3 Dekabr 2015 12:07
539
12 Punto 14 Punto 16 Punto 18 Punto

Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) Ali Məclisinin sədri Bəybala Əbil parlament seçkiləri sonrası partiyanın qarşısında duran hədəflərdən danışıb.

Onun sözlərinə görə, KXCP üzvləri seçkinin nəticələrini müzakirə edir: "Uğurlarımız və uğursuzluqlarımız barədə fikir mübadiləsi aparırıq, təşkilatlanma işi üzərində çalışırıq".

B.Əbil deyib ki, parlament seçkilərinə yönəlik yaradılmış və KXCP-nin təmsil olunduğu "Azadlıq-2015" seçki blokunun fəaliyyətinə xitam verilsə də, hələ də təşkilatdakı siyasi partiyalar bir-biri ilə əlaqədədir: "Həmin blok seçki ilə bağlı yaranmış blok idi, fəaliyyətinə son verilib. Amma orada təmsil olunan partiyaların həftədə bir dəfə yığıncağı keçirilir, seçkidən sonrakı vəziyyət müzakirə olunur. Adətən, seçkidən sonra bloklar dağılır. "Azadlıq-2015" bloku fəaliyyətini dayandırsa da, qeyd etdiyim kimi həmin partiyaların məsləhətləşmələri davam edir. Bu, gələcəkdə partiyaların müəyyən istiqamətdə hərəkət etməsi üçün işartıdır. Partiyaların hansı formada qarşılıqlı fəaliyyəti istiqamətində müəyyən məsləhətləşmələr aparılır. Amma konkret bir nəticə yoxdur. Hələ bu məsələlər müzakirə mərhələsindədir".

Onun fikrincə, KXCP hər hansı siyasi blok şəklində fəaliyyətin tərəfində deyil: "Amma digər partiyalarla müəyyən məsələlərdə müzakirələr aparır, ikitərəfli əməkdaşlıq edirik. Elə format ola bilər ki, orada iştirak edə bilərik. Amma KXCP rəhbər strukturları siyasi blok şəklində fəaliyyətə razı deyil. Ancaq müzakirələrə də açığıq".

KXCP Ali Məclisinin sədri partiya üzvlərinin Milli Şuradakı üzvlüyünə də toxunub: "Milli Şura 2013-cü il seçki ilə bağlı yaranmış təsisat idi. Partiyamızdan 10 nəfər orada iştirak edirdi. Sonra elə şərait yarandı ki, qurumda təmsil olunmadıq. Seçki ilə bağlı yaranmış qurum idi, oraya üzvlüyə daxil olduq, hazırda faktiki olaraq Milli Şuranın üzvü deyilik. Seçki ilə bağlı yaranan qurumlar seçkidən sonra fəaliyyətini dayandırır. Məsələn, "Azadlıq-2015" blokundan partiya üzvləri ərizə yazıb çıxdımı? Proses qurtardı, blok fəaliyyətini dayandırdı. Ərizə yazıb deməmişik ki, çıxırıq, eləcə də, Milli Şuraya hansısa xəbərdarlıq etməmişik, daha quruma üzv deyilik. Bilmirik, bizi çıxarıblar ya yox, amma faktiki olaraq bu qurumda təmsil olunmuruq".

O, Milli Şuradakı fəaliyyətinə görə KXCP sədrinin siyasi məsələlər üzrə müavinliyindən azad edilən və hazırda həmin qurumda təmsil olunan KXCP üzvü Oqtay Gülalıyev barədə danışmaq istəmədiyini deyib: "Oqtay bəyin sədrin müavini vəzifəsindən azad olunması ilə bağlı məsələ haqda özünün danışması daha yaxşı olardı".

B.Əbil əlavə edib ki, KXCP üzvləri sırasında yalnız Oqtay Gülalıyevin Milli Şurada təmsilçiliyi qalıb.

NƏRGİZ


Müəllif:

Oxşar xəbərlər