8 Dekabr 2015 11:28
965
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan və Ermənistan prezidentlərinin növbəti görüşünün olacağı xəbəri yayılıb. ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlik Tvitter səhifəsində birbaşa təmasın dekabrın sonunda reallaşa biləcəyini ümid etdiyini yazıb.

Lakin görüşün harada, hansı şəhərdə baş tutacağı haqda hələ ki, heç nə bilinmir. Dekabrın ortalarında ən mühüm tədbir kimi Avropa Birliyinə (AB) üzv ölkələri Şurasının illik toplantısı gözlənilir. Əgər Azərbaycan və Ermənistanın dövlət başçıları həmin tədbirə qonaq qismində dəvətlidirlərsə, o zaman güman eləmək olar ki, görüş AB-nin sammiti çərçivəsində baş tutacaq.

Ümumiyyətlə, regionda baş verən gərginlik, xüsusilə, Rusiya və Türkiyə arasında baş verən son hadisələrdən sonra belə bir görüşün baş tutub-tutmayacağı diqqət mərkəzindədir.

Məsələyə münasibət bildirən millət vəkili Elşən Musayev deyib ki, Prezident İlham Əliyev hər zaman Dağlıq Qarabağ münaqişəsinin həllinin vacibliyini vurğulayır: "Ölkə başçısı bu münaqişənin həlli ilə bağlı ətraflı fikirlərini qeyd edib və vurğulayıb ki, Dağlıq Qarabağ münaqişəsinin həllində bütün diplomatik variantları sonadək yerinə yetirməyə hazırıq. Lakin hərb yolu da istisna olunmur. Bu gün Azərbaycan öz hərbi qüvvəsini, ordusunu gücləndirməklə bu məsələdə hazır vəziyyətdə dayanıb. Sadəcə, beynəlxalq güclər kontekstində təzyiqlər də var. Hələ ki diplomatik yolları incəliyirik ki, sonradan ikili standartlarla çıxış edən beynəlxalq qüvvələr bizə tələb qoymasınlar ki, niyə müharibə yolunu seçdiniz, yollar var idi və s.

Bu məsələyə Türkiyə-Rusiya gərginliyi kontekstində münasibətə gəlincə, ilkin olaraq qeyd edim ki, hər iki dövlət arasında vasitəçiliklə bağlı Azərbaycan təklifini edib. Türkiyənin Baş naziri Əhməd Davudoğlu ölkəmizə səfərində də Azərbaycan tərəfinin verdiyi bəyanatda bir cümlə var idi ki, "biz Türkiyənin yanındayıq". Hesab edirəm ki, bu, artıq hər şeyi deyir.

Ümumiyyətlə, son 10 ildə baş verən siyasi proseslərin, Rusiyanın Ermənistana köməyi fonunda prezidentlərin görüşü alına bilərmi, nəticəsi ola bilərmi? Fikrimcə, bunu zaman göstərəcək. Çünki bu gün beynəlxalq aləmdə bir-birinə bağlı hadisələr baş verir ki, ümumiyyətlə, beynəlxalq mənzərənin necə olacağını təsvir edə bilmərik. Hesab edirəm ki, Azərbaycan Türkiyənin yanındadır, eyni zamanda, bu məsələlərdə Türkiyə təxribata çəkilib. Düşünmürəm ki, bu ziddiyət Dağlıq Qarabağ məsələsinin həllində hər hansı bir faktor kimi ortalığa çıxsın. Çünki Qarabağ probleminin həlli mərhələli bir prosesdir. Bu prosesin həlli yollarında çox müxtəlif hadisələr baş verib. Ötən müddət ərzində bizim Rusiya ilə münasibətlərimizin pisləşməsini seyr etmişik. Hətta Türkiyə ilə aramızda müəyyən narazılıqlarımız olub. Amma nəticə etibarı ilə bu hadisələrin Qarabağ məsələsinə aidiyyatı olmayıb".

E.Musayev vurğulayıb ki, prezidentlərin görüşünün baş tutub-tutmayacağı ilə bağlı konkret rəy vermək mümkün deyil: "Azərbaycan nə Rusiyanın, nə də Türkiyənin düşməni deyil, sadəcə, istəyir ki, Dağlıq Qarabağ problemi həll olunsun. Görüşün olub-olmayacağı ehtimalını deməkdə çətinlik çəkirəm. Çünki bu məsələyə dövlət başçıları rəy verir, münasibət bildirir. Yəni bu sırf onların iradəsindən asılı olan məsələdir".

Politoloq Qabil Hüseynli bildirib ki, ATƏT-in amerikalı həmsədri Ceyms Uorlik hər zaman nikbin bəyanatlar verir: "Mən özüm də indiyə qədər bu hadisələr haqqında nikbin düşünürdüm. Amma son Türkiyə-Rusiya münasibətlərinin gərginləşməsindən sonra nikbin proqnozlar vermək xeyli çətinləşir. Əvvəla, prezidentlər Parisdə görüşməli idilər. Bu görüşün baş tutması üçün həmsədrlər kifayət qədər iş aparmışdı və gündəliyə də Dağlıq Qarabağın hüdudlarından kənardakı rayonların Madriddə qəbul olunmuş mərhələli plan üzrə geriyə qaytarılması məsələsi daxil edilmişdi. Amma orada Ermənistanın ucbatında danışıqlar baş tutmadı. Ümumiyyətlə, indiyə qədər olan danışıqlar prosesində ya ermənilər danışıqları boykot ediblər, ya da bu məsələdə qeyri-konstruktiv mövqe tutublar. İndiki gərgin şəraitdə inanmıram ki, prezidentlərin görüşünü təşkil etmək mümkün olsun".

Q.Hüseynli əlavə edib ki, Azərbaycan Prezidenti də hər zaman qeyd edir ki, "danışıqlar naminə danışıqlar aparmaq olmaz, nəticəsiz danışıqlarda bundan sonra iştirak etməyəcəyik". Onun fikrincə, ola bilsin ki, ekspertlər səviyyəsində prezidentlərin görüşü ilə bağlı məsələlər bir daha müzakirə ediləcək: "Əgər Ermənistan qeyri-konstruktiv, yəni, Dağlıq Qarabağın statusunun həll edilməsi və ya qondarma Dağlıq Qarabağ nümayəndələrinin danışıqlara dəvət edilməsi kimi məsələlər ortaya atarsa, deməli, Ermənistan əvvəlcədən razılaşdırılmış sənədlə deyil, yeni təlimatlarla hərəkət edir. Belə olan halda da çətin ki, Azərbaycan Prezidenti danışıqlarda iştirak etsin. Hər şey Ermənistanın konstruktiv mövqeyindən asılıdır. Eyni zamanda, Rusiyanın da məsələyə konstruktiv münasibəti vacibdir".

Q.Hüseynli deyib ki, status-kvonun dəyişəcəyi təqdirdə danışıqlar baş tuta bilər: "Bu halda danışıqlar ölü nöqtədən tərpənər və irəliləyiş əldə olunar. Amma təəssüflər olun ki, indiki beynəlxalq şərait qeyd etdiklərimizə imkan vermir".

BƏXTİYAR


Müəllif: