yoxdursa, onda burada korrupsiya ilə bağlı məqamlara şübhələr yaranır. Onlar bunu həmin təşkilatların təhlükəsizliyi ilə bağlayırlar. Lakin bu gün Azərbaycanda istənilən mövzu ilə bağlı layihələr həyata keçirmək mümkündür.
Əminəm ki, Amerika vergi ödəyicilərinin də NED-ə sualları yarana bilər ki, bizim verdiyimiz bu vəsait necə xərclənir, kimlərə verilir. Əgər verilən məbləğlərin ünvanı gösətirilmirsə və qrant alan təşkilatın məxsus olduğu ölkədə bu, qeydiyyatdan keçmirsə, vergidən yayınır. Halbuki, ABŞ qanunvericiliyinə görə vergidən yayınma cinayət məsuliyyəti yaradır”.
BƏXTİYAR